"Əziz Bakı Dövlət Universiteti! Əziz Jurnalistika fakültəsi! Əziz müəllimlər, tələbələr və qonaqlar!" - tədbirin giriş nitqini bax beləcə də başladım. Çünki bugünkü görüş çox fərqli idi. Adətən tədbir, yığıncaq və müəyyən görüşlər ya səhər, ya da əksinə, axşam saatlarında keçirilər. Düşünmüşəm ki, günəş çıxan vaxtlar, yəni səhər saatlarına təsadüf edən görüşlər enerjili olar. Günəşin batdığı saatlarda da bir yaradıcı ruh axşama hakim kəsilər. Bugünkü görüşümüz isə ənənədən kənara çıxır, günəşin qızmar şəfəqlərinin yeri-göyü hərarətləndirdiyi zamana təsadüf edir. Biz də elə günün işığına toplaşmışıq, daha dəqiqi "Günəbaxan" jurnalının "işığı"na...
Jurnalın ən əlamətdar tərəfi klassiklərimizin, bu sahədə zəhməti olan fikir, düşüncə adamlarımızın ruhuna ehtiramın göstəricisidir. Vaxtilə A.Şaiq fəaliyyətini genişləndirərək türk çocuqlarının milli ruhda tərbiyə alması üçün tədrislə bərabər, bütün enerjisini ictimai işlərin təşkilinə səfərbər edir. Və bunun nəticəsidir ki, bütün uşaqların dilində mənəviyyat himninə çevrilən "Tıq-tıq xanım", "Gözəl bahar" və s. əsərlər yaranır. Bununla bərabər A.Şaiq hər zaman bu sahədə məsləhət aldığı ziyalılardan, məsələn, rəhmətlik F.Köçərlidən bəhrələnirdi. Çap olunacaq kitablarda hansı əsərlərin dərc olunmasının vacibliyini öyrənirdi. Dünənin tarixi bizə çox məqamları öyrətdi, bu günün tarixi də "Günəbaxan" jurnalının yaradıcı heyəti ilə günə baxır, işığa - nicata köklüdür. Və şəyirdlərin yol xəritəsi, mənəvi dayağı olan dəyərli müəllimləri, mürşidləri var. Bunlara misal olaraq Ustad Cahangir Məmmədlinin, Aygün Əzimovanın (hər iki müəllim jurnalın maddi və mənəvi tərəfini qarşılayıb) və digər müəllimlərin adlarını çəkə bilərik. Müəllimlərimizin - Vüqar Zifəroğlu, Samir Xalidoğlu, Nəsiman Yaqublu, Sima Rəhimova, Günay Məmmədova, Elmira Həsənova, Gülnarə Hacıyeva, Səkinə Aydınovanın... xeyir-dua şəklində çıxışları tələbələrə ən ülvi məhəbbətin, işıqlı sabahların göstəricisi oldu.
Gəlin indi tarixin dünəninə ekskursiya edək: elə bir vaxtlar idi ki, səhər dan yeri sökülür, axşam dan ulduzu üzü yerə tökülürdü. Gün çıxır, ancaq bu işıqda ziyalılar özünə gün ağlaya bilmirdi. Millət ruhunun ən üst qatında pərvəriş tapan Abdulla Şaiqin "Dan Ulduzu" bax beləcə gecənin tilsimli qaranlığında işıq üzü görə bilməmişdi. Bu gün Jurnalistika fakültəsinin tələbələrinin "Günəbaxan" jurnalı mətbuata göz açmayan, yaxud ömürləri yarıda qalan "Dan Ulduzu" timsalında onlarla, yüzlərlə qəzet, jurnala mənəvi işıq salır... İllər öncə də fakültəmizdə qəzet timsalında işıq bərq vurmuşdu. Beləcə, fakültə o zaman ümdəbir həqiqət ətrafında cəm olur. Bu həqiqətçilik qəzetçilikdən irəli gəlirdi. Bu daş-divar da şahid idi: Jurnalistika fakültəsi jurnalizm kafedrasına, "Jurnalist" qəzeti də “Student-jurnalist” tarixinə ehtiram duruşunda idi. İndi köhnə illərin qəzetlərini vərəq-vərəq səhifələyəndə, gözümüz önündə kəhkəşan canlanır. Və göy üzündə ağ yol şəklində görünən kəhkəşan üzü "Günəbaxana" doğrudur. Və bu "Günəbaxan" da elə müəlliflərinin və müəllimlərinin təbirincə desək, "Jurnalist" qəzetinin xələfidir. Bir zamanlar Jurnalistika fakültəsinin tələbəsi, eyniadlı qəzetin ərsəyə gəlməsində xidməti olan Məmməd Rauf da ötən illərdən danışdı, bu günün qürurunu dünənin fəxarətli anlarına caladı. Uzun illərdir ki, Jurnalistika fakültəsi ilə əməkdaşlıq edən, tələbələrin də qələm təcrübələrini sınaqdan keçirdiyi bir ünvan: "Tehsil.biz" saytının redaktoru Fəqan Əzimli də "Günəbaxan" jurnalının tələbə istedadı və sevgisi ilə hasil olduğunu bildirdi.
Ötən - 28 May günündə "Günəbaxan" jurnalının tələbə-müəlliflərilə birgə və müəllimimiz Zaur Babayevin nəzarəti altında ənənəvi Quba səfərində idik. Həmin an tələbələrdə yaradıcı və milli ruhu görüb, onları ümumi, cəm halında aşağıdakı yazı ilə xarakterizə etdim. Bu gün tədbirdə həmin monoloqu səsləndirdim: "O zaman Belinskinin qələm adamlarına xitabən söylədiyi çıxışın sonu belə tamamlanırdı: "...Uşağa surətlər, rənglər, səslər lazımdır. Uşaq mücərrəd ideyaları sevmir, ona tarixçələr, rəvayətlər, hekayələr, nağıllar lazımdır". Və haqlı olaraq rus pedaqogikasının banisi Uşinski zadəgan rus təbəqəsinə səslənərək deyirdi ki, övladlarınızı fransız dayələrə həvalə etməyin, onların dili kimi, ruhu da korşalır. Bizdə də eyni missiyanı Cəlil Məmmədquluzadə yerinə yetirir və acı satira ilə riyakar topluma üzünü tutur, elə Uşinski kimi eyni dərddən, ağrıdan söz açırdı. XIX əsrin əvvəllərində inkişafa başlayan uşaq ədəbiyyatı artıq Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Süleyman Sani Axundov... sayəsində özünün intibahını yaşayırdı. Əgər yanılmıramsa rəhmətlik Xudu Məmmədovun belə bir fikirləri var idi ki, uşağa şifahi xalq ədəbiyyatını mənimsətmək, ruhuna hopdurtmaq lazımdır. Sabah cəmiyyət içinə çıxanda rahat hərəkət edə bilsinlər, ədəb-ərkanlı olsunlar. Oxuduqlarımızdan, həyatı müşahidələrimizdən görürük ki, vaxtilə ağbirçək nənənələrimizin əksəriyyəti təhsilsiz olub. Buna baxmayaraq onların bəstələdiyi bayatılar, şeirlər bu günə qədər gəlib çatıb. Nənələrin bu istedadına səbəb nə idi? Və nə üçün indi o ənənə nənə, baba dilindən bu gün davam eləmir? Əlbəttə, buna əsas səbəb o zaman nənəli-nəvəli ailələrin çox olması, bu gün isə demək olar ki, olmamasıdır. İki gün bundan əvvəl - 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi günü” idi. Hər il Heydər Əliyev həmin günü uşaqlarla keçirər, onların zehni, fiziki bacarıqları ilə tanış olardı. Mübaliğəsiz deyə bilərik ki, bu cür nümunəyə dünyada belə az-az təsadüf edilir. Və bu heç də təsadüfi deyildi. Yuxarıda qeyd etdiyimiz kimi: Bu yaxınlarda "Günəbaxan" jurnalını ərsəyə gətirən tələbə müəlliflərlə Quba səfərində olduq. Onlar zərif çiyinləri üzərinə götürdükləri işin daha mübarək, daha vacibliyini və məsuliyyətliyini qeyd etdilər. Klassik qələm adamlarından mənəvi bəhrələndiklərini vurğuladılar. Müəllimlərinin tövsiyə və tapşırıqlarının nə qədər işlərinə yaradıqlarını dilə gətirdilər. Tələbələr ara-sıra xırda və həssas məqamlara toxunur, A.Səhhət yaradıcılığında fars ifadələrinin, A.Şaiq yazılarında osmanlı türkcəsindən ibarələrin olmasını dilə gətirirdilər. Şeyx Səfiəddin İshaq əl Musəvi əl Ərdəbilinin ana dilində yazdığı şeirin, fikir babamız Zərdabinin vaxtilə tələbələri ilə birgə ərsəyə gətirdikləri qəzetin sevincini, sanki elə o dövrə qayıdıb onlarla bərabər yaşayırdılar. Məndən uşaq ədəbiyyatına aid hansısa yazımın olub-olmadığını soruşdular. Bir neçə saniyəlik tərəddüddən sonra, klassiklərin ruhundan, bu işlə məşğul olan fədakar qələm adamlarının zəhmətindən və bir də "Günəbaxan" jurnalının gənc, fəqət sinni müəlliflərinin qarşısında hörmət əlaməti olaraq və sakit şəkildə, — Bəli, çalışmışam, amma çox çətin işdir, — deyə cavab verdim. "Yazdığın hansı formada idi, yadında qalıbmı?", deyə soruşduqlarında hörmət əlaməti olaraq təmsilvari "Dayça və inək" şeirini söylədim:
İnək özün öyürdü,
Tıxıb, sonra böyürdü.
Dayça oldu narahat,
Söylədi: az ye, az yat!
Ancaq dayça bilmədi,
Ağlına da gəlmədi:
– Gönü qalın inəyə
Nə hacət, söz deməyə?!" - və təvəqqe etdim ki, bu şeiri də "Günəbaxan" jurnalında dərc eləsinlər. Birinci kursun elə ilk semestrindəcə milli mətbuata maraq tələbələri ahənrüba kimi özünə çəkən bir ilham pərisinə çevrilir. Bu gün buradakı könüllər, qəlblər bir güvəncə, bir etibara ümidlidirlər: Jurnalistikanı sevərək addımlayan tələbələrin bugünkü və yarınkı sabahlarına... Əziz tələbələr və müəlliflər: Ayhan Ağarzayev, Türkanə Məşədiyeva, Kübra Musayeva, Fatimə Əsədzadə, Mahmud Əskərli, Nəzakət Sadıqova, Qumral Cəfərova, Fərhad Musayev, Rəşadət Ağazadə, Nuran Atakişiyev, Qənirə İsmayılova və Aytac Abdullayeva. Günəşi salamlamaqla başlayan tarixi missiyanız - "Günəbaxan"ınız mübarək...
Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi