Logo

Mədinənin pişiyi

06.06.2022 22:36 908 baxış
IMG

Sizə çöhrəsi nur haləli, geyimi qırçın naxışlı, xanım-xatın qız haqqında danışacam. Bir də onun balaca pişiyindən.

Bu qızı tanıyan hər kəs deyir ki, o, sanki dünyaya yaxşılıq etmək üçün gəlib. Təbiətcə mülayimdir. Tanrının təbiətə bəxş etdiklərini əmanət bilir. Səkidə qarışqa gördükdə ehmalca addımlayır. Quşlara yem verir, sınmış ağac budağı gördükdə qəlbi ağacla birlikdə "ağlayır". 

O, təbiətsevər, heyvansevərdir. İstəyi isə Tanrının azad yaratdığı canlıları dünyada rahat, şad-xürrəm görməkdi. 

Günlərin birində Mədinəgilin evinə qonaq gəlir. Bu, qara gözlü, nöqtə burunlu, yeni doğulmuş ərköyün pişik idi.

İlk vaxtlar Mədinənin ovqatı təlx keçirdi. Zənn etməyin ki, bu qonağa görə idi. Əsla! Mədinə bala pişiyin ana təbiətdən, sonra da anasından ayrı düşməsinə üzülür, bəzən fikrə dalaraq düşünürdü: "Heyvanlar insanın öz əli ilə yaratdığı yerlərdə deyil, məhz Tanrının ucsuz-bucaqsız təbiətində xoşbəxt ola bilərlər".

Fəqət çox keçmir ki, qara gözlü, nöqtə burunlu, ərköyün bala pişik Mədinə ilə dostlaşır. Özünü onun yanında olduqca xoşbəxt hiss edir. Axı heyvanlar insanın ruhuna bələddirlər. Heyvanlar həm də mələkdirlər. Tanrının yer üzərindəki qanadsız mələkləri.

Mədinə bala pişiyin sədaqətini görürdü. Və deyirdi ki, mən evdə olmadığım gün bala pişik giriş qapısı önündə ac-susuz gözləyir.

Adam bu anı gözlər önünə gətirəndə mütəəssir olur. Bir anlıq düşüncəmizdə "Qara qulaq ağ Bim" canlanır.

Mədinənin bala pişiyi İvan İvanoviçin Bimi qədər etibarlı, vəfalı idi. Buna görə də sahibi çox vaxt heç kimə demədiklərini məhz, öz balaca dostuna deyirdi. Onu Bimdən iki əlamət fərqləndirirdi: pişik olması və təkcə qulağının deyil, bütün bədəninin qaralığı.

Bala pişik həm də özündən çox razıdır. Mark Tvenin "Əfsanə' hekayəsində olduğu kimi, bütün heyvanlardan seçilir. Tez-tez önündə dayandığı güzgüdə özü ilə yanaşı, həm də dostunu - sahibini görür.

Mədinə bala pişiyi vaxtaşırı təbiət qoynuna çıxarır. Onun təbiətlə bağlılığını təmin edir. Heç vaxt yeməyin, suyun gecikdirmir. Düşünür ki, danışa bilməyən heyvanın dili məhz insandır. 

Sahibi bala pişiyini 
Morli Kallagenin qəhrəmanı Denin öz iti - Lükü sevdiyi qədər sevir. 

Mədinə hardasa sentimental insandır. Həmçinin, kübardır. Düşüncələrə qərq olmağı isə adətidir. Yenə də adəti üzrə öz hücrəsinə çəkilir. Bala pişik də onun yanında xumarlanır. Sahibi öz pişiyinə baxır və düşünür: "Təbiət qoynunda dincəlmək yox - təbiətsevər olmaq, ev heyvanına sahib olmaq yox - heyvansevər olmaq, insan olmaq yox - insanlıq duyğusu ilə yaşamaq gərəkdir".

Əsgər İsmayılov

Xəbər lenti