Mənəvi ömrünü bugünkü günə qədər yaşadan, ancaq qısa siyasi ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti dünyanın böyük coğrafi xəritəsində demokratik prinsiplərə sadiq qalaraq bəşər dövlətləri tarixində özündən sonra böyük iz qoymağı bacarmışdır. Ən əsası Xalq Cümhuriyyəti dövlətçilik ənənələrimizin formalaşmasının ilkin rüşeymi hesab olunur.
İyirmi beş il bundan öncə Heydər Əliyev 1998-ci ilin 30 yanvar tarixində "Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında" Sərəncam imzalamışdır. Bundan bir il öncə Xalq Cümhuriyyətinin 79-cu ildönümü münasibətilə təntənəli yığıncaq da keçirilmişdir. Bu tarixi Sərəncam həmin dövr üçün olduqca dəyərli hesab edilir, hər bir azərbaycanlı üçün qiymətli gün kimi hər zaman xatırlanır. Düşünsək ki, Azərbaycan SSRİ-nin tərkibində 71 il müddət ərzində öz müstəqilliyindən ayrı düşüb, onda bu hadisənin də dəyərinin qiymətsizliyini anlamaq helə də çətin olmaz. Doğrudur, Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi zamanlarda xalq özünün milli varlığını bacardığı qədər qoruyub yaşada bilmişdir. Fəqət müstəqil Azərbaycan Respublikasında cümhuriyyətçilik dəyərlərini və ideyalarını yaşatmağın qüruru, ucalığı isə tamamilə fərqlidir. Bütün bunlar xalqın talehinə yazılmış ən böyük xoşbəxtlikdir.
İstəyirəm ki, elə buradaca iki əlahəzrət faktı xatırlayaq: 1918 -ci ildə Xalq Cümhuriyyətinin təməli qoyulmasaydı, Azərbaycan Sovet İttifaqından suveren respublika kimi ayrıla bilməyəcəkdi. Bir də Azərbaycan öz müstəqilliyini qoruyub saxlaya bilməsəydi, öz sələfi Xalq Cümhuriyyəti ənənələrini heç vaxt rəsmi şəkildə qeyd edə bilməzdi. Bu mənada Heydər Əliyev söyləyirdi ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq, möhkəmlənirmək ondan da çətindir...
1918 -ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını ilk dəfə Naxçıvan Ali Məclisinin sessiyasında 70 ildən sonra sonsuz səmalara qaldıran Heydər Əliyev bununla da sələflərinin şərəfli missiyasını davam etdirmişdir. Bu müqəddəs başlanğıcdan sonra həm gələcək müstəqilliyimizi, həm də cümhuriyyətçilik dəyərlərini və ideyalarını qorumuş olduq.
Əbədiyaşar Heydər Əliyevin cümhuriyyətçilik ənənələrini, dəyərlərini Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileylərinin keçirilməsi, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında verdiyi Sərəncamlarla yaşatmış, bu dəyərə öz sadiqliyini hər zaman göstərmişdir. Bununla belə 2004 -cü ildə Xalq Cümhuriyyəti Ensiklopediyasının birinci cildinin, bir il sonra ikinci nəşrinin işıq üzü görməsi də olduqca xoş və tarixi hadisə idi. Bakı şəhərində Azərbaycan Xalq Cümhuriyyətinə abidənin ucaldılması isə cümhuriyyətçilərin ruhuna ehtiramın ən ali təzahürünə çevrildi.
Bu gün doğma Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc tarixçilər" dərnəyinin təqdimatında Yeni tədris binası dairəvi akt zalında "Azərbaycan Xalq Cümhuriyyəti - 106 illik tarix" adlı görüş keçirildi. Tarix fakültəsinin Mənbəşünaslıq, Tarixşünaslıq və Metodika kafedrasının müdiri, professor Anar İsgəndərovun Azərbaycan Xalq Cümhuriyyətinin cahanşümul fəaliyyəti və bugünkü müstəqil Azərbaycanın tarixi Haqq Savaşında qazandığı qələbənin kökündə dayanan milli qürur, milli kökə bağlılıq barədə məruzəsi zamanı zala sükut çökmüşdü.
Tələbələrin dünənki və bügünkü şanlı tarixlərinə bir könüldən min könülə bağlılığını görən Anar İsgəndərov onlara sayğıya görə təşəkkürünü elə tribunadan bildirdi. Digər bir məqam da üç dildə (Azərbaycan, Rus, İngilis) söylənilən tələbə mühazirələri oldu. Vaxtilə Xalq Cümhuriyyətini de fakto tanıdan qurucu babalarımız dünya tribunalarında müxtəlif dillərdə çıxış etmişdir ki, bu gün də varislər onların ruhunu ləyaqət və layiqincə uca tutur, yaşadırlar... Tural Qaffarov, Elmira Süleymanova, Əsgər Əsgərov, Roza İsmayılova, Nəzrin Allahverdiyeva və fakültə müəllimləri öz çıxışları ilə tariximizin varlıq qaynağına - şərəfli Cümhuriyyət tarixinə nəzər saldılar.
Əsgər İsmayılov