Logo

Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar

18.12.2024 13:43 42 baxış
IMG

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda “Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar” mövzusunda elmi seminar keçirilib.

Bu barədə TƏHSİL.BİZ-ə institutdan məlumat verilib.

Mövzu ilə bağlı çıxış edən institutun əməkdaşı Orxan Mehdiyev bildirib ki, yaşıl hesablamalar sahəsindəki müasir tendensiyalar İKT sektorunda enerji istehlakının azaldılması zərurətini və rəqəmsal texnologiyaların ətraf mühitə təsirinin minimuma endirilməsinin vacibliyini əks etdirir. Yaşıl hesablamalar, dayanıqlı inkişafı və karbon emissiyasının azaldılmasını hədəfləyən texnologiyalar təkcə ekoloji səmərəliliyi artırmır, həmçinin qlobal ekosistemin qorunmasına mühüm töhfə verir.

O.Mehdiyevin sözlərinə görə, bulud texnologiyaları, virtuallaşma, təkrar emal, enerjinin idarə olunması, telekommunikasiya İKT sektorunun ekoloji cəhətdən təmiz olmasına mühüm töhfələr verib. Bu texnologiyalar tullantıların azaldılması, enerji səmərəliliyinin artırılması və resursların daha effektiv istifadəsinə imkan yaradır. Bundan əlavə, Sənaye 4.0 bu prosesləri daha da irəli apararaq avtomatlaşdırma, süni intellekt və əşyaların interneti kimi qabaqcıl texnologiyalar vasitəsilə ətraf mühitə olan təsiri minimuma endirməklə yanaşı, daha dayanıqlı və səmərəli istehsal proseslərini dəstəkləyir.

Sonra məruzəçi yaşıl hesablamalar sahəsində innovativ həllər və texnologiyalar haqqında bəhs edərək “Apple” şirkətinin təchizatçılar üçün təmiz enerji proqramını qeyd edib. Bildirib ki, bu proqram şirkətin birbaşa istehsalat xərclərinin 85 faizdən çoxunu təşkil edir.

O.Mehdiyev diqqətə çatdırıb ki, yaşıl hesablama strategiyası yalnız karbon emissiyasının minimuma endirilməsinə deyil, eləcə də resursların optimallaşdırılmasına, enerji səmərəliliyinin artırılmasına və dayanıqlı ekoloji infrastrukturun yaradılmasına yönəlib. Süni intellekt, kvant və biokompüterlər sahəsində əldə olunan nailiyyətlər, enerjiyə qənaət edən mikroçip arxitekturaları sayəsində İKT-nin təbiətə mənfi təsirinin azaldılması və daha dayanıqlı, ekoloji təmiz gələcəyin yaradılması mümkündür.

Sonda məruzə ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Xəbər lenti