Logo

Media nümayəndələri ilə növbəti görüş Gəncə şəhərində keçirilib - FOTO

07.11.2023 19:59 324 baxış
IMG

Noyabrın 7-də Medianın İnkişafı Agentliyinin “Regional Medianın İnkişafı” layihəsi çərçivəsində müzakirələrin aparılması məqsədilə Gəncə şəhərində bölgədə fəaliyyət göstərən media subyektlərinin nümayəndələri və jurnalistlərlə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, Audiovizual Şura və Mətbuat Şurasının da təmsil olunduğu görüşün məqsədi regional medianın inkişafının stimullaşdırılması və onun  dayanıqlı  inkişaf mexanizminin formalaşdırılması, bölgələrdə fəaliyyət göstərən media nümayəndələri üçün müzakirə platformasının yaradılması, müəyyən edilən istiqamətlər əsasında diskussiyaların təşkili və diaqnostik icmalın hazırlanması, habelə həssas istifadəçi qrupu hesab edilən region gəncləri üçün məlumatlılıq səviyyəsinin yüksəldilməsinə yönələn “Media savadlılığı” təliminin keçirilməsidir.

Görüşdən əvvəl Medianın İnkişafı Agentliyinin nümayəndələri və tədbir iştirakçıları tərəfindən Gəncədə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, onun xatirəsi dərin ehtiramla yad olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Prezident cənab İlham Əliyevin 2021-ci il yanvarın 12-də imzaladığı Fərmanla Azərbaycan mediasının inkişafında yeni mərhələnin başlandığını vurğulayaraq bildirib ki, son illərdə regionlarda infrastrukturun və telekommunikasiya şəbəkəsinin inkişafı, həmçinin keyfiyyətli internet xidmətlərinin təmin edilməsi dövrün trendlərinə və auditoriyanın tələblərinə cavab verən, mahiyyət və təqdimat baxımından yenilənmiş medianın formalaşdırılması istiqamətində də müxtəlif layihələrin hazırlanmasına, icrasına və media savadlılığının artırılmasına ciddi əsas yaradır.

Tədbir iştirakçılarını salamlayan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev regionlarda medianın inkişafının təşviqi üçün müxtəlif tədbirlərin keçirilməsinin vacib əhəmiyyət daşıdığını bildirərək, gələcəkdə də müvafiq istiqamətdə bu kimi layihələrin təşkilinə töhfə verəcəklərini qeyd edib.  

Audiovizual Şuranın üzvü Mübariz Əsgərov çıxış edərək region mediasının müasir standartlara uyğun infrastrukturunun formalaşmasının, əhalinin informasiya əlçatanlığının təmin edilməsi və ictimai-siyasi, mədəni-tarixi cəhətdən maarifləndirilməsinin, eləcə də bu sahədə uzunmüddətli davamlı inkişafın təşviqinin vacibliyini bildirib.

Mətbuat Şurası Ahıllar Məclisinin sədr müavini Əminə Yusifqızı qeyd edib ki, regional media subyektləri və regionlarda fəaliyyət göstərən media nümayəndələri müvafiq bölgələrdə ictimai rəyin formalaşmasında, eləcə də həmin bölgə ilə bağlı məlumatların ümumi ölkə gündəmində düzgün yer almasında xüsusilə aktiv iştirak etməlidir.

Sonra Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədlinin moderatorluğu ilə region mediasına dair diaqnostik icmalın hazırlanması üçün mövcud media ekosisteminin xüsusiyyətlərinin və cari ehtiyacların müəyyənləşdirilməsi məqsədilə müxtəlif istiqamətlər üzrə müzakirələr aparılıb.

Bununla yanaşı, layihə çərçivəsində Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova və Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərova tərəfindən 60-a yaxın region gəncinin iştirakı ilə “Media savadlılığı” mövzusunda təlim keçilib.

Xəbər lenti