Logo

İngiltərədə müəllimlərin üçdə biri peşəsini tərk etmək istəyir

12.04.2021 12:32 486 baxış
IMG

Müəllim heyətinin 70% -i son 12 ayda işlərinin həcminin artdığını bildirib

 

Böyük Britaniyada müəllimlərin üçdə biri peşələrini tərk etmək istəyir.  Bu barədə  Milli Təhsil İşçiləri Həmkarlar İttifaqının (NEU) keçirdiyi sorğunun nəticələrinə əsasən "The Guardian" qəzeti məlumat verib. Aparılmış sorğunun nəticələrinə əsasən, britaniyalı məktəb müəllimlərinin 35% -i peşəsini tərk etməyi planlaşdırır.

 

Qəzetin məlumatına əsasən, bu qərara onları artan iş həcmi və koronavirusla bağlı davam edən məhdudiyyətlər fonunda peşəyə hörmətin azalması məcbur edib.  Sorğuya əsasən, müəllim heyətinin 70% -i son 12 ayda işlərinin həcminin artdığını bildirib.

 

Respondentlərin 95% -i maddi-rifah hallarının pisləşdiyini ifadə edib. Müəllimlərin 35% -i 5 ildən sonra təhsil sahəsində qəti şəkildə işləməyəcəklərini, 66% -i isə müəllim statusunun aşağı düşdüyünə əminliklərini bildiriblər. Sonuncular həm də hökuməti müəllimlərin fikrinə qulaq asmaqdan imtinada  ittiham ediblər.

 

Sorğuda iştirak edənlər işdən getmələrinin səbəbi kimi bunları göstərib: hökumət və ya media tərəfindən peşəyə hörmətin olmaması (53%),  iş yükünün artması (51%), məsuliyyət (34),  əməkhaqlarının azlığı (24). Rəyi soruşulanların 55 faizi pandemiyadan əvvəlki dövrlə müqayisədə həyat şəraitlərinin pisləşdiyini qeyd ediblər.

 

NEU sorğunun nəticələrinə təəccüblənmədiyini bildirib, çünki hökumət müəllimlərin işini lazımınca  qiymətləndirmək üçün çox az səy göstərir. İngiltərə Təhsil Nazirliyi sorğunun nəticələrinə reaksiya verərək müəllimlərin vəziyyətindən narahat olduğunu bəyan edib.  "Biz müəllimlərin yükü və onların rifahı ilə bağlı geniş fəaliyyətlər həyata keçiririk və müəllimlərə dəstək olmaq üçün psixi sağlamlıq sahəsində xeyriyyə təşkilatlarına milyonlarla investisiya qoyuruq", - deyə nazirliyin mətbuat xidməti bildirib. Qeyd olunur ki,  nazirlik müəllimlərə dəstək proqramlarının inkişafını davam etdirir.

 

Sorğu İngiltərə, Uels və Şimali  İrlandiya məktəblərində müəllimlər, məktəb rəhbərləri və xidmət heyəti arasında aparılıb. Sorğuda Həmkarlar İttifaqının 10 min üzvü iştirak edib.

 

Xatırladaq ki, müəllimlərin həmkarlar ittifaqları əvvəllər Böyük Britaniya hökumətinin məktəblərin açılması planlarından narazılıqlarını bildirib. 

 

Müəllimlər, həmçinin polislərlə yanaşı,  ilk növbədə vaksinasiyadan keçməli olduqlarını  düşünürlər, çünki  daim koronavirusa yoluxmaq riskinə məruz qalırlar. Onlar hökumətin  vaksinasiya məsələsində daha yaşlı vətəndaşlara prioritet vermək qərarından da razı deyillər.  

 

Oruc MUSTAFAYEV

Xəbər lenti