Bakıda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində “Yaşıl Bacarıqların İnkişafının Gücləndirilməsi” mövzusunda regional konfrans keçirilib. Tədbir Asiya İnkişaf Bankının dəstəyi ilə təşkil olunub.
TƏHSİL.BİZ xəbər verir ki, konfransda CAREC ölkələrinin – Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan və Tacikistan və digər Orta Asiya ölkələrinin təhsil sahəsinə cavabdeh qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, dövlət qurumları, təhsil müəssisələrinin təmsilçiləri iştirak ediblər.
Tədbirdə “yaşıl iqtisadiyyata” keçid, əmək bazarında ekoloji biliklərə malik işçi qüvvəsinin formalaşdırılması və bu sahədə regional əməkdaşlıq imkanları müzakirə edilib.
Konfransda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov çıxış edərək Azərbaycanın yaşıl bacarıqların inkişafı sahəsində gördüyü işlərdən danışıb. O bildirib ki, ölkəmiz “Azərbaycan 2030: Sosial-iqtisadi İnkişaf üçün Milli Prioritetlər” çərçivəsində “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfinə uyğun fəaliyyət göstərir, eyni zamanda, təhsilin bütün pillələrində, o cümlədən peşə təhsili sahəsində yaşıl enerji, iqlim dəyişiklikləri və davamlı inkişafa dair mövzuların kurikulumlara daxil edilməsi istiqamətində işlər görülür.
Konfransın sonunda CAREC üzv ölkələri arasında yaşıl bacarıqların inkişafı üzrə əməkdaşlığın gücləndirilməsi məqsədilə Memorandum imzalanıb. Bu sənəd gələcək layihələr üçün əsas rolunu oynayacaq.
Qeyd edək ki, CAREC-in Dayanıqlı İnkişaf üzrə İşçi qrupunun sədrliyi hər il əlifba sırasına uyğun dəyişir və 2025-ci il üçün bu vəzifə Azərbaycana həvalə olunub.