Logo

Qusarın 140 yaşlı məktəbi: Minlərlə məzun, onlarla medal...

18.12.2024 16:41 79 baxış
IMG

Bir neçə gün əvvəl elm və təhsil nazirinin müavini Firudin Qurbanov Quba-Xaçmaz regionu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüşmüşdü.

TƏHSİL.BİZ olaraq, biz də Heydər Əliyev Mərkəzində baş tutan bu görüşü işıqlandırmaq üçün orada idik.

84 nəfər təhsil işçisinin əyləşdiyi zalda nazir müavini Firudin Qurbanov Qusarın yüksək nəticəsi olan məktəbləri barədə danışdıqca, uğurlu şagirdlərin adlarını çəkdikcə müəllimlərdən birinin sevincini gizlədə bilmədiyi diqqətimizdən yayınmadı.

Tədbirin gedişi boyunca maraqlı müsahibə axtarışında olduğumuz üçün fotoqrafımız və mən demək olar ki, hər kəsi ayrı-ayrılıqda müşahidə edirdik.

“Bunlar mənim şagirdlərimdir. Halal olsun, bu bizim müəllimlərimizin uğurudur”,- deyə direktor yanındakı həmkarı ilə sevincini bölüşürdü.

Tədbirin davamında 2023-2024-cü tədris ilində buraxılış imtahanlarında region üzrə ən yüksək nəticə əldə etmiş ümumtəhsil müəssisələrinin rəhbərləri və Qusar rayonu üzrə ən yüksək bal toplamış şagirdlər Quba-Xaçmaz regional təhsil idarəsinin fəxri fərmanı ilə təltif olundular.

Onlardan biri  bir azdan sizin də tanıyacağınız Qusar şəhəri Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta məktəbin direktoru Arif Xəlilov idi.

- Arif müəllim, təltif münasibətilə sizi təbrik edirik! Məktəbin nailiyyətləri ilə bağlı qısa bir söhbət üçün zamanınız var?
- Məktəbimizin nailiyyətləri haqqında danışarkən bir az həyəcanlı oluram. Bu müsahibə mənim üçün gözlənilməz olsa da, sevinc və qurur hissi keçirirəm. Məktəbdəki təhsilin keyfiyyəti hər zaman şagirdlərin uğurları ilə ölçülür. Bugünkü nəticələr məni bir daha əmin etdi ki, biz düzgün yoldayıq. Hazırda məktəbimiz region üzrə 1-ci yeri tutur. Bu, sadəcə rəqəmlərdən ibarət deyil, arxasında ciddi nəticələr dayanır.

Əslində, ayaqüstü söhbət olsa da, həmsöhbətimizin hər bir şagirdi haqqında detallı məlumatlı olması, düzü, bizi çox məmnun etdi.

- 2015-ci ildən bu yana məktəbimiz müxtəlif olimpiadalarda bir çox qızıl və gümüş medallara layiq görülüb. Konkret şagirdlərimiz haqqında da danışa bilərəm. 2015-ci ildə məktəbimizdən məzun olan Lalə Ağadadaşova biologiya fənni üzrə Respublika fənn olimpiadasında üçüncü yer tutub və həmin ili məktəbi qızıl medal ilə bitirib. O, eyni zamanda, Kimya üzrə Beynəlxalq Olimpiada komandasının üzvü idi. Hazırda həkim kimi fəaliyyət göstərir.

2017-ci ildə isə Aytən İsayeva “Ədəbiyyat biliciləri” respublika müsabiqəsində ikinci yeri tutub və məktəbi gümüş medal ilə bitirib.  O, hazırda Dövlət Neft Şirkətində yüksək vəzifədə çalışır. 

2019-cu ildə isə Maişat Vəlimətova “Ədəbiyyat biliciləri” respublika müsabiqəsində birinci yer tutub. O da məktəbi qızıl medal ilə bitirən şagirdlərimizdəndir. Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bu il fərqlənmə ilə bitirib. Dövlət xətti ilə Böyük Britaniyanın Edinburq Universitetində magistr səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb. 

2022-ci ildə isə digər qızıl medalçımız Murad Pirnəzərov Azərbaycan Tibb Universitetinə 643 balla daxil olub. O, həmin il biologiya üzrə Respublika fənn olimpiadasının üçüncüsü idi. Bu, onun istedadının və uzun illər göstərdiyi səylərin nəticəsidir.

Bu uğurlar göstərir ki, məktəbimizin tədris keyfiyyəti yüksəkdir və müəllim-şagird birliyi böyük nəticələrə gətirib çıxarır.

- Tədbirin gedişində nazir müavini Firudin Qurbanov məktəbinizin adını çəkdi və sizin yaşadığınız məmnunluq hissi üzünüzdən də oxunurdu.
- Son 9 il ərzində məktəbimiz üç qızıl və bir gümüş medal əldə edib. Bu uğurlar, təbii ki, fədakar müəllimlərimizin əməyi sayəsində mümkün olub. Bir məqamı da xüsusilə vurğulamaq istəyirəm: 2015-ci ildə məktəbimiz "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsində iştirak edib. O zaman müsabiqənin qalibi olduq. Bu münasibət ilə mən də “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edildim. Burada müəllim kollektivimizin əvəzsiz zəhmətini qeyd etmək lazımdır.

Artıq 9 il keçməsinə baxmayaraq, bu nailiyyət hər zaman bizim üçün qürur mənbəyidir. 

Yeri gəlmişkən, məktəbimiz “Ən yaxşı təqdimat” müsabiqəsində Qusarı 10 dəfədən çox uğurla təmsil edib. Hər dəfə iştirak edərkən rayona medallarla qayıtmışıq. 2017-ci ildə isə şagirdimiz Elnurə Cavadaova müsabiqənin qalibi olub. 

Digər şagirdimiz Emil Rzaxanov həmin il coğrafiya üzrə Respublika fənn olimpiadasının üçüncüsü olmaq ilə bərabər, “Əlaçı” verilişinin də qalibi olub. 
Bu nəticələr göstərir ki, məktəbimiz təhsil sahəsində uğurla addımlayır və şagirdlərimizin əldə etdiyi nailiyyətlər bizim əməyimizin ən gözəl göstəricisidir. Bu, bir uğur hekayəsidir və bu hekayənin əsas qəhrəmanları müəllimlərimizdir.

- "Region məktəbi" deyiləndə insanların ağlına gələn anlayışdan tamamilə uzaq, uğurlu və parlaq bir məktəb mühiti yaratmağa nail olmusunuz. Bu, çox dəyərlidir.

- Bir insan öz övladı üçün əlindən gələn hər şeyi edirsə, demək o, valideyndir. Amma bir insan başqalarının uşaqları üçün də eyni fədakarlığı göstərirsə, o zaman o, müəllimdir. Müəllim hər bir şagirdə öz övladı kimi yanaşmalı, onlara sevgi, qayğı ilə davranmalıdır. Hər bir uşağın qəlbində və ruhunda sevgi toxumları səpmək müəllimin ən böyük vəzifələrindən biridir. Böyük sevgilər həmişə kiçik yaşlardan başlayır. Məktəb bu sevgilərin formalaşdığı ən mühüm məkanlardandır. Çünki vətən sevgisi evdən başlayır, bağçada davam edir və məktəbdə təməlini möhkəmləndirir. 

Məktəbin əsas vəzifəsi təlim və tərbiyədir. Lakin bu gün tərbiyə məsələsinə daha çox önəm verilməlidir. Çünki gələcəyimiz yalnız təhsilli deyil, həm də tərbiyəli insanlardan asılıdır. Təhsil bilik qazandırır, amma tərbiyə insanın şəxsiyyətini formalaşdırır.

"Region məktəbi" stereotipini qıran isə bizim uğurlarımızdır. Məktəbimiz hər zaman müxtəlif illərdə keçirilən olimpiadalarda yüksək nəticələr göstərib və birincilər sırasında olub. Ötən il 4 şagirdimiz olimpiadaların finalına vəsiqə qazanmışdı. Bu, bizim üçün böyük uğur idi. Uğurlar göstərir ki, gələcəyimizin təməli müəllimlərin fədakarlığı sayəsində möhkəm qurulur. Vətənpərvər, savadlı və dəyərli insanlar yetişdirən müəllimlərə hər zaman minnətdar olmalıyıq.

- Arif müəllim, məktəbin tarixi kökləri barədə də danışmağınızı istərdik.
- 2025-ci ildə məktəbimizin 140 illiyi tamam olur. Bu yubileyi möhtəşəm şəkildə qeyd etmək istərdik. Çünki tarixə nəzər salsaq, 1885-ci ildə Quba qəzasının 5 kəndində - Qusar, İmamqulukənd, Həzrə, Mixailovsk və Qonaqkənddə məktəblər tikilib. Bu faktları akademik Hüseyn Əhmədovun 1985-ci ildə çap olunmuş “XIX əsr Azərbaycan məktəbi” kitabına istinadən səsləndirirəm.

Bu məktəblərdən biri də Qusar şəhərində yerləşən Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta məktəb idi. 1885-ci ildə əsası qoyulmuş məktəbimiz indiyə qədər yüzlərlə savadlı və vətənpərvər məzun yetişdirib.

Mən artıq 12 ildir ki, bu məktəbin direktoru olaraq fəaliyyət göstərirəm. Məktəbin tarixi, uğurları və nailiyyətləri ilə həmişə fəxr etmişəm. Məktəbimizin 140 illiyi münasibətilə bir sıra tədbirlər planlaşdırırıq. Bu tədbirlər bizim üçün yalnız bir yubiley deyil, eyni zamanda, təhsilimizin inkişaf tarixinin bir təntənəsi olacaq.

- Hazırda məktəbdə neçə şagird təhsil alır? Pedaqoji heyətiniz necə nəfərdən ibarətdir? 

- Məktəbdə 658 şagird təhsil alır. Məktəb binasının özü 1956-ci ildə inşa edilib və 250 şagird üçün nəzərdə tutulub. Lakin bu gün məktəbimizdə şagird sayı nəzərdə tutulan həddi aşaraq 658 nəfərə çatıb. Bu, məktəbimizin təhsil keyfiyyətinə olan böyük inamın və etimadın göstəricisidir. Bu inamın yaranmasında məktəbin illərdir qoruyub saxladığı ənənələr böyük rol oynayır. Məktəbdə hazırda 50 müəllim fəaliyyət göstərir. Onların hər biri şagirdlərimizin gələcəyinə töhfə vermək üçün əzmlə çalışır.

Məktəbimizin tarixi və ənənələri bizim üçün bir mirasdır və biz bu mirası layiqincə gələcək nəsillərə ötürməyə çalışırıq.

Arif müəllimin səmimi sözləri və məktəbin nailiyyətləri bir daha göstərir ki, "region məktəbi" anlayışı yalnız cəmiyyətin yaddaşına həkk olunmuş bir stereotipdir. Bu stereotipi qıran isə məhz belə fədakar müəllimlər, istedadlı şagirdlər və onların birgə səyləridir.

Qusar şəhəri Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta məktəbin divarlarında illərin izləri, müəllimlərin əzmi və şagirdlərin gələcək ümidləri birləşir. Məktəb sadəcə, bir bina deyil, burada tarix və gələcək bir araya gəlir. Və hər bir uğurlu məzun, hər bir parlaq medal bu böyük mənzərənin bir hissəsinə çevrilir.

140 illik bir tarix, onlarla nailiyyət və minlərlə məzun...

Xəbər lenti