Logo

BANM tələbələri Yeni Zelandiyada keçirilən beynəlxalq konfransda ölkəmizi təmsil ediblər

07.04.2025 15:01 75 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) neft və qaz texnologiyaları ixtisasının I kurs magistratura tələbəsi Almaz Heydərova və BANM-in kimya mühəndisliyi ixtisasının 2024-cü il məzunu Günel Rəhimli Yeni Zelandiyanın Oklend şəhərində keçirilən ICOSSE’25 (International Congress on Sustainability Science & Engineering) beynəlxalq konfransında ölkəmizi təmsil ediblər.

BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, tələbələr “Tullantı çap elektron lövhələrindən qızılın səmərəli çıxarılması” mövzusunda müzakirə sessiyalarında iştirak və poster təqdimatı ediblər. Səfər “AzerGold” şirkətinin dəstəyi ilə baş tutub. Onlar beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq və innovativ həllərə dair müzakirələrdə iştirak etmək imkanı əldə ediblər.

Konfrans çərçivəsində “Tullantıların idarə olunması və təkrar emal üçün innovativ texnologiyalar”, “Resursların bərpasına dair dayanıqlı yanaşmalar”, “Rəqəmsallaşma və süni intellektin sənaye proseslərinə inteqrasiyası” və “Müxtəlif sənaye sahələrində dövri iqtisadiyyat strategiyaları” mövzuları müzakirə edilib.

Xəbər lenti