Logo

Müəllimlərin işə qəbulu və problemlər - TƏHLİL + FOTO

21.05.2024 12:34 714 baxış
IMG

"Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında səhv sualların olması əvvəllər tək-tək hallarda rast gəlinirdisə, son illərdə səhv sualların sayında artım var, hətta keçən il MİQ suallarında sızma da oldu. Yəni sualların bir çoxu bu sualları hazırlayan kurs tərəfindən “nümunə” sual kimi öncədən açıqlandı. Düzdür, həmin kurs bunu texniki səhv olaraq etiraf etsə də, artıq cəmiyyətə lazım olan mesaj verilmişdi. Həmin mesaj bundan ibarət idi ki, "MİQ suallarını biz hazırlayırıq - MİQ və Sertifikasiyaya hazırlıq zamanı bizi seçin”. Plan baş tutdu və həmin kursa müraciət edənlərin sayı artdı".

Tehsil.biz xəbər verir ki, bunları təhsil eksperti Elşən Qafarov bildirib.

Ekspert bildirib ki, qeyd olunanların nəticəsində 34 şöbədən ibarət olan Azərbaycan Respublikasının Təhsil İnstitutunun deyil, MİQ hazırlığı ilə məşğul olan bir kursun, təbii ki, müqavilə əsasında sualları hazırlaması açıq-aydın ortaya çıxdı: "MİQ müsabiqəsi artıq bir neçə ildir ki, biznes layihəyə çevrilib. Belə ki, pedaqoji sahədə kadr hazırlayan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində 240 kreditlə müəyyən olunan kadr hazırlığı həyata keçirilir. Yəni ömrünü müəllimliyə həsr etmək istəyən Azərbaycan gənci 4 il həmin 240 kredit əsasında yaxşı-pis pedaqoji, psixoloji və bu sahə ilə əlaqəli digər bilik və bacarıqlara yiyələnir, bakalavr səviyyəsi üzrə diplom alaraq əmıək fəaliyyətinə başlamaq üçün MİQ müsabiqəsinə sənəd verir. Müsabiqədə isə onu satışı rekord qıran, əl-əl axtarılan məlum bir kitabda hər il yenilənən suallar gözləyir. Bu proses biznes deyil bəs nədir? Biz ölkənin ən vacib müsabiqəsinin üzərində qurulan bu oyunun qarşısını ala bilmirik və ya niyə almaq istəmirik?"

"İnsafən MİQ müsabiqəsi 2011-ci ildən başlayaraq bu günə qədər gəldiyi 14 ildə kifayət qədər təkmilləşib, populyarlaşıb, amma müsabiqə ilə bağlı burada danışdıqlarımız və cəmiyyətdə gəzən bir çox neqativ hallarla bağlı söz-söhbətlərdən də kənar deyil", - deyə vurğulayıb.

Elşən Qafarov (təhsil eksperti)

Elşən Qafarov bildirib ki, MİQ müsabiqəsinin keçirildiyi 14 ildə müsahibə mərhələsinin meyarları hələdə formalaşmayıb: "Müsahibə komissiyasının üzvlərinin subyektiv fikirləri əsasında qiymətləndirilmənin aparılması nə dərəcədə doğrudur? Eyni vəziyyət sertifikasiyanın müsahibə mərhələsində də müşahidə olunur. İbtidai sinif müəllimlərinin MİQ müsahibəsində illərdir ki, ciddi yanlışlıqlara yol veririk və bunu düzəltmək fikrimiz yoxdur. Belə ki, ümumitəhsilin, eləcə də təhsilimizin ən vacib səviyyəsi olan ibtidai təhsil səviyyəsində həlledici şəxs olan ibtidai sinif müəllimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın 9.2-ci bəndində göstərilmiş 9 fəndən 7-sini tədris etdiyi halda biz onları cəmi 2 fəndən (tədris dili və riyaziyyatdan) imtahan edirik. (İbtidai sinif müəllimlərini sertifikatlaşdırılması prosesində də eyni vəziyyətdir).

Mən hələ MİQ müsabiqəsində, Əmək qanunvericiliyinə (konkret olaraq Əmək Məcəlləsinin 58-ci maddəsinin tələblərinə) zidd olaraq əlavə iş yerinin daimiləşməsi, Müəllimlərin Yerdəyişməsi, Müəllimlərin Qarşılıqlı Yerdəyişməsi, Şəhid ailələri üçün Yerdəyişmə adlanan törəmə müsabiqələrin keçirilməsindən danışmaq istəmirəm.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında“ normativ sənədlə müəyyən olunmuş həvəsləndirmə tədbirlərinin 35 yaşadək bir dəfə istifadə olunması da qanunvericiliyə ziddir.Həmin Qərarda həvəsləndirici tədbirlərin 35-yaşadək olan kənd rayonlarında işləməyə gedən gənc pedaqoqlara şamilolunmasını göstərir, bu tədbirlərin bu yaş həddinə qədər cəmi bir dəfə istifadə edə biləcəyi məhdudiyyəti yoxdur. Regionlara göndərilən müəllimlərlə , onları həmin məktəblərə göndərən, MİQ-i keçirdən orqan olaraq maraqlanmamağımızın nəticəsidir ki, bir çox hallarda həmin kadrlar yerlərdə ya sıxışdırılması səbəbi ilə  ya da özləri yerlərdə məktəb rəhbərləri ilə “ razılaşaraq” əmək haqqı kartlarını direktora “təhvil” verib Bakı və digər mərkəz şəhərlərdə kurslarda və ya fərdi repititroluqla məşğul olurlar. Prosesə nəzarət sistemli deyil".

Kənan Nağıbəyli

Xəbər lenti