Logo

Ən böyük arzusu Şuşada solo konserti verməkdir

05.06.2022 13:19 434 baxış
IMG

Ana laylasından böyük səhnəyə gedən yol

Milli musiqimizin   tacıdır  muğam. Ta qədim zamanlardan  beşik başında    bələkdə qığıldayan çağaları ovundurmaq üçün anaların  dilində  həzin notlarla  səslənən   ruhi  qida mənbəyi olubdur  muğam. Sehrli gücə malik olan bu möcüzənin  təsiri altında  körpə  uyuyar, öz  nağıl dünyasına, rəngarəng yuxuların qoynunda  baldan  şirin arzularına qovuşardı.

Buna görə də  ana südü  qədər doğmadır, müqəddəsdir bizim üçün  muğam. Erkən çağlarımızdan bizi özümüzə tanıtdıran, sevincli, kədərli  günlərimizdə həmdəmimiz olan, Tanrı eşqini qəlbimizə hakim edən  ecazkar bir qüvvədir  muğam.

80-cı illədrən sonrakı tarixi dönəmdə  yaşadığımız gərgin psixoloji məqamlar  laylalarımızın, muğamlarımızın dadını da dəyişdi, ahəngini də. İnsana həyat eşqi  bəxş edən, onun ruhuna xoş ovqat qatan  laylaların məzmunu da , mənası da kövrək notlarla əvəzləndi. Ümumiyyətlə, çox da uzaq olmayan yaxın keçmişdə təmiz hava  və  şəffaf su qədər  vacib həyat rəmzimiz  sayılan muğamlarımızın  bal  dadı az qala damağımızdan gedəcəkdi. Nə yaxşı ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım  Əliyeva   bu nisgili  tarixin acı yaddaşına ötürdü   və muğamımızı  milli ruhumuza qovuşdurdu. Bu gün nümayiş olunan artıq sayca  VIII muğam müsabiqəsində  bu cür  fikirlər və etiraflar  demək olar ki, hər dəfə münsiflərin dilindən səslənir. Budur, yenə  mavi ekran qarşısında oturub həyəcanla muğam  müsabiqəsini izləyirik. Özü də nədənsə  kiçikyaşlı müsabiqə iştirakçılarının çıxışlarına  daha  çox maraq  göstəririk. Bilirsinizmi niyə? Zənnimcə, bunun səbəblərindən biri də budur ki, analarının beşik başında   hədsiz məhəbbətlə səsləndirdikləri xalq  mahnılarının, bayatıların, onları  şirin  yuxulara qovuşduran müğam parçalarının  ahəngi, ətri duyulur bu ifalarda. Və demək olar ki, bütün müsabiqələrdə kiçikyaşlı iştirakçılar Qran Pri mükafatı  qazanır, öncül yerlərdən birinə sahib olurlar. Belə  istedad sahiblərindən olan yeniyetmə  muğam ifaçılarından biri  ilə də bu gün ətraflı tanış olacağıq. Bu yeniyetmə  VIII Muğam müsabiqəsinin iştirakçısı, ilk çıxışından münsiflərin alqışlarını və yüksək qiymətlərini qazanan  Həzrət Əzizlidir.

Muğamı olduqca çox sevir

Həzrət Əzizli Biləsuvar rayonunun  Xırmandalı kəndində anadan olub. 2014-cü ildə o, ailəsi ilə birlikdə   Bakının  Xəzər rayonuna köçüb. Musiqi sahəsində  ilk addımlarını  da elə Mərdəkan qəsəbəsindəki  Xəzər rayon Bülbülcan adına musiqi məktəbində atıb. Sonra  Həzrət  musiqi təhsilini 24 nömrəli  onbirillik musiqi məktəbində  davam etdirib. 2019- cu il  isə onun  üçün  xüsusilə  əlamətdar olub. Belə ki, o, çoxdan arzuladığı  Milli Konservatoriyanın  tərkibində İncəsənət Gimnaziyasına - Aytən Məhərrəmovanın sinfinə xanəndə ixtisası üzrə qəbul olunub. Həzrət çox duyğusal, kövrək qəlblidir, əsasən yaşlı insanlara qarşı çox həssasdır. Muğamı olduqca  çox sevir, onsuz  həyatını təsəvvür  belə edə bilmir. Müəllimi Aytən Məhərrəmovadan muğamlarımızın sirlərini böyük  həvəslə öyrənir. Şuşa şəhərində  “Mənim atam Qəhrəmandır” devizi altında şəhid övladları ilə keçirilən tədbirlərdə fəal iştirakına görə  Həzrət Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Fəxri fərmana  layiq  görülüb.

“Qələbə bizimdir, Qarabağ Azərbaycandır!”

“Xudayar təsnifi”ni konsertlərdə xüsusi şövqlə oxuyur. Mütəmadi olaraq    respublika  və  beynəlxalq səviyyəli müsabiqələrdə uğurla çıxış edir. Hazırda  isə gördüyümüz kimi, VIII Muğam Televiziya Müsabiqəsinin öncül iştirakçılarından biridir. Bu müsabiqədən öncə istedadlı yeniyetmə   Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin V illik yubileyinə həsr olunan  konsertlərdə həvəslə iştirak edib. Konsertlər  Tbilisi Dövlət Konservatoriyası və Tbilisi şəhərində M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzində  baş tutub.

2021-ci il sentyabrın 16-da Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə KİV nümayəndələri üçün təşkil edilən “Media və təhsil dialoqu” adlı maarifləndirici təlimdə Həzrət xalq mahnılarını böyük ustalıqla  səsləndirib.  “Gənclərə dəstək” layihəsi çərçivəsində “Qələbə bizimdir, Qarabağ Azərbaycandır!” adlı onlayn konsertdə də  yeniyetmə istedad sahibi öz məharətini nümayiş etdirib. Avstriyanın Viyana şəhərində  Novruz bayramına həsr olunan  konsertlərdə öz istedadlarını nümayiş etdirən  yeniyetmə ifaçılar arasında Həzrət də olub və o,  Azərbaycan bəstəkarlarının mahnılarını  ifa edib. 2021-ci ilin oktyabrında  isə Bakı Ekspo Mərkəzində  baş tutan  VII  Bakı Beynəlxalq Kitab Sərgisində Həzrət Əzizlinin çıxışı  tədbir iştirakçıları tərəfindən  maraqla qarşılanıb.

Dəfələrlə televiziya verilişlərinin iştirakçısı olub

Həzrət Əzizli  düşmən taptağından azad olunan  Cəbrayıl rayonunda Xudafərin körpüsündə “Qarabağ Azərbaycandır” adlı mahnını dostları ilə birgə qürurla dəfələrlə Azərbaycan televiziyasının musiqili verilişlərində müəllimi Aytən Məhərrəmova ilə birlikdə  vətənpərvərlik mövzusuna həsr olunan mahnı və muğamları  məharətlə ifa  edib.

Yeniyetmə muğam ifaçısının ən böyük arzusu  Qarabağda “Qarabağ şikəstəsi”ni ifa etmək, Şuşa şəhərində isə böyük solo konserti verməkdir. Bu arzunun reallaşacağı günsə heç də uzaqda deyil. Elə Muğam Televiziya Müsabiqəsinə iştirakçı seçilməsi də bir vaxtlar  onun  arzusu olub və  nəticədə  çalışqanlığı, məlahətli səsi, əzmkarlığı  sayəsində    bu istəyi  reallaşıb. Onlarla yeniyetmə ifaçı arasında  münsiflərin diqqətini cəlb etmək və bu gün  ona göstərilən  yüksək  etimadı hər çıxışda doğrultmaq  Həzrətin  müsabiqə qalibi olacağına ümid etməyə əsas verir.

 Sifai SƏFƏROVA

Xəbər lenti