"Ölkədə mövcud olan bütün ali və orta ixtisas təhsil müəssisələrində təhsil ödənişsiz olsun istərdik, amma bu hazırda müəyyən səbəblərdən dolayı reallıqdan kənar istəkdir. Buna baxmayaraq dövlət tərəfindən son illər mühüm qərarlar qəbul edilir".
Tehsil.biz xəbər verir ki, bu fikirləri təhsil eksperti Elçin Əfəndiyev bildirib.
Onun sözlərinə görə, təkcə bu il 30 000 tələbə pulsuz təhsil almaq imkanı əldə edə biləcək:
"Halbuki 2013-cü ilədək ümumi plan yeri təxminən 30 000 idi. 2024/2025-ci tədris ili üçün 30 000 tələbə birbaşa dövlət sifarişi üzrə təhsil ala biləcək. Nəzərə alsaq ki, sosial-həssas qrupa daxil olan, yəni imtiyazları olan tələbələr də var (məcburi köçkün statusu olanlar, I və II qrup əlliliyi olanlar, valideynlərini itirənlər, 23 yaşadək sağlamlıq imkanları məhdud olanlar, şəhid övladları və s.) o zaman demək olar ki, ali təhsil müəssisələrinə ayrılan təxminən 65 000 plan yerindən 40 000-i üzrə tələbələr ödənişsiz təhsil alacaqlar. Bu olduqca müsbət və mütərəqqi haldır".
Ekspertin sözlərinə görə, son illər ən düzgün qərarlardan biri də məhz Tələbə Təhsil Krediti Fondunun yaradılması oldu ki, bu da maddi imkansızlıq ucbatından təhsilini dayandırmaq məcburiyyətində qalan tələbələrə böyük dəstəkdir:
"Kredit iki kateqoriyadadır: standart və sosial. Standart kredit əsasən, akademik göstəricisi yüksək olan tələbələrə verilir. Bunun üçün onlar qəbul olduqdan sonra ən azı bir semestr təhsil almalıdırlar ki, standart kreditin tətbiq olunub-olunmaması müəyyənləşsin. Digər növ, yəni sosial kredit isə ali təhsil müəssisəsinə qəbul olduğu andan müraciət əsasında təyin oluna bilən kredit növüdür. Burada da yenə əhalinin sosial-həssas qrupuna daxil olan tələbələrə güzəştli şərtlərlə kredit verilir".
Kənan Nağıbəyli