Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti Malayziyanın ali təhsil müəssisələrində işgüzar səfərdə olub. Nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və Tədqiqat və inkişaf şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil olunub.
Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, səfərdə əsas məqsəd AzTU-nun Malayziyanın universitetləri ilə əməkdaşlıqların qurulması, tədqiqat, təhsil və beynəxalq reytinqlər sahəsində birgə fəaliyyətlərin həyata keçirilməsindən ibarət olub.
Nümayəndə heyəti Menecment və Elm Universiteti, Turku Abdul Rahman Menecment və Texnologiya Universiteti, Kuala Lumpur Universiteti, Tun Abdul Razak Universiteti, Asiya Sakit Okean Texnologiya və İnnovasiya Universiteti və Malayziya Elm və Texnologiya Universitetində görüşlər keçirib.
Görüşlər zamanı AzTU nümayəndə heyəti təmsil etdikləri universitet barədə geniş məlumat verib. Həmçinin AzTU-nun ikitərəfli tədris və tədqiqat layihələrinin yerinə yetirilməsi, qarşılıqlı müəllim-tələbə mübadiləsi, beynəlxalq reytinqlərdə iştirak, birgə elmi məqalələrin yazılması, ikili diplom və elmi rəhbərliklərin həyata keçirilməsi istiqamətində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıblar.