Logo

Ali məktəblərdə yataqxanalarla bağlı vəziyyət necədir? - SORĞU

20.09.2022 12:09 692 baxış
IMG

Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq tələbələr kirayə mənzil tapmaqda problem yaşayırlar. Belə olan halda isə tələbələrin dadına universitet yataqxanaları çatmalıdır.

Bəs, görəsən, ali məktəblərdə yataqxanalarla bağlı vəziyyət necədir?

Tehsil.biz mövzu ilə bağlı bir neçə ali təhsil müəssisəsinə sorğu göndərib.

Bakı Dövlət Universitetindən sorğumuza cavab olaraq bildirilib ki, BDU-nun "Tələbə Evi" 220 yerlikdir: 

"Yataqxanada sasən şəhid ailələrinin, müharibə iştirakçılarının və sosial həssas təbəqədən olan ailələrin övladları yerləşdirilir. Yataqxana hər bir şəraitlə təmin olunub. Yeni yataqxanaların tikilməsi də gündəmdə var".

Azərbaycan Texniki Universitetindən "Tehsil.biz"ə verilən məlumata görə, AzTU tələbə şəhərciyi 1965-70-ci illərdə inşa olunmuş 5 mərtəbəli, daş konstruksiyalı 6 binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 546 yerlik 2 ədəd 14 mərtəbəli yataqxanadan ibarətdir:

"Bu binalarda 1988-90-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Hazırda binalarda 100-dən çox ailə yaşayır. Yataqxana kompleksi tamamilə aşınıb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yarasız hala düşüb. Qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxana əsaslı şəkildə təmir olunacaq və tələbələrin istifadəsinə veriləcək".

Azərbaycan Tibb Universitetindən bildirilib ki, təhsil müəssisəsində hal-hazırda dörd yataqxana fəaliyyət göstərir: 

"Həmin yataqxanalarda ATU-da təhsil alan tələbələr yaşayırlar. Üç saylı yataqxanada hazırda təmir işləri görülür. Bir və iki saylı yataqxanada qızlar, altı saylıda oğlanlar, beş saylıda isə əcnəbi tələbələr yaşayırlar. Hazırda 4 yataqxananın ümumi tutumu 968 nəfərdir. Hər il olduğu kimi, bu il də tələbələrimizi yataqxana ilə təmin etməyə çalışacağıq. Bunun üçün universitetin rektorunun göstərişinə uyğun olaraq ilk öncə şəhid və Qarabağ qazilərinin ailələrinə, daha sonra isə digər tələbələr yataqxanalarda yerləşdiriləcək. Hazırda tələbələrin yataqxanalarda yerləşdirilməsi prosesi başlanılmayıb. Düşünürük ki, Azərbaycan vətəndaşı olan tələbələrimizin hər birini yataqxana ilə tam təmin edək. Bu il yerimizin kifayət qədər boş olmamasına baxmayaraq həssas kateqoriyalara aid olan tələbələrin yerləşdirilməsi üçün əlimizdən gələni edəcəyik. Qalan yerlərdə isə əcnəbi tələbələr yerləşdirilir. Yataqxanalarda bütün problemlər aradan qaldırılıb. Yataqxana haqqına gəldikdə isə baxmayaraq ki, ölkəmizdə kommunal xidmətlər kifayət qədər artırılıb, ancaq Azərbaycan vətəndaşı olan tələbələr yataqxanalarda əvvəlki qaydalar çərçivəsində yerləşdiriləcək. Həmin tələbələr hər ay üçün 50-80 manat ödəniş edəcəklər. Bu qiymət isə otaqların tələbə tutumuna görə dəyişir".

Azərbaycan Dövlət Pedaqoji Universitetindən 240 yerlik 1 yataqxananın mövcud olduğunu bildirilib: 

"Bu, 18 min tələbəsi olan universitet üçün çox azdır. Ona görə də, əsasən, sosial təminatı aşağı, şəhid, qazı ailələrindən olan tələbələrə üstünlük verilir. Universitetin əksər tələbələri isə kirayələrdə qalırlar. Pedaqoji universitetin də planlarında yeni yataqxanaların tikilməsi var".

Azərbaycan İlahiyyat İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, institutun özünəməxsus yataqxanası obyektiv səbəblər ucbatından hələlik mövcud deyil:

"Buna baxmayaraq sosial təminatı zəif, eyni zamanda, şəhid və qazi ailələrindən olan tələbələrə kirayə yardımı etməyə çalışırıq. Bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu bizə dəstək verir. Qeyd edək ki, ali təhsil müəssisəsində təhsil tamamilə ödənişsizdir. Tələbələr dərsliklərlə təmin edilir, eyni zamanda, təqaüddən əlavə onlara yeməkpulu ödənilir. Həmçinin yüksək göstəricələrə malik tələbələr adlı təqaüdlərlə təmin edilirlər".

Mingəçevir Dövlət Universitetindən isə verilən məlumata görə, hazırda MDU-nun yataqxanası mövcud deyil:

"Gələcəkdə yataqxananın tikintisi başlayacaq. Həm qız, həm də oğlan tələbələr üçün yataqxananın olması nəzərdə tutulub".

Əmək və Sosial Münasibətlər Akademiyasından sorğumuza cavab olaraq bildirildi ki, akademiyanın yataqxanası oğlan və qız tələbələr üçün 60 nəfər tutuma malikdir.

Lənkəran Dövlət Universitetindən sorğumuza cavab olaraq bildirildi ki, 2019-cu ildə istifadəyə verilmiş 153 nəfərlik qızlar yataqxanası yeni tədris ilinə tam hazırdır:

"Tələbələr artıq yerləşdirilib. Növbəti illərdə oğlanlar üçün də yataqxana binası tikiləcək".

Mədəniyyət və İncəsənət Universitetindən isə bildirildi ki, yataqxanalarında uzun illərdir, qaçqınlar məskunlaşıb:

"ADMİU-nun yataqxanası artıq uzun illərdir ki, Qaçqınkomun səlahiyyətindədir. Universitet oradan istifadə etmir".

Xəbər lenti