Logo

Prezident İlham Əliyev: Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

13.10.2020 10:57 787 baxış
IMG

Dağlıq Qarabağ və işğal edilmiş digər torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Beynəlxalq hüquq baxımından da bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur.

Ermənistanın işğalçılıq siyasətinin, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılmasın­da Prezident İlham Əliyevin xalqa müraciətlərinin, müsahibələrinin, nitq və çıxışlarının xüsusi əhəmiyyəti vardır. Bu çıxışlar ölkə başçısının beynəlxalq arenada, diplomatik görüşlərdə səsləndirdiyi fikirlərin məntiqi davamı, dəyişməz mövqeyinin təsdiqidir.

Dövlət başçısı “Rossiya-1” telekanalının “60 dəqiqə” proq­ramında, həmçinin “Əl-Cəzirə”, “Əl-Ərəbiyə”, Türkiyənin “TRT Haber”, “Pervıy Kanal”, “CNN-Türk” televiziya kanallarında yayımla­nan müsahibələrində Azərbaycanın konstruktiv mövqeyini bir daha ifadə edərək, torpaqların işğal faktı ilə heç zaman barışmayacağımızı, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olu­na biləcəyini xüsusi qeyd etmişdir. Status-kvonu dəyişmək istəməyən, destruktiv siyasət yürüdən Ermənistan və havadarları bilməlidirlər ki, Azərbaycan torpaqlarının işğaldan azad olmasında israrlı, qətiyyətlidir: “Biz “bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır”.

Prezidentin bu müsahibələri Ermənistanın təcavüzkarlıq siyasətinin, hərbi təxribatlarının ifşası beynəlxalq hüququn prinsiplərinin və insan hüquqlarının kobud şəkildə pozuntusunun siyasi-hüquqi təhlili baxımından əhəmiyyətlidir.

İlham Əliyev yerli və xarici, trans­milli telekanallara müsahibələrində Ermənistan–Azərbaycan, Dağlıq Qara­bağ münaqişəsinin tarixi, hüquqi-siyasi aspektlərinə toxunaraq bəyan edir ki, Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun missiyası tarixi ədalətin bərpasına, beynəlxalq hüququn təminatına əsaslanır: “Azərbaycan Ordusu öz missiyasını uğurla icra edəcək və Azərbaycanın ərazi bü­tövlüyü bərpa olunacaq. Bizim əsas məqsədimiz bundan ibarətdir. Çünki Dağlıq Qarabağ və işğal edilmiş digər torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Beynəlxalq hüquq baxı­mından da bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur”.

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin işğal olunmasına dair BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Bütün qətnamələrdə Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü təsdiq edir, ərazi ələ keçirmək üçün zor tətbiq edilməsinin yolverilməzliyini qeyd edir. Azərbaycanın işğal edilmiş bütün torpaqlarından, bütün işğal­çı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını, qaçqınların daimi yaşayış yerlərinə qaytarılmasını qətiyyətlə tələb edir.

BMT tərəfindən 27 il əvvəl qəbul olunan, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və erməni işğalçı qüvvələrinin işğal altındakı ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr bu günə qədər yerinə yetirilməyib. Sözügedən qətnamələrə Ermənistan bu günədək məhəl qoymur. Əksinə, Azərbaycanın işğal edilmiş ərazilərində öz hərbi qüvvələrini artır­maqla hərbi təxribatları davam edir.

Prezident İlham Əliyev müsahibələrində bu qətnamələrin hələ də kağız üzərində qalmasının əsas səbəbləri kimi Ermənistanın möv­qeyini, Minsk qrupunun səmərəsiz fəaliyyətini və Təhlükəsizlik Şurası­nın qətnamələrinin yerinə yetirilmə mexanizminin yoxluğunu göstərir: “Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Qeyd etdiyim kimi, əsas səbəb Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olma­masıdır. Bir çox hallarda mən bu məsələni qaldırmışam və demişəm ki, Ermənistanı qətnamələrin tələblərinə əməl etməyə məcbur etmək və torpaqlarımızın boşaldıl­masına başlamaq üçün ona qarşı beynəlxalq sanksiyalar tətbiq olun­malıdır.”

Qarabağla bağlı bəzi beynəlxalq təşkilatlar ikili standartlara yol verirlər. Beynəlxalq hüquqla reallıqda baş verənlər arasında ziddiyyətlərə toxunan İlham Əliyev Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmamasını beynəlxalq hüqu­qun işləmədiyinin və ya selektiv üsulla fəaliyyətinin göstəricisi kimi qiymətləndirir: “Bildiyiniz kimi, bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, bəlkə də bir neçə saat ərzində icra olunur. Lakin bizə gəldikdə qətnamələr uzun illərdir ki, kağız üzərində qalıb. Beləliklə, təcavüzkara praktiki təzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinin səbəblərindən biridir”.

Bütün müsahibələrində, çıxış­larında əks-hücum əməliyyatının hansı zərurətdən irəli gəldiyini dünya ictimaiyyətinin, beynəlxalq audito­riyanın diqqətinə çatdıran Ali Baş Komandan iyul ayında Azərbaycana qarşı hərbi hücumun Ermənistan rəhbərliyinın yeni torpaqları iş­ğal etmək cəhdi kimi xarakterizə edir: “Biz özümüzü, insanlarımızı müdafiə etməli idik və dünyanın bütün ölkələri tərəfindən tanınan, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyümüzü bərpa etməli idik”.

Ali Baş Komandan beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə qətiyyətlə bildirir ki, sentyabr ayının 27-də Ermənistanın yenidən Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə hücum etməsi, onla­rın öldürülməsi, yaşayış evlərinin da­ğıdılması adekvat cavab tədbirlərini, əks-hücum əməliyyatlarını zəruri etdi: “Bizim uğurlu hərbi əməliyyatımız davam edir. Biz torpaqlarımızı azad etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün tamamilə qətiyyətliyik”.

Azərbaycanın mövqeyi tarixi həqiqətə, beynəlxalq hüquqa, siyasi və geosiyasi reallıqlara əsaslanır. Dünya ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır. Ermənistanın özünün belə tanımadığı qondarma Dağlıq Qara­bağ rejimi ilə danışıqların aparılması şərti Azərbaycan, eləcə də Minsk qrupu tərəfindən də rədd edildi. Digər tərəfdən, Ermənistan hökuməti Azərbaycanın qədim Şuşa şəhərində qondarma Dağlıq Qarabağ rejimi başçısının andiçmə mərasimini təşkil etməsi və qondarma “Dağlıq Qaraba­ğın parlamenti”ni Xankəndidən Şuşa­ya köçürməsi ilə Azərbaycan xalqının heysiyyətini təhqir etdi. Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsi də danışıqları pozdu və gərginliyi daha da artırdı. Bütün bunları danışıqların dayandırılma səbəbləri kimi xarakterizə edən Prezident, danışıqların hansı prinsiplərlə bərpa olunmasını da dünya ictimaiyyətinə, o cümlədən Ermənistan və havadar­larına bəyan etdi: “Ermənistanın baş naziri bir il bundan əvvəl bizim torpaqlarımızda demişdi ki, “Qa­rabağ Ermənistandır”, Azərbaycan xalqından üzr istəməlidir. İkin­cisi, o deməlidir ki, Qarabağ Ermənistan deyil, çünki “Qarabağ Ermənistandır” ifadəsi yalandır, Qarabağ Azərbaycandır! Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Dördüncüsü, bəyan etməlidir ki, hansı gündə, hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır. Bu şərtlər Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq edilməlidir. O halda təbii ki, atəşkəs bərpa olunacaq və beləliklə, bu məsələ müzakirə yolu ilə həll olu­nacaq. Əks halda, biz bunu güc yolu ilə edəcəyik, biz ərazi bütövlüyümüzü güc yolu ilə bərpa edəcəyik və ona yerini göstərəcəyik”.

Beləliklə, atəşkəsin nə zaman, hansı şərtlərlə mümkün olacağı ilə bağlı ünvanlanan sualların bütün cavablarında Ali Baş Komanda­nın prinsipial mövqeyi, qətiyyəti, Azərbaycan xalqına, ordusuna inamı, sülhsevər yanaşması, eyni zamanda, qələbə əzmi ifadə olunur: “Bu hərbi toqquşma bizim nəyimizə lazımdır? Bizə torpaqlarımızın sülh yolu ilə geri qayıtması lazımdır. Onlar işğal olunmuş ərazilərdən qoşunların çıxarılması ilə bağlı vaxt cədvəlini bizə təqdim etməlidirlər.”

Beynəlxalq televiziya kanallarına müsahibəsində cənab Prezident dünya ictimaiyyətinin diqqətini başqa bir məsələyə – Ermənistanın Cenevrə Konvensiyasını kobud şəkildə pozma­sı faktlarına yönəldir. Azərbaycanın işğal olunmuş ərazilərində bəzi Şərq ölkələrindən olan ermənilərin açıq şəkildə məskunlaşdırılmasının hərbi cinayət olduğunu bildirir. Ermənistan hökumətinin köçürmə siyasəti, mülki əhaliyə atəş açılması Cenevrə Kon­vensiyasının kobud şəkildə pozulma­sını göstərir:

“Ermənistan təkcə mülki əhalinin yaşadığı kəndləri ağır artilleriyadan istifadə etməklə atəşə tutmaqla yox, eyni zamanda, işğal olunmuş ərazilərdə əcnəbilərin qanunsuz məskunlaşmasını təmin etməklə Cenevrə Konvensiyasını kobud şəkildə pozur”.

Açıq-aşkar Ermənistana dəstək verən, mövqe bildirən Minsk qrupunun həmsədr ölkələrinin narahatlıq doğuran bəyanatlarına Prezident İlham Əliyevin məntiqli, diplomatik cavabı, vasitəçilərə həm də bir xəbərdarlıq mesajıdır: “Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə, onda siz Minsk qrupunun həmsədrliyindən çıx­malısınız, istədiyinizi deyin, kimi istəyirsinizsə onu günahlandırın, baş verənlərlə bağlı sübutu olma­yan xəbərlər verin və sözsüz ki, heç kim etiraz etməyəcək. Lakin əgər siz vasitəçisinizsə, neytral olmalısı­nız, vasitəçi olmalısınız. Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək”.

“Əl-Cəzirə” telekanalından jur­nalistin “Xalqların öz müqəddəratını təyin etmək hüququna inanırsınız­mı?”- sualına cənab Prezidentin cavabı hər bir erməninin bilməsi gərəkən beynəlxalq hüquq normasıdır, prinsipidir. Siyasi savadı, beynəlxalq hüquq anlayışı olmayan, “böyük Ermənistan” ideologiyası ilə beyinləri zəhərlənmiş sadə erməni əhalisi bilməlidir ki, ölkələrin ərazi bütövlü­yü toxunulmazdır.

Beynəlxalq hüququn Helsin­ki Yekun Aktında əks olunan əsas prinsiplərdə ərazi bütövlüyü prinsi­pinin üstünlüyü aydın şəkildə izah edilir. BMT Nizamnaməsində, Helsin­ki Yekun Aktında öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm prinsiplərindən biri olaraq ölkələrin ərazi bütövlüyünə ziyan vur­mamalıdır. Başqa bir mühüm məqam odur ki, ölkənin ərazi bütövlüyü güc yolu ilə dəyişdirilə bilməz, ölkə əhalisinin razılığı olmadan dəyişdirilə bilməz. Prezident beynəlxalq hüqu­qun bu ali prinsiplərinə toxunaraq beynəlxalq ictimaiyyəti başqa bir arqumentə yönəldir: “ ...erməni xalqı artıq öz müqəddəratını təyin edib. Onların müstəqil Ermənistan dövləti var. Bu gün ermənilər hər yerdə yaşayırlar. Onlar Fransada yaşa­yırlar, onlar Amerikada yaşayırlar, onlar Rusiyada yaşayırlar, onlar Yaxın Şərqdə yaşayırlar. Qoy onlar öz müqəddəratlarını həmin ölkələrdə istəsinlər”.

İlham Əliyevin separatizmi, terroru dəstəkləyən dövlətlərə xitabən səsləndirdiyi fikirlər, Ermənistanın havadarlarına, Qarabağ­da müqəddəratını təyin etmək istəyən separatçıların hamilərinə, seçki kampaniyalarında erməni lobbisindən istifadə edib müəyyən vədlər qarşılı­ğında hüququn aliliyini, beynəlxalq prinsipləri heç sayan siyasətçilərə, diplomatlara siyasi mesajdır: “Əgər ermənilər özlərinə məxsus olmayan torpaqları istəsəydilər və sadəcə olaraq, əksəriyyət olduqlarına görə həmin torpaqları istəsəydilər, həmin ölkələrin rəhbərliklərinin reaksiyası necə olardı? Bu, onların uzun illər istifadə etdikləri taktikadır - gəlmək, dəstək istəmək, torpaq istəmək və sonra özlərinin qondarma qədim tarixləri barədə feyk xəbərlər hazır­lamaqla və həmin torpaqları özləri üçün tələb etməklə ərazinin tarixi kimliyini dəyişməyə başlamaq. Qoy Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə vermək istəyən ölkələr öz torpaqlarının bir hissəsini Dağ­lıq Qarabağdan olan ermənilərə versinlər, onları qəbul etsinlər və orada onlara öz müqəddəratını təyinetmə hüququ versinlər”.

Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərini qısqanan, Qafqazda güclü türk dövlətinin varlığını istəməyənlər Türkiyənin Azərbaycana mənəvi dəstəyini hərbi müstəviyə daşımaqla münaqişənin regional xarakter almasını istəyirlər. Dövlət başçısı Türkiyəyə məxsus F-16 təyyarəsinin Ermənistanın Su-25 təyyarəsini vurması xəbərinin də dezinformasiya olduğunu bildi­rir, qəbuledilməz ittihamlara, feyk xəbərlərə görə Azərbaycanı ittiham edənlərdən üzrxahlıq tələb edir. Ermənistanın ilk hücum günündən Azərbaycana tam dəstəyini ifadə edən qardaş Türkiyə dövlətinə, Prezidentinə və digər rəsmi şəxslərinə minnətdarlığını bildirən İlham Əliyev müsahibələrində dəfələrlə vurğulayır ki, Türkiyə heç bir şəkildə münaqişəyə cəlb olunmayıb. Cənab Prezident, eyni zamanda, guya Suri­yadan gələn muzdlularla bağlı faktsız, dəlilsiz ittihamların tamamilə əsassız olduğunu bildirir, xüsusilə, Fransa kimi vasitəçi bir dövlətin mövqeyini kəskin tənqid edir. Əsassız ittihamlara cavab olaraq bütün müsahibələrində rəşadətli Azərbaycan Ordusunun uzun illər ərzində işğal altında olan torpaq­larımızı azad etməyə qabil olduğunu bəyan edir: “Azərbaycanda hər hansı xarici ölkənin iştirakına dair heç bir dəlil belə yoxdur. Biz nə ediriksə özümüz edirik. Bizim qabil ordumuz var. Ordumuzda kifayət qədər insan var, ehtiyatımızda kifayət qədər in­san var. Mən qismən səfərbərlik elan etmişəm. Bu, bizə ehtiyac olacağı təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə imkan verəcək. Beləliklə, bizim buna ehtiyacımız yoxdur. Ermənistanın buna ehtiyacı var, çünki Ermənistan əhalisinin sayı azalır, cəmi 2 milyon nəfərdir. Ona görə də onlar özləri Yaxın Şərqdən insanları cəlb edirlər və bizim sübutumuz var, təkcə erməni əsilliləri deyil. Yeri gəlmişkən, Yaxın Şərqdən gələnlərin erməni əsilli ol­ması və ya qeyri-erməni əsilli olması­nın heç bir fərqi yoxdur. Əgər kimsə xaricdən muzdlu kimi döyüşməyə gəlirsə bununla beynəlxalq səviyyədə məşğul olunmalıdır. Bu ittihamlar tamamilə əsassızdır. Biz onları rədd edirik və dəlillərin ortaya qoyulması­nı tələb edirik”.

“Əl-Ərəbiyə” televiziya kana­lına müsahibəsində İlham Əliyevin Azərbaycanı ittiham edənlərə, regionda maraqlarını təmin etmək istəyənlərə, müstəqil Azərbaycan Respublikasının daxili işlərinə qa­rışmağa cəhd edərək, Ermənistanın işğalçılıq siyasətini dəstəkləyənlərə öz prinsipial mövqeyini sərgiləyir. Dövlətimizin başçısının nitqində diqqət çəkən məqamlardan biri də Fransa prezidentinin ittihamlarına ünvanlanan sərt reaksiyadır: “Biz ittihamlara dözəcək ölkə deyilik. Biz təhqirə dözəcək ölkə deyilik. Əgər biz düşündüyümüzü deməyə başlasaq, zənnimcə, həmin ölkələrdə çoxlu çaxnaşma olacaq. Onlar Azərbaycandan əl çəkməlidirlər, onlar regiondan əl çəkməlidirlər. Biz burada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub. Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar. Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar. Əgər biz muzdlular və terrorçular barədə danışmağa başlasaq, düşünürəm ki, bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər”.

“Əl-Ərəbiyə” telekanalına müsahibədə diqqəti cəlb edən məqamlardan biri jurnalistin “Bəziləri hesab edir ki, bu böh­ran genişlənsə, sizin torpaqlarınız savaş meydanına çevriləcək və bu, sizin xeyrinizə olmayacaq. Bu, bir növ sizin torpağınızda marionetlər müharibəsinə bənzəyir. Siz qorx­mursunuz ki, bu, regionlar arasın­da mübarizə olar?”-sualına cənab Əliyevin layiqli cavabı, arqumentləri düşünürəm ki, Azərbaycanın müstəqil siyasətini, iqtisadi, enerji, nəqliyyat layihələrində iştirakını, beynəlxalq arenada güclü mövqeyini qəbul edə bilməyənlərin beynində uzun müddət səslənəcək. Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın müstəqil siyasəti nəticəsində 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməsi, 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatına sədr seçilməsi və digər bu kimi fakt­lar Qafqazın ən güclü dövlətinin əhəmiyyətini dərk etməyə kifayət edir: “Bu gün regionda Azərbaycan olmadan heç bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsi həyata keçirilə bilməz və bizə marionet deyənlər özləri marionetdir. Qoy onlar güzgüyə baxsınlar. Onlar ölkələrə yuxarıdan aşağı baxmağa öyrəşiblər. Biz belə vəziyyətdə deyilik. Biz öz ləyaqətimizi müdafiə edirik, biz öz müstəqilliyimizi müdafiə edirik. Dünyada heç bir ölkənin bizim işlərimizə müdaxilə etməyə haqqı yoxdur və onlar bunu başa düşməlidirlər. Öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın maraq­larına xidmət edir. Azərbaycanın bir milyon insanı öz doğma tor­paqlarına qayıdacağı vaxtı gözləyir və biz hökumət olaraq bunu təmin edəcəyik. Biz insanlarımızı öz vətəninə qaytaracağıq, şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik. Biz işğal olunmuş bütün ərazilərdə Azərbaycan bayrağını qaldıracağıq”.

“Münaqişənin hərbi həll yolu yoxdur” deyən Avropanın mövqeyinə münasibət bildirən Prezident “əgər hərbi həll yolu yoxdursa, bizə qeyri-hərbi həll yolu verin, bizə diplomatik həll verin” deyir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edin, deyə ərazi bütövlüyünün bərpa olunmasını tələb edir: “Mən bir daha münaqişənin həllinə kömək etmək istəyən bütün tərəflərə, həmçinin Ermənistan rəhbərliyinə deyirəm ki, nə qədər gec deyil işğala indi son qoyun. Bəyanat verin ki, siz həll prinsiplərini qəbul edirsiniz, Azərbaycanın ərazi bütövlüyünü qəbul edirsiniz”.

Prezident İlham Əliyevin trans­milli televiziya kanallarında verdi­yi müsahibələrdə erməni xalqına müraciəti, Azərbaycanın sülhsevər missiyasının, dinc, mülki əhaliyə münasibətdə humanizm prinsiplərinə sadiqliyinin göstəricisidir: “Öz hökumətinizi etdiklərinə görə məsuliyyətə cəlb edin, övladlarınızı Azərbaycana göndərməyin, öz övladlarınızı işğal olunmuş ərazilərə göndərməyin. Bu gün qondarma “Dağlıq Qarabağ ordusu”nun 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Bu işğala son qoyun. Azərbaycan ərazisini tərk edin. Öz torpağınızda yaşayın və onda bizdə sülh olacaq”.

Ermənistan ərazisindən Gəncə və Mingəçevir şəhərlərinin vurulması faktına toxunan İlham Əliyev “TRT Haber” telekanalına müsahibəsində Ermənistanın əhatəsi genişlənən hərbi təxribatlarının qarşıdurmanın böyük regional böhrana çevrilməsinə he­sablandığını bildirir: “Ermənistanın çirkin əməlləri qarşıdurmanın böyük regional böhrana çevrilməsinə hesablanıb. Biz hesab edirik ki, buna yol vermək olmaz. Bu müharibə Azərbaycanla Ermənistan arasında olan müharibədir. Bu müharibəni biz başlamamışıq. Biz bu müharibənin səbəbkarı deyilik. Biz, sadəcə olaraq, özümüzü müdafiə edi­rik və öz torpaqlarımızı geri istəyirik. Bizim Ermənistan torpaqlarında gözümüz yoxdur”.

Cənab Prezidentin 4 il bun­dan əvvəl, aprel döyüşləri zamanı səsləndirdiyi – “Cocuq Mərcanlı ləyaqətimizin rəmzidir, iradəmizin rəmzidir və Cocuq Mərcanlı bizim qayıdışımızın rəmzidir” fikri bu gün təsdiqini tapır. Cənab Preziden­tin əminliklə səsləndirdiyi fikirlər, bəyanatlar Azərbaycan xalqına, Azərbaycan Ordusuna ruh yüksəkliyi, inam verdiyi qədər təcavüzkar düşməndə və onların havadarların­da qorxu və təlaş yaradır. Ali Baş Komandan Azərbaycan xalqının işğal faktına daha 30 il dözməyəcəyini dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, vasitəçilik missiyasını həyata keçirən həmsədr dövlətlərə bəyan edir, böyük qayıdışın mütləq şəkildə reallaşacağını əminliklə bildi­rir: “Mən əminəm ki, o ərazilərdən köçürülənlərin hamısı geri qayı­dacaq. Geri qayıtmağa yol yoxdur, çünki hər şey dağılıb. Hər şey. Bir tikili belə qalmayıb. Hər şey dağılıb. Sözsüz ki, biz kömək edib şəhərləri, kəndləri yenidən quracağıq, onların əvvəlki adlarını qaytaracağıq. Çünki ermənilər bizə qarşı mədəni soyqırı­mı törədiblər. Onlar işğal olunmuş ərazilərdə bütün məscidləri dağıdıb­lar. Onlar məscidlərdə donuz və inək saxlamaqla bütün müsəlmanları təhqir edirlər. Onlar şəhərlərimizin, kəndlərimizin adlarını dəyişdiriblər. Bütün adlar qaytarılacaq. Biz öz torpaqlarımıza geri qayıdacağıq. Bu, bizim qanuni hüququmuzdur. Bu, bi­zim üçün tarixi vəzifədir və əminəm ki, biz buna nail olacağıq”.

Prezident İlham Əliyevin bu çı­xışları, müsahibələri Dağlıq Qarabağ münaqişəsinin, Ermənistanın işğal siyasətinin, beynəlxalq müstəvidə məsələyə münasibətin araşdırılması, tarixi, hüquqi-siyası aspektlərinin təhlili baxımından xüsusi əhəmiyyət kəsb edir.

Leyla RƏŞİD, “Xalq qəzeti”

Xəbər lenti