Ölkədə təhsilin səviyyəsinin yüksəldilməsi, o cümlədən də müəllimlərin rifahının yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atılsa da, bölgələrdə, xüsusilə də ucqar kəndlərdə müəllim çatışmazlığı üzünü qabarıq şəkildə göstərməkdədir.
Ucqar bölgələrə şagirdlərə dərs keçmək üçün göndərilən müəllimlərin bir hissəsi də müəyyən vaxtdan sonra orada dayanmır və geri dönür.
Qeyd etdiyimiz kimi, Azərbaycanda bəzi məktəblərdə müəllim çatışmazlığı hökm sürür. Bu da həmin təhsil müəssisələrində eyni müəllimin bir neçə fənni tədris etməsinə səbəb olur. Belə bir problem Kürdəmirin Qarabucaq qəsəbəsi, Salyanın Kürsəngi kəndi, eləcə də Gədəbəy və Zaqatalanın bir neçə kəndində də yaşanır. Bu kəndlərdə vəziyyət o həddə çatıb ki, riyaziyyat kimi əsas fənni fizika müəllimi tədris edir. Yəni bir müəllim bir neçə fənni tədris edir.
Kamran Əsədov: “Tarix və coğrafiya kimi fənlərin eyni müəllim tərəfindən keçilməsi tədrisin keyfiyyətini aşağı salır”
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, bölgələrdə əsas müəllim çatışmazlığı rus bölməsi ilə bağlıdır. Həmçinin, biologiya, kimya və təsviri incəsənət müəllimlərinə də tələbat çoxdur.
Eksperin fikrincə, hətta tarix və coğrafiya kimi fənlərin eyni müəllim tərəfindən keçilməsi tədrisin keyfiyyətini aşağı salır: “Problemin həlli üçün müəllimlərin işə qəbulu imtahanlarında həmin ərazidə daimi yaşayan şəxslərə üstünlük verilməlidir. Eyni zamanda, ucqar yaşayış məntəqələri üçün əlavə həvəsləndirmə tədbirləri də görülməlidir. Məsələnin başqa bir tərəfi də var. Hər il xeyli sayda namizəd müəllimlərin işə qəbulu imtahanlarından kəsilir. Böyük şəhərlərdə və rayon mərkəzlərində isə hətta müəyyən fənlərdən müəllim sıxlığı yaşanır. Belə nəticə çıxarmaq olar ki, ölkədə müəyyən fənlərdən kifayət qədər müəllim var, ancaq onlar bölgələrə getməkdə maraqlı deyillər”.
Nadir İsrafilov: “Gənc müəllimlər kəndə getməkdən çəkinirlər”
Təhsil Nazirliyi yanında İctimai Şura sədrinin müavini Nadir İsrafilovun sözlərinə görə, son illər ölkədə gənc müəllimlərin regionlarda işləməyə həvəsləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir, lakin bu istiqamətdə işlərin davam etdirilməsi zəruridir: “Onların əksəriyyəti Bakıda işləmək istəyir. Bəzi bölgələrdə müəllim çatışmazlığı var və elə olur ki, məsələn, tarix müəllimi coğrafiyadan da dərs deyir. Niyə kadrlar kifayət etmir? Çünki gənc müəllimlər kəndə getməkdən çəkinirlər. Bu da onların şəraitə qane olmamaları ilə bağlıdır. Regionları inkişaf etdirərkən təkcə yeni məktəblər tikmək yox, həm də müvafiq infrastrukturu - klublar, mədəniyyət evləri və s. yaratmaq vacibdir. Məsələn, kəndə gənc müəllim gəlir və şəhərdən sonra orada yaşamaq onun üçün uyğunsuzdur. Onun tamhüquqlu asudə vaxtını təmin etmək lazımdır. Bölgələrdə də kifayət qədər ixtisaslı kadrların olması lazımdır. Qarabağ məsələsi həll olunduğu üçün işğaldan azad edilmiş rayonlarda müəllimlərə ehtiyac yaranacaq. SSRİ-də elə bir dövr olub ki, kənd məktəblərində kadr çatışmazlığı var idi, ali pedaqoji təhsilli müəllimlər az idi, haradasa 10-15% civarında idi. Sonra 1973-cü ildə radikal qərar verildi: kənd məktəblərində işləyənlər hərbi xidmətdən azad edildi. O zaman təhsil strateji sahə hesab olunurdu. Çoxlu sayda gənc müəllim kəndə dərs deməyə getdi, kadrlarda xeyli cavanlaşma oldu. Önəmli olan odur ki, kəndlərdə müəllimlər mənzillə təmin olundular. Bəziləri rayonlarda ailə qurub, həmişəlik orada qaldılar”.
Günel CƏLİLOVA