Logo

Oksford Universitetinin dəstəyi ilə Sumqayıtda “İqlimin İdarəolunması Məktəbi” təşkil olunub

17.11.2024 17:34 41 baxış
IMG

Sumqayıt Dövlət Universiteti və Oksford Universitetinin (Saïd Business School) təşkilatçılığı ilə “İqlimin İdarəolunması Məktəbi” keçirilib. məktəbin əsas məqsədi Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının mövzusuna uyğun olaraq ekoloji problemlərin həlli üçün innovativliyi təşviq etmək və iqlimin idarəolunmasında dayanıqlı yanaşmaları formalaşdırmaqdır.

TƏHSİL.BİZ xəbər verir ki, məktəbdə ali təhsil müəssisələrinin və sənaye sektorunun davamlı inkişaf üzrə peşəkarları iştirak ediblər. İki gün davam edən idarəetmə məktəbində Oksford Universiteti (Saïd Business School), Burjeel Holdinq və “Earth Day Network” təşkilatlarının nümayəndələri iqlim dəyişikliyinin ekoloji, iqtisadi və sosial təsirləri istiqamətində təlimlər keçiblər. İqlim dəyişikliyinə əsaslanan strateji fəaliyyət imkanları, biznes-planların hazırlanması, yaşıl təşkilatlar, iqlim dəyişikliyinin sağlamlıq üzərində təsirləri və digər müvafiq mövzularda müzakirə və vörkşoplar həyata keçirilib.

Təlimlərdə iştirak edən ali təhsil müəssisələrinin və sənaye sektorunun peşəkarlarına Sumqayıt Dövlət Universitetinin rektoru dosent Rüfət Əzizov və Oksford Universitetinin (Saïd Business School) əməliyyatlar üzrə baş direktoru Manos Kapterian tərəfindən sertifikat təqdim olunub.

Proqram çərçivəsində beynəlxalq ekspertlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüblər. Görüşdə Sumqayıtın dinamik inkişafı və şəhərdə həyata keçirilən sosial-iqtisadi layihələr barədə məlumat verilib. Şəhərin yeganə ali təhsil ocağının həyata keçirdiyi layihələrin Sumqayıtın inkişafına da mühüm töhfələr verdiyi qeyd edilib. Bu cür beynəlxalq əməkdaşlığın şəhərin və regionun dayanıqlı inkişafında mühüm rol oynadığı vurğulanıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.


 

Xəbər lenti