Logo

"Ali təhsil uğur gətirmir, çünki..."

17.02.2025 08:48 137 baxış
IMG

“Oğlumun təhsilinə xərclədiyim pul bəhrəsini vermir, onun yerinə çayxana açardım, oranı işlədərdi”.

Bu sözləri müğənni Nadir Qafarzadə səsləndirib.

"Oğlum İsveçrədə oxudu, indi evdə oturub. Onun təhsilinə uyğun iş yoxdur. Övladım Cenevrədə Biznes və Menecment fakültəsini bitirib. Həmin pula yaxşı çayxana açardım. Kimə lazımdır təhsil, nəyə lazımdır? Gənclər də görür ki, təhsilli insanlara önəm vermirlər, gedib TikTokda canlı yayım açırlar. Onlar düşünürlər ki, gedib dörd-beş il oxumaqdansa, belə rahatca oturub, pul qazanmaq daha yaxşıdır", - o bildirib.

Bəs, təhsil xərcləri niyə özünü doğrultmur? Azərbaycanın əmək bazarında niyə belə vəziyyət yaranıb? Bu, müstəsna olaraq valideynin və ya övladın yanlış seçimidir, yoxsa? Çıxış yolu nədir? 

NADİR.jpg (250 KB)

Təhsil eksperti Nadir İsrafilov mövzu ilə bağlı TƏHSİL.BİZ -ə danışıb:

"Bu gün məzunların işlə təminatı valideynin və ya məzunun istəkləri ilə deyil, bazar iqtisadiyyatının tələbləri əsasında formalaşan əmək bazarının şərtləriylə müəyyən olunur. Ali təhsilli kadrların sayının artması və müvafiq iş yerlərinin məhdudluğu bu vəziyyəti daha da mürəkkəbləşdirir. Belə hallar əsasən sovet dövründə mövcud olan tələb-təklif balansının və təyinat sisteminin indiki dövrdə olmaması ilə bağlıdır. Artıq nə xaricdə, nə də ölkə daxilində təhsil alanların böyük uğurlar qazanması adi hala çevrilir".

Ekspert müğənninin sözlərinə də münasibət bildirib:

"Nadir Qafarzadənin "Oğlumun təhsilinə xərclədiyim pul bəhrəsini vermir" sözləri daha çox emosional reaksiyanın nəticəsi kimi görünür. Bu cür vəziyyətlə qarşılaşan hər bir valideyn oxşar narazılıq ifadə edə bilər. Üstəlik, bu problem yalnız xaricdə təhsil alanlarla məhdudlaşmır, yerli universitet məzunları da oxşar çətinliklərlə üzləşirlər".

Nadir İsrafilov xatırladıb ki, sovet dövründə təyinat sistemi tətbiq olunduğu üçün təhsil alan gənclərin işsiz qalması nadir hal idi:

"O dövrdə hətta orta ixtisas məktəblərini bitirənlər belə işsiz qalmırdı. Məzunlara ya dövlət təyinatı verilirdi, ya da ailə vəziyyətinə görə azad təyinat almaq imkanı tanınırdı. Bu gün isə həmin sistem mövcud deyil, nəticədə məzunlar müstəqil şəkildə iş tapmaqda çətinlik çəkirlər".

Ekspert Nadir Qafarzadənin ittihamlarına toxunaraq bir neçə məqama aydınlıq gətirib:

"Onun oğlunun bitirdiyi universitet Azərbaycanda tanınırmı? O, "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində oxuyub, yoxsa öz hesabına və ya hansısa şirkətin göndərişi ilə gedib? Ən əsas sual isə odur ki, onun diplomu Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) tanınıbmı? Yoxsa bu qurum ona "tanınma" və ya "imtina" cavabı verib... Bu kimi məsələlərin araşdırılması vacibdir".

Nadir İsrafilov müğənninin TikTok fenomenlərinə dair fikrinə də münasibət bildirib:

"Müğənni bildirir ki, gənclər təhsilin dəyər görmədiyini anlayaraq TikTok-da canlı yayımlar açmağa üstünlük verirlər. Bu, cəmiyyət üçün ciddi bir siqnaldır və təhsilin dəyərinin artırılması üçün addımlar atılmalıdır".

 

Xəbər lenti