Logo

Eşitmə qüsurlu uşaqlar üçün teledərslər

13.02.2021 11:28 1064 baxış
IMG

Təhsil Nazirliyinin yeni layihəsi eşitmədə çətinliyi olan uşaqlar üçün əlavə imkanlar yaradır COVİD-19 pandemiyası nəticəsində onlayn-distant təhsil əyani təhsili əvəzlədi. Əksər ölkələrin təhsil məkanında nisbətən arxa planda qalan bu tədris üsulu ön plana keçdi. Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində tədris prosesinin dayandırılması səbəbindən dərslərin onlayn öyrənilməsi üçün bir neçə tədris resursunu təqdim edərək, dərslərin davamlılığını təmin etməyə çalışdı. Distant tədris imkanlarını, alternativ tədris resurslarını nəzərdən keçirən nazirlik "Dərs vaxtı”, "Virtual məktəb” (virtual.edu.az) layihələrini alternativ tədris metodu kimi təqdim etdi. Belə ki, "Mədəniyyət” və "ARB Günəş” kanallarında yayımlanan dərslərə ölkə üzrə minlərlə şagird qoşulur. Eyni zamanda, təhsilalanlar bütün dərsliklərin onlayn platformaya köçürüldüyü e-derslik layihələrindən faydalanırlar.
Dövlət İmtahan Mərkəzi (DİM) də şagirdlərin evdən imtahanlara hazırlaşması üçün www.otk.az internet səhifəsində pulsuz sınaq imtahanlarına imkan yaradıb.
Təhsil Nazirliyi eyni zamanda eşitmədə çətinliyi olan uşaqlar üçün də tədrisdə yaranan çətinliyi teledərslərlə aradan qaldırmaq təşəbbüsünü gerçəkləşdirib. Belə ki, fevralın 9-dan etibarən Təhsil Nazirliyinin dəstəyi ilə "Mədəniyyət” telekanalında efirə gedən "Dərs vaxtı” proqramı çərçivəsində eşitməsində çətinliyi olan uşaqlar üçün teledərslərin yayımına başlanıb. Hesab edilir ki, bu layihə internetə çıxışı olmayan uşaqlar üçün pəncərə açmaqla yanaşı, onların tədrisə yaxşı yiyələnməsinə dəstək olacaq.
Təhsil Nazirliyindən verilən məlumata görə, prosesə pedaqoji metod, üsul və vasitələrdən istifadə edərək eşitmə qavrayışını və nitqi inkişaf etdirən, tələffüzü formalaşdıran surdopedaqoqlar da cəlb olunublar. Məqsəd çətinliklərə baxmayaraq, bütün uşaqların öyrənməsini təmin etməkdir.
Təhsil mütəxəssisləri hesab edirlər ki, səs, daktil, mimika və jestlər əsasında hazırlanmış dərslər uşaqların dərslərdən daha faydalı istifadəsinə yardımçı olacaq.
Müəllimlərlə valideynlərin layihəyə yanaşmasında isə fərqlilik var.
Təhsil İnstitutunun mütəxəssisi Nərgiz Kərimova layihənin pandemiya dövründə şagirdlər üçün təhsili əlçatan etmək məqsədilə yarandığını deyir: "Təhsil Nazirliyinin dəstəyi ilə hazırlanan teledərslər təhsilalanlar üçün alternativ imkan yaradır. Nəzərə almaq lazımdır ki, pandemiya dövründə tədris prosesi yalnız ümumtəhsil məktəblərində deyil, həmçinin xüsusi təhsil müəssisələrində də dayandırıldı. Bu səbəblə "Dərs vaxtı” proqramı çərçivəsində eşitməsində çətinliyi olan uşaqlar üçün teledərslərin yayımı ilə bağlı müzakirələr və hazırlıqlar başladı. Eşitməsində çətinliyi olan uşaqlar üçün dərslər 9 fevraldan etibarən hər həftənin çərşənbə axşamı "Mədəniyyət” kanalında yayımlanır. Televiziya qarşısında dərsləri izləyə bilməyən şagirdlər üçün dərslər alternativ olaraq Təhsil Nazirliyinin rəsmi "Youtube” kanalında və "video.edu.az” saytında da yerləşdirilir”. N.Kərimovanın sözlərinə görə, hazırkı dərslər ibtidai siniflər üzrə təqdim olunur: "Hal-hazırda həm ibtidai, həm də yuxarı siniflər üçün dərslərin çəkilişi davam edir. Növbəti həftələrdən başlayaraq, eşitməsində çətinliyi olan yuxarı sinif uşaqları üçün də dərslər təqdim olunacaq”. "Teledərslerin yayımlanmasına nəinki şagirdlərimiz, valideynlərimiz də çox sevindilər. Çoxlu telefon zəngləri oldu. Valideynlərimiz minnətdarlıqlarını bildirdilər”- deyə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika xüsusi internat məktəbinin tədris işləri üzrə direktor müavini Rübabə Cabbarova qeyd edir ki, eşitmə qüsurlu uşaqlar üçün onlayn dərslərdə çətinliklər mövcud idi: "Bəzi şagirdlərimizdə internet avadanlığı çatışmazlığı, internetin olmaması çətinliklər yaradırdı. Bizim şagirdlərin əksəriyyəti rayonlarda, ucqar kəndlərdə, cəbhə bölgəsi ərazilərində yaşayırlar. Ona görə də bizdə onlayn dərslərin keçirilməsində problemlər yaranır. Teledərslər nəinki şagirdlər uçun, valideynlər üçün də önəmlidir. Teledərslərdə valideynlər övladları ilə birgə dərslərə qoşularaq dərs keçirlər. Yeni sözləri, sözlərin dakdil ve mimikasını da öyrənmiş olurlar. Teledərsdən sonra şagirdlərdə aktivlik yaranıb. Ucqar kəndlərdə yaşayan, internet əlaqəsi olmayan şagirdlərimiz müəllimləri ilə telefon bağlantısı yaradaraq teledərslərdən razılığını, sevindiklərini və bu imkanı yaradanlara minnətdarlıqlarını bildirirlər”. İnternat məktəbinin ibtidai sinif müəllimi Esmira Şirinova bildirir ki,virtual dərslərdən əvvəl, ənənəvi olaraq sinif otaqlarında dərslər keçirilirdi: "Eşitmə əngəli olan uşaqlarla tədris zamanı ilk olaraq daktildən (əlifbadan) başlayırıq. Hər sinifdə iki müəllim olur. İbtidai sinif müəlliməsi ilə yanaşı, həm də səs müəlliməsi - loqoped. Sinif müəlliməsi hərfləri keçdikcə, səs müəlliməsi səslərin düzgün artikulyasiya üzrə tələffüzünə köməklik edir. Dərslərimiz daktil, jest və dodaqdan oxumaqla şagirdlərimizə mənimsədilir”. E.Şirinovanın sözlərinə görə, bu uşaqlar digər sağlam həmyaşıdlarından daha həssas olduqları üçün onlarla işlədikdə daha çox səbir, sevgi və qayğı göstərmək önəmlidir: "Məhz bu sevgi, qayğı onların gələcəkdə cəmiyyətə normal inteqrasiyası üçün zəmin yaradır. "Dərs vaxtı” proqramının müəllimi olmaq mənim pedaqoji fəaliyyətimdə bir ilkdir. Yəni kameralar qarşısında dərs demək, sinif otağında dərs deməkdən iki və ya üçqat məsuliyyətlidir. Hazırda teledərslərimə öz şagirdlərimlə yanaşı, respublika miqyasında eşitmə əngəlli uşaqlar da baxır və faydalanır. Bu, mənə ayrıca zövq verir”. E.Şirinova atrıq start götürən dərslər barədə valideynlərin fikirlərinin fərqli olduğunu deyir: "Valideynlərin fikirləri müxtəlifdir. Xüsusən ucqar rayonlarda yaşayan, internetə çıxış problemi olan, onlayn dərslərə mütəmadi qoşula bilməyən uşaqlar üçün teledərs mükəmməl resursdur. Valideynlər bununla bağlı bizə fikirlərini bildirirlər. Elə valideyn də var ki, həm onlayn dərsi, həm teledərsi yüksək qiymətləndirsə də, əyani dərsə daha çox üstünlük verir. Bu baxımdan, valideynlərin fərqli yanaşmaları var”. 13 ildir eşitmə qüsurlu uşaqlara riyaziyyat fənnini tədris edən Aygün Abdullayeva hesab edir ki, teledərs layihəsi bu qəbil uşaqlar üçün maraqlı olacaq və onların dərslərə həvəsini artıracaq: "Uşaqlar özlərini artıq cəmiyyətin bir hissəsi sayacaqlar. İndiyə qədər az da olsa onları cəlb edən verilişlər olub. Amma bu layihə sırf onlara məxsusdur. Pandemiya səbəbindən uşaqlarda dərsə həvəs tamamilə azalmışdı. Bu layihə onlarda həm maraq, həm də həvəs oyadacaq. Bizim uşaqların hər zaman öz dünyası, öz cəmiyyəti olub. Başqa insanlar onlara qəribə baxıblar. İndisə bizim uşaqlarla birgə teledərslərə Azərbaycan xalqı baxacaq və hardasa onlara da maraqlı olacaq. Bu dərslər həmçinin onlara eşitmə qüsurlu olanlara adi yanaşmağı təlqin edəcək”. Valideynlərin fikirlərinə gəlincə, əyani tədrisi onlayn tədrisdən və teledərslərdən üstün hesab edənlər də çoxdur. 3-cü sinif şagirdi Fatma Məmmədovanın valideyni Ayişə xanım qüsurlu uşaqlar üçün həyata keçirilən layihədən razı qalıb: "Qızım Fatimə 3-cü sinfə aid dərsləri başa düşməsə də, izləyirdi. İndi çox sevinir ki, onun da dərsi olacaq. Artıq günləri saymağa başlayıb. Qızımı sevindirdiklərinə görə teledərslərin təşkilatçılarına minnətdaram!” Valideyn Arzu Mirzəyeva isə teledərslərin səviyyəsindən narazılığını bildirir: "Qızım Zəhra 3-cü sinifdə oxuyur. Eşitmədə qüsuru olan uşaqlar üçün təşkil olunan teledərslər bizi qane etmir: "Müəllim teledərslər zamanı bir dəfə başa salır. Zəhra ağızla oxuyur, bir az danışması da var. Qulağında aparat olduğu üçün müəllim onunla lap yaxından ünsiyyət quranda daha çox şey öyrənir. Tədris prosesində müəllim hərfləri təkrar-təkrar öyrədir. Teledərslərdə isə uşaq müəllimi rahat eşitmir. Televiziyanın səsi uşağa mane olur. Bu baxımdan bizə məktəbdə əyani oxumaq daha uyğundur”. Əngəlli uşaqlar üçün hazırlanan "Teledərs” layihəsi də göründüyü kimi, sağlamlıq imkanları məhdud olmayan uşaqlar üçün həyata keçirilən oxşar layihələr kimi birmənalı qarşılanmır. Yəni fiziki imkanlarından asılı olmayaraq valideynlər övladlarının daha çox əyani təhsil almasının tərəfdarıdırlar.

 

Təranə Məhərrəmova

Xəbər lenti