Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva Biznes və iqtisadiyyat fakültəsinin bir qrup tələbəsi ilə görüşüb. Tələbələr Fidan Əlizadə, Rauf Əliyev və Nilufər Allahyarlı öz təşəbbüsləri ilə hazırladıqları universitetin tələbə həyatından bəhs edən videoçarxı rektora təqdim ediblər. Rektor tələbələrin fəallığını alqışladığını bildirib və onlarla birlikdə videoçarxı izləyib.
Bu barədə TƏHSİL.BİZ -ə Azərbaycan Universitetindən məlumat verilib. Bildirilib ki, videoçarxda universitetin tələbə həyatının müxtəlif məqamları əks olunub. Tələbələr kitabxanada, auditoriyalarda, kompüter laboratoriyalarında, akt və konfrans zallarında, yeməkxanada çəkiliş aparıblar. Videoçarxda elmi kitabxananın fəaliyyətinə və Beynəlxalq əlaqələr şöbəsinin tələbələr üçün yaratdığı imkanlara xüsusi yer ayrılıb, tələbələrin universitet həyatı haqqında fikirləri də öz əksini tapıb.
Görüş rektorun tələbələrin ideya və təkliflərini, həmçinin gələcəyə dair planlarını dinləməsi ilə davam edib. Rektor təhsil həyatı və karyera planlaması, şəxsi inkişaf, o cümlədən dərsdənkənar vaxtların daha zəngin, rəngarəng və səmərəli olması üçün tələbələrə tövsiyələrini bildirib.
Nilufər Allahyarlı görüşdə rektora müəllifi olduğu “NyShee Car Service Motors” startap layihəsi haqqında məlumat verib. Qeyd edib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyir. Məqsədi Bakıda və bölgələrdə avtomobillərin təmiri üzrə unikal xidmətlər təklif etməkdir.
Tələbələrə uğurlar arzulayan Səadət Əliyeva bildirib ki, Azərbaycan Universitetində müxtəlif tədbir və layihələrin həyata keçirilməsində tələbələrin fəallığı yüksək qiymətləndirilir və diqqət mərkəzində saxlanılır. Universitet rəhbərliyi tələbələr tərəfindən irəli sürülən ideya və təşəbbüslərə bundan sonra da dəstək verməyə davam edəcək.
Qeyd edək ki, videoçarxın müəllifləri IV kurs tələbələridir. Fidan Əlizadə və Rauf Əliyev Marketinq (ingilis bölməsi) ixtisası üzrə, Nilufər Allahyarlı isə Biznesin idarə edilməsi (ingilis bölməsi) ixtisası üzrə təhsil alır.