Logo

Valideynlər övladlarını məktəbə rahatlıqla göndərə bilərlər

30.01.2021 13:35 778 baxış
IMG

Sosial məsafə qorunacaq, şagirdlər partalarda tək əyləşəcək, sinif otaqları mütəmadi dezinfeksiya olunacaq Fevralın 1-dən etibarən ümumi təhsil müəssisələrində mərhələlərlə əyani tədrisə başlanılacaq. Qeyd edilən tarixdən etibarən məktəbəhazırlıq qrupları, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədrisin sanitar-gigiyenik tələblər nəzərə alınaraq ənənəvi formada təşkili nəzərdə tutulur. İbtidai siniflər üzrə əyani təhsilin iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpası planlaşdırılır. Fevralın 1-dən sonrakı müddətdə isə V-IX siniflərdə təhsil alan şagirdlərin tədrisə ənənəvi qaydada cəlbi barədə qərar veriləcək.
Məktəblərlə bağlı qəbul edilən bu qərar valideynləri sevindirsə də, övladının sağlamlığından ehtiyat etdiyi üçün onu məktəbə göndərmək istəməyənlər də az deyil. Bir qisim insan övladını məktəbə göndərməyəcəyini, hələ də koronavirus təhlükəsinin olması səbəbindən ehtiyat etdiyini bildirir. Digərləri isə onlayn təhsili tənqid edir, israrla məktəblərdə əyani dərslərin olmasını tələb edirlər.
Bəs vəziyyət necə olacaq? Məktəblərin açılması hansı təhlükələri yarada bilər və nələrə diqqət edilməlidir? Şagirdləri koronavirus bəlasından qoruya bilərikmi?
"Məktəbə şagirdlərdən və təhsil işçilərindən başqa kiminsə girməyi qadağandır”
Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev deyir ki, valideynlər iltizam sənədi imzalayır və üzərinə götürür ki, əgər ailədə koronavirus simptomları olan və yaxud testi pozitiv çıxan şəxslər varsa, övladlarını məktəbə göndərməyəcəklər: "Bununla yanaşı məktəblərdə də müvafiq epidemioloji vəziyyətin tənzimlənməsi üçün qaydalar müəyyən olunub. İlk olaraq şagird məktəb ərazisinə daxil olduqda orada müvafiq işarələr olacaq. Bunlara riayət olunmalı, sosial məsafə qorunmalıdır. Məktəb ərazisinə şagirdlərdən və təhsil işçilərindən başqa kiminsə girməyi qadağandır. Eyni zamanda, sosial məsafə qorunmaqla uzaqdan ölçən termometr cihazlarından istifadə olunur. Müəllim və şagirdlər də 37 dərəcədən artıq temperaturları olduğu təqdirdə məktəbin inzibati binasına buraxılmır”.  Maskadan istifadəyə gəldikdə isə nazirlik rəsmisi deyir ki, maskalardan istifadə işçilər üçün birmənalı olaraq məcburidir: "Amma şagirdlər üçün könüllüdür. Çünki yoluxmaların təhlili göstərir ki, 12 yaşdan aşağı uşaqların yoluxma faizi çox aşağıdır. Digər tərəfdən nəzərə alsaq ki, onlar uşaqdırlar, maska özü yoluxma mənbəyi ola bilər. Uşaqlar valideynsiz maskadan istifadə zamanı gigiyenik qaydalara əməl etməyə bilərlər. Partanın üstünə atarlar, yaxud yerə düşər. Ona görə də könüllülük qaydası yalnız uşaqlara aiddir. Məktəbdə digər qaydalar da var. Siniflər yarımqruplara bölünür. Şagirdlər partalarda tək otururlar. Şagirdlər kabineti dəyişmir, dərsi sonuna qədər eyni partada əyləşir. Eyni zamanda bufetlər, yeməkxanalar işləmir. Fasilələrdə sinif otaqları dezinfeksiya olunur. Məktəblərdə bütün gigiyenik qaydalara əməl olunur”.
Müəllimlər vaksinasiya olunacaqmı? Rəşad Tağıyevin sözlərinə görə, 50 yaşdan yuxarı müəllimlərin siyahısı tərtib olunub və aidiyyəti qurumlara göndərilib: "Əslində qeyd olunan vaksinasiya prosesi Səhiyyə Nazirliyi tərəfindən aparılır. Təhsil işçiləri də bu planın içindədir. Biz tərəfdən 50 yaşdan yuxarı olan müəllimlərin siyahısı tərtib olundu. Onların sayı 49 mindən çoxdur. Peyvənd könüllülük prinsipi əsasında olacaq. Hər hansı təzyiq, məhdudiyyət yoxdur”.  "Biz xəstəlikdən qorunma yollarını bilirik” Təhsil eksperti Kamran Əsədov bizimlə söhbətində bildirdi ki, 2020-ci ilin mart ayı ilə müqayisədə insanlar artıq bu xəstəliyi və ondan qorunmağı bilir. Əsas prinsiplərə riayət etdikdə yoluxmanın qarşısını ala bilərik: "İlk növbədə qeyd edim ki, beynəlxalq təşkilatların məlumatına görə, bu virus, yoluxmuş şəxsin öskürməsi və asqırması nəticəsində əmələ gələn tənəffüs damlaları ilə birbaşa təmas nəticəsində ötürülür. Eyni zamanda, insanlar virusla çirklənmiş səthlərdən, həmçinin bu cür səthlərə toxunmaqla, habelə üzünə, məsələn gözlərinə, burnuna, ağzına əl vurmaqla sözügedən xəstəliyə yoluxa bilərlər. 2020-ci ilin mart ayı ilə müqayisədə biz xəstəliyi və ondan qorunmağı bilirik. Əsas prinsiplərə riayət etməklə məktəbdə şagirdlərin, müəllimlərin və texniki işçilərin təhlükəsizliyini təmin etmək və bu xəstəliyin yayılmasının qarşısını almaq mümkündür. Şəxslər mütləq şəkildə zəruri biliklərə yiyələnməlidirlər. Bu səbəbdən məktəblərin açılması lazımdır. Çünki pandemiya səbəbindən təhsildən kənarda qalma gələcəkdə daha ağır nəticələri göstərə bilər”. "Valideynlər övladlarını rahatlıqla məktəbə yola sala bilərlər” Ekspert vurğulayır ki, valideynlər narahat olmamalıdırlar: "Bilirik ki, 2020-ci ilin 15 sentyabrında dərslər bərpa ediləndə Təhsil Nazirliyinin birbaşa ciddi yoxlanışı ilə xəstə şagirdlər, müəllimlər və texniki işçilər məktəbə gəlir və buraxılmır. Ona görə də valideynlər narahat olmamalıdırlar. Bundan başqa məktəblərdə şagirdlərin əllərini təmiz su və sabunla, əl üçün spirtli/dezinfeksiya vasitələri ilə müntəzəm olaraq yuması və ən azı gündə bir dəfə döşəmə, parta kimi səthlərin xlorlu su məhlulu ilə dezinfeksiyası və təmizlənməsi nazirlik tərəfindən təşkil edilir. 1 fevraldan məktəbdə müxtəlif siniflər üçün dərs gününün fərqli saatlarda başlanması və yekunlaşması şagird sıxlığını ciddi şəkildə azaldır ki, bu da yoluxma riskini azaldır. Yəni valideynlər övladlarını rahatlıqla məktəbə yola sala bilərlər. İzdiham toplayan yığıncaqların, idman oyunlarının və digər tədbirlərin ləğv edilməsi məktəblərin virusdan tam təhlükəsiz məkana çevrilməsinə gətirib çıxarıb. Sinif otaqlarındakı partalar arasında ən azı bir metrlik məsafənin yaradılması hətta risk qrupu hesab olunan müəllimlərin də şagirdlər üçün heç bir təhlükə yaratmamasına gətirib çıxarıb. Düşünürəm ki şagirdlər qoruyucu maskalardan da mütəmadi istifadə edərlərsə, bu, onların normal dərslərdə iştirakına heç bir maneə törətməyəcək. Hesab edirəm ki, dərslərdən kənarda qalma, distant formada təhsil alma şagirdlərə fiziki, psixoloji və dərs mənimsəmə baxımından mənfi təsir göstərib. Ona görə də, onların yenidən qaydalara riayət etməklə dərslərə başlaması müsbət haldır”.  "Valideynlər, şagirdlər arxayınlaşmamalıdırlar” Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyir ki, bütün hallarda məktəblərin açılmasının tərəfdarıdır: "Əlbəttə ki, Azərbaycanda bu gün yoluxma sayının azalması, sanitar-epidemioloji vəziyyətin nəzarət altında olması bizə imkan verir ki, artıq çoxdan gözlədiyimiz ənənəvi formada təhsilə keçidi təmin edə bilək. Valideynlərin bu məsələyə münasibəti fərqlidir. Bəziləri ənənəvi təhsilin tərəfdarıdır, bəziləri övladını məktəbə göndərməkdən çəkinirlər. Ümid edirəm ki, burada narahatçılıq olmayacaq. Mütəmadi olaraq Təhsil Nazirliyi aidiyyəti qurumlarla xüsusilə Operativ Qərargahla məsələni təhlil edəcək. Vəziyyət analiz edildikdən sonra hər hansı bir məktəbdə yoluxma varsa, lokal qərarlar qəbul ediləcək. Mən bütün hallarda məktəblərin açılmasının tərəfdarıyam. Bir neçə müddət qabaq da məktəblər açılmışdı o zaman da biz qeyd edirdik ki, əslində yoluxma məktəblərdə baş vermir. Yoluxma ailələrdədir və həmin ailələrdən şagirdlər, yaxud müəllimlər məktəbə gələrsə, yoluxma prosesi baş verə bilər. Ona görə də ailələr mütləq şəkildə ehtiyatlı olmalıdırlar. Təhlükə hələ də qalmaqdadır. Valideynlər səhhətləri ilə bağlı hər hansı bir şübhə hiss edərsə, mütləq şəkildə test verib dəqiqləşmə aparmalıdırlar. Bu, yoluxmanın artmasının qarşısını alacaq”. Təhsil eksperti vurğulayır ki, məktəblərdə sanitar-epidemioloji vəziyyət yüksək səviyyədə nəzarətdə saxlanılır: "Məktəblərin dezinfeksiya edilməsi, siniflərdə sıxlığın aradan qaldırılması, sosial məsafənin gözlənilməsi, şagirdlərin sinfə daxil olarkən dezinfeksiyaedici məhsullardan istifadə etməsi ilə bağlı imkanlar yaradılıb. Müəllimlərin təhlükəsizliyini təmin etmək üçün onlar mütləq şəkildə məktəbə maska ilə daxil olmalıdırlar. Yəni məktəblərdə demək olar ki, hər gün bu məsələlərə nəzarət olacaq. Şagirdlərin, müəllimlərin temperaturlarının ölçülməsi və hər hansı şübhəli hallar müşahidə ediləcəksə, dərhal təhsil alanın və təhsil verənin təhsildən uzaqlaşdırılması prosesi baş tutacaq. Bu sahədə dünyanın fərqli ölkələrində nə tətbiq olunursa, Azərbaycanın məktəblərindədə tətbiq olunacaq. Burada məktəblərin üzərinə düşən vəzifələr aydındır və aidiyyatı qurumların öhdəliyinə nə düşürsə edəcək. Əlbəttə ki burada valideynlərin də məsuliyyət məsələsi var. Şagird günün müəyyən saatı məktəbdə olur. Məktəbdən sonra onun sağlamlığının qorunması üçün Operativ Qərargahın tövsiyələrinə riayət etmək lazımdır. Ümid edirəm ki, cəmiyyət olaraq bu məsuliyyəti dərk edirik. Məktəblərin yenidən qapadılmaması üçün bu məsuliyyəti başa düşüb, vəziyyəti nəzarətdə saxlamalıyıq. Burada tək məsuliyyət təhsil müəssisələrində deyil. Təhsil müəssisələri normativlər nədirsə, onları tətbiq edəcəklər. Valideynlər, şagirdlər bu məsələlərdə arxayınlaşmamalıdırlar. Nəzərə alaq ki, bu virus təkcə Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün böyük bir problem olaraq qalmaqdadır”.

Xəbər lenti