Yanvarın 18-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında şəhid ailələri, qazilər və qazi ailələri üçün ödənişsiz müayinə aksiyası təşkil olunub.
ATU-dan "Tehsil.biz"ə bildirilib ki, bu kateqoriyadan olan şəxslər həkim baxışı ilə yanaşı, qanın ümumi analizi+ECS, sidiyin ümumi analizi, qanda şəkər, döş qəfəsinin rentgenoskopiyası, EKQ, USM, o cümlədən laborator və instrumental müayinələrdən də tam ödənişsiz keçiblər. Aksiyanın necə həyata keçirildiyini müşahidə etmək üçün klinikada olduq.
Xəstə yaxını Orxan Mehdiyev bizimlə söhbətində bildirdi ki, anası Səidə Mehdiyevanı tanınmış nevropatoloq Dilarə Xəlilovanın qəbuluna gətirib. Orxanın sözlərinə görə, qardaşı Vətən müharibəsində şəhid olduqdan sonra anası ağır dərəcəli psixoloji travma alıb və hazırda böyük sıxıntılar içərisində yaşayır. Bir ildən çoxdur ki, anası bir çox həkimlər tərəfindən müalicə olunsa da, yenə kəskin baş ağrısından və davamlı ürək döyüntüsündən əziyyət çəkir. Ona görə də D.Xəlilovaya müraciət etmək qərarına gəliblər.
Növbəti müsahibimiz, qazi Rövşən Verdiyev böyrəklərini müayinə etdirmək üçün gəldiyini deyir. Ödənişsiz aksiyanın təşkilindən razılığını dilə gətirən qazimiz söyləyir ki, indiyədək səhhətində ciddi bir problem olmayıb. Koronavirusa qarşı üç dozanı qəbul edib və bu gün də şəkərini, təzyiqini yoxlatdırmaq üçün ümumi analiz verəcək.
Qəbul şöbəsindən öyrənirik ki, aksiyaya gələnlərin bir çoxunun üz tutduğu həkimlərdən biri də klinikanın Pulmonologiya və allerqologiya şöbəsinin terapevt-kardioloqu, dosent Arzu Bəydəmirovadır. Adıçəkilən şöbədə qazi atası Mahmud Ağayevlə həmsöhbət oluruq. Bildirir ki, oğlu Qəzənfər Ağayev II Qarabağ müharibəsi qəhrəmanıdır və hazırda onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün “Yaşat” Fondu tərəfindən qardaş Türkiyə Cümhuriyyətinə müalicəyə göndərilib. Özü isə təzyiq xəstəsidir və kardioloji müayinə almaq üçün klinikada təşkil olunmuş bu aksiyaya qatılıb.
Bundan başqa, həkimin qəbulunda növbə gözləyən şəhid ailə üzvləri Zeynəbxatun Allahverdiyeva, Fərqanə Əzizova, Kinayət İsgəndərova və daha bir şəhidimizin həyat yoldaşı Nabat Məmmədovanın səhhəti ilə də maraqlanırıq. Onlar qeyd edirlər ki, aksiya haqda sosial şəbəkələrdən öyrəniblər və Arzu xanımı peşəkar həkim kimi tanıdıqları üçün fürsətdən istifadə etmək qərarına gəliblər.
A.Bəydəmirova özü isə ona pənah gətirənlərin şikayətini dinləyir, müayinələr aparır və məsləhətlərini verirdi. İşinin çoxluğuna baxmayaraq bizimlə də ayaqüstü söhbət etməyə imkan tapan həkim məlumat verdi ki, bununla üçüncü dəfədir belə xeyriyyə aksiyasında iştirak edir. Ona müraciət edənlərin əksəriyyəti əsəb gərginliyindən, yüksək təzyiqdən və psixoloji cəhətdən əziyyət çəkənlərdir. Həkimin sözlərinə görə, bu kateqoriyadan olan insanlara davamlı olaraq tibbi yardım göstərmək lazımdır. Bunun üçün də onları hər ay həkim müayinəsindən keçirmək və daim diqqətdə saxlamaq lazımdır.
Daha sonra Nevrologiya şöbəsinə baş çəkirik. Burada diqqətimizi hərbi geyimdə olan bir qazi çəkir. Ona yaxınlaşıb söhbət edirik. Məlum olur ki, Vətən Müharibəsinin iştirakçısı Mənsum İsgəndərovdur. O, Nevrologiya kafedrasının müdiri, professor Aytən Mahalovanın qəbuluna gəlib. Mənsum deyir ki, 3 uşağı və həyat yoldaşını da müayinələrə gətirib. Klinikada yaradılan şəraitdən, onlara göstərilən diqqət və qayğıdan məmnun olduğunu ifadə edən M.İsgəndərov, hər zaman dövlətin dəstəyini hiss etdiklərini bildiri və bu cür aksiyaları dövlətimizin onlara göstərdiyi münasibətin bariz nümunəsi kimi qiymətləndirir.
Xeyriyyə aksiyasının məqsədi və əhəmiyyəti barədə fikirlərini bizimlə bölüşən Terapevtik Klinikanın direktoru, professor Surxay Musayev bildirdi ki, 8 noyabr 2020-ci il Azərbaycanın tarixinə ən parlaq səhifə kimi daxil olub: “Şanlı Ordumuzun işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda başladığı Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə sona çatdı. Düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik. Bununla da xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildi, ədalət öz yerini tapdı. Hazırda doğma Qarabağımızda geniş miqyasda bərpa-quruculuq işləri aparılır. İnsanların öz doğma yurd-yuvalarına qayıtması üçün nəhəng layihələr həyata keçirilir. 30 ilə yaxın qaçqın və məcburi köçkün həyatı yaşayan insanlarımız yaxın vaxtlarda tarixi torpaqlarımıza qayıdacaqlar və orada həyat yenidən canlanacaq. Bütün bunlar bizim Qarabağ savaşında əldə etdiyimiz böyük qələbənin nəticəsidir. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, eləcə də Vətən uğrunda döyüşən, canından keçən şəhid və qazilərimiz sayəsində hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq.
Sözsüz ki, Vətən müharibəsində qazandığımız qələbə tibb işçiləri üçün də böyük fəxrdir. Bu əlamətdar günlərdə, eynilə müharibə günlərində olduğu kimi, tibb işçiləri də xalqımızın yanındadır, qələbə sevincinə şərikdir. Biz bu böyük zəfərə görə şəhid və qazilərimizə, o cümlədən onların ailə üzvlərinə borcluyuq. Həyata keçirdiyimiz aksiya da məhz bundan irəli gəlir. Səhhətində problem olan, müayinəyə ehtiyac duyan şəhid ailələrinə və qazilərimizə dəstək olmaq üçün belə bir aksiyanı təşkil etdik. Aksiya çərçivəsində Bakıda yaşayanlarla yanaşı, rayonlarımızdan olan Vətən müharibəsi şəhidlərinin ailələri, eləcə də qazilərimiz gün ərzində bir çox müayinələrdən ödənişsiz bəhrələndi. Onların müayinəsini həyata keçirmək və müalicə təyin etmək bizim müqəddəs vətəndaşlıq borcumuzdur”.
Klinikanın baş həkimi Fəridə Hacıyevanın verdiyi məlumata əsasən, aksiya çərçivəsində 86 nəfər bu kateqoriyadan olan insanlara tibbi xidmət göstərilib. Yuxarıda adlarını çəkdiyimiz həkimlərlə yanaşı, digər tibb işçiləri - Vəfa Abbasova, Aytən Məmmədzadə, Azadə Ələkbərova, Könül Abbasəliyeva, Səbinə Məşədiyeva, Aytən Məmmədbəyli, Qoşqar İsmayılov, Filurə Babayeva, Sona Qəhrəmanova, Mətanət Pənahova və Mehriban Səmədova, o cümlədən Pulmonologiya və allerqologiya şöbəsinin rezidenti Nigar Namazlı laborator və instrumental müayinələrdə fəal iştirak ediblər.