BİM texnologiyası (Building Information Modeling) müasir layihə, tikinti, dizayn, yenidənqurma və idarəetmə proseslərində inqilabi dəyişiklik yaradan rəqəmsal yanaşmadır. Bu texnologiya layihələrin planlaşdırılması və icrası zamanı ən yüksək dəqiqliyi təmin edir, əməkdaşlıq və resursların səmərəli istifadəsini təşviq etməklə yanaşı, tikinti müddətini və xərcləri optimallaşdırır. Hər bir mərhələ rəqəmsal 3D model üzərində qurulur və bu model enerji səmərəliliyindən tutmuş materialların xüsusiyyətlərinə qədər geniş məlumat bazasına malikdir. BİM yalnız məhsuldarlığı artırmır, həm də ekoloji standartlara uyğun, davamlı və uzunömürlü layihələrin reallaşdırılmasını təmin edir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev TƏHSİL.BİZ -ə açıqlamasında bildirib ki, BİM texnologiyasının tətbiqi dünya üzrə tikinti sənayesində ciddi uğurlara yol açıb. İngiltərədəki “Crossrail” layihəsini buna nümunə göstərən S.Fərzəliyev bu texnologiyanın tikinti prosesində problemləri erkən mərhələdə həll etdiyini, böyük maliyyə qənaəti və vaxt optimallaşdırması təmin etdiyini vurğulayıb. Azərbaycanda isə Bakı Ağ Şəhər layihəsi BİM-in uğurla tətbiq edildiyi mühüm nümunələrdən biridir. Burada texnologiyanın tətbiqi tikililərin dayanıqlığını, enerji səmərəliliyini və ekoloji uyğunluğunu təmin edib.
Onun sözlərinə görə, AzMİU BİM texnologiyasının Azərbaycanda geniş tətbiqinə öncüllük edir. Universitetin İnşaat fakültəsində bu sahədə xüsusi fənlər tədris edilir, tələbələr praktiki təlimlərlə texnologiyanın tətbiqini öyrənir. Beynəlxalq təcrübələrə əsaslanan tədqiqatlar aparılır, yerli inşaat şirkətləri ilə əməkdaşlıq çərçivəsində birgə layihələr həyata keçirilir. AzMİU ilə İstanbul Texnik Universiteti (İTU) arasında inşaat mühəndisliyi üzrə ikili diplom proqramı da bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirir.
O bildirib ki, bu əməkdaşlıq çərçivəsində dekabrın 14-17-də AzMİU tələbələri İTU-nun təşkil etdiyi “BİM ilə layihələndirmə” adlı beynəlxalq tədbirin məlumatlandırma sessiyasında iştirak edəcəklər. Bu müsabiqə dünyada 3-cü BİM yarışmasıdır və tələbələr tədbir zamanı innovativ texniki seminarlar, beynəlxalq təcrübələr və sosial fəaliyyətlərlə tanış olacaqlar. Tələbələr daha sonra 10 həftəlik onlayn kurslara qatılaraq may ayında keçiriləcək yarışmada öz layihələri ilə iştirak edəcəklər. Bu tədbir tələbələrin praktiki bilik və bacarıqlarını artırmaqla yanaşı, onların bu sahəyə marağını təşviq edir.
AzMİU-nun yaxın gələcəkdə “Zəlzələ Mühəndisliyi Elmi Tədqiqat Mərkəzi” yaratmağı planlaşdırdığını deyən fakültə dekanı bildirib ki, bu mərkəzdə Strateji əhəmiyyətli bina və qurğuların monitorinqi və qiymətləndirilməsi laboratoriyası fəaliyyət göstərəcək. Laboratoriyanın əsas məqsədi strateji əhəmiyyətli binalarda (xəstəxanalar, məktəblər, neft-qaz platformaları, körpülər və s.) BİM texnologiyasının tətbiqi ilə seysmik monitorinq sistemləri qurmaq və mütəmadi müşahidə və qiymətləndirmə həyata keçirməkdir. Bu layihələrdə tələbə və doktorantların fəal iştirakı təmin ediləcək.
“AzMİU-nun bu sahədəki fəaliyyəti Azərbaycanın inşaat sektorunun beynəlxalq standartlara uyğunlaşmasını sürətləndirir. Universitet öz missiyasını uğurla həyata keçirərək müasir texnologiyalarla rəqabətədavamlı mütəxəssislər hazırlayır və tikinti sənayesinin dayanıqlı inkişafına töhfə verir”, - deyə S.Fərzəliyev fikrini yekunlaşdırıb.