İxtisas seçimi hər bir şəxsin gələcək həyatının təminatı, daimi gəlir mənbəyi və xoşbəxtliyinin əhəmiyyətli ünsürlərindən biridir. Bizlər bu qərarı məktəbi bitirənə yaxın və ortalama olaraq 18 yaşda veririk. Ancaq, 18 yaşlı gəncin bütün ömrünə təsir edəcək bu qərarın nə qədər düzgün və optimal olacağı şübhəlidir. Çünki, 18 yaşlı gənc hansı ixtisasın nə üçün lazım olduğunu, öz potensialının hansı ixtisasa uyğun olduğunu müəyyənləşdirmək üçün məlumatsız və təcrübəsiz ola bilər.
Aydındır ki, bu məlumatsızlığı ailə üzvləri, dostlar və yaxın ətraf doldurmağa çalışır. Ancaq, təcrübə göstərir ki, “həyat təcrübəsi” olmasına baxmayaraq, yaxın çevrə ixtisaslar barədə təkmil məlumata sahib deyillər. Çox təəsüf ki, bir çox halda hərkəs öz ala-yarımçıq bilgilərini şagirdə yeritməyə çalışır və hətta valideyn özünün sevdiyi ixtisası seçməsi üçün övladına təzyiq göstərir . Bir mənalıdır ki, insan öz gələcəyini bəxtə-xuda, ala-yarımçıq məlumat və kiminsə arzu və istəkləri əsasında qurmamalıdır.
Problem düşünürəm ki, hər kəsə aydındır. Abituriyentin önünə seçim üçün o qədər ixtisas adları qoyurlar ki, zavallı məktəblinin bütün bu ixtisasların hər birinin nə olduğunu, gələcəkdə hansı iş imkanlarınını vəəd etdiyini və özünü hansı ixtisasda təstiqlədə biləcəyini görməsi və bilməsi mümkün deyil. Məsələn, birinci və ikinci ixtisas qrupları üzrə təxminən 40-dan çox ixtisas növü var, üçüncü qrup üzrə isə bu daha çoxdur. Seçim etmək bu halda yalnız şagird üçün deyil, həmçinin yaxın çevrəsi üçün belə çox çətindir.
Bu məsələ hansı problemlərə gətirir? Bəxt və təsadüfi məlumatlara əsaslanaraq universitetə daxil olan şagird öz bilik və bacarıqlarına görə oxumadığı üçün universiteti bitirdikdən sonra “mənim istədiyim ixtisas bu deyildi” olduğunu kəşf edəcək və yenidən özünü tapmağa çalışacaqdır. Bunun üçün əlavə vaxt və pul sərf edəcəkdir. Bu isə insan üçün xoşbəxtliyinin tapa bilməməsi, ölkə iqtisadiyyatı üçün isə israf olunan resurs və səmərəsiz əmək deməkdir.
Əməyin səmərəsiz istifadə olunması iqtisadiyyatımızın səmərəsizliyinə gətirəcəkdir, necə ki gətirir. Əmək bazarında öz ixtisası ilə işləməyənlərin nə qədər çoxluq təşkil etdiyini yəqin ki, yaxın qohum-dost ətrafından bilirik. Xarici dillər universitetində 4 il zaman sərf edib daha sonra yalnız 2-3 ay təlim tələb edən əməliyyatçı vəzifəsində çalışanlar və ya mühəndislik ixtisasını bitirib sonda mühasib kimi çalışanlar yetəri qədər çoxdur.
Digər bir problem isə bundan ibarətdir ki, universtitetdə oxuyan tələbə yalnış qərar vediyini anlasa belə ixtisasını dəyişmək ixtidarında olmur. Bunun üçün tələbə yenidən abuturiyent olub imtahan verməli və istədiyi ixtisası seçməlidir. Buna isə tələbələr getmir. Çünki, bəziləri bunu vaxt itkisi, digərləri isə ictimai qınaq səbəbi ilə etmir.
Bəs bu problem necə həll edilə bilər? Fikrimcə, abuturiyentə universitetə daxil olması üçün müxtəlif ixtisaslarda özünü sınaması üçün şans verilməlidir. Burada iki variant mümkündür. Birinci də , şagird ya ümumi ixtisas qrupuna daxil ola bilər, digər variantda isə universitetin özünə daxil olur və oxuya-oxuya ixtisas seçir. Birinci variantda nümunə kimi deyilə bilər ki, şagird (məsələn) ümumi iqtisadiyyat fakultəsinə daxil olur və daha sonra yuxarı kurslara qalxdıqca anladığı və özünü gördüyü (iqtisadiyyatın) istiqamət üzrə ixtisaslaşa bilər. İxtisas seçimləri müxtəlif, məsələn, tələbənin giriş balı, ilk iki ildə orta balı və sair meyarlara görə aparıla bilər.
İkinci variantda isə abiturient oxumaq üçün ixtisası deyil, universiteti seçir. Universitetin birinci və ikinci ilində tələbə bilogiya, tarix, musiqi, fizika və ya istədiyi ixtiyari dərsi götürə bilər. Bununla tələbəyə özünün bacarıq və potensialını müəyyənləşdirə və buna uyğun ixtisas seçmək üçün imkan verilir. Növbəti, 3 və 4-cü kurslarda isə tələbə artıq ixtisaslaşmaq üçün müəyyən istiqamətdə dərslər götürməlidir. İxtisas sahibi olmaq üçün müəyyən edilmiş akademik saat hesabını tamamladıqdan sonra univesitet tələbəyə bu ixtisas üzrə diplom verir. Ancaq, iş bununla bitmir, tələbə yalnız bir deyil, (yetəri akademik saatı bitirərsə) iki, üç və hətta 4 ixtisas üzrə universiteti bitirə və diplom ala bilər. Bu təcrübə artıq ABŞ, Avropa, Şərqi Asiya ölkələrində mövcuddur.
Bu təcrübədə bakalvr təhsil pilləsi ixtisaslaşma üzrə birinci (major) və ikinci (minor) dərəcəli olaraq ikiyə bölünür. Birinci dərəcəli (əsas) ixtisas üzrə bitirmək üçün gərək tələbənin yetər sayda dərs yükü olsun. Əsas ixtisas üzrə yetər sayda akademik saatı tamamladıqdan sonra tələbə 1-3 istiqamətdə əsas ixtisas diplomu ala bilər. Digər yandan, tələbə ikinci dərəcəli ixtisas yəni, minor ala bilər. Adətən minor əsas ixtisas seçiminə tamamlayıcı ixtisas olur və dərs yükü əsas ixtisas yükündən daha az olur.
Dünya səbəbsiz yerə təhsil sistemini bu istiqamətdə adaptasiya etməyib. Dünya iqtisadiyyatı öz strukturunu sürətlə dəyişməkdə və bu dəyişiklik yeni əmək bacarıqları tələb etməkdədir. Bu halda bizə bu dəyişikliklərə çevik şəkildə adaptasiya ola biləcək geniş imkanlı əmək bacarıqları tələb olunacaq. Təsəvvür edin, 2-3 ixtisas üzrə bitirən tələbə əmək bazarına bir neçə əmək bacarığı ilə daxil olur. Beləliklə, onun həm iş tapmaq imkanları genişlənir, həm əmək məhsuldarlığı və yenilikçiliyi yüksəlir. Ən əsası isə həyatdan məmnuniyyəti artıra və özünü xoşbəxt hiss etməsinə vəsilə ola bilər.
Bu istiqamətdə əslində müəyyən addımlar atılmışdır. Azərbaycan 2005-ci ildə Avropa İnteqrasiyası çərçivəsində Bergen (Norveç) şəhərində baş tutan Vahid Avropa Yüksək Təhsil Sahəsinin yaradılması istiqamətində təşkil edilmiş 4-cü konfransda deklarasiyaya qoşulmuşdur. Bu deklarasiyaya görə üzv ölkələr, həmçinin Azərbaycan 2010-cu ilə qədər milli təhsil sistemlərini Bolonya bəyannaməsinin əsas müddəalarına uyğun olaraq dəyişdirmək kimi öhdəçilik götürmüşlər. Ancaq, təəsüflə qeyd edilməlidir ki, pratikada bir çox çətinliklər (bürokratik əngəllər, müəllim çatışmazlığı, ali təhsil siyasətində sinergetikanın pozulması və sair əngəllər) Bolonya prosesinin imkanlarından faydalanmağa icazə vermir.
Şagirdin düzgün ixtisas seçimi zahirən çox kiçik problem kimi görsənsə də, bu məsələnin çox sayda spiralvari problemlər gətirə biləcəyini yuxarıda izah etməyə çalışdıq. Bu problemlər əməyin düzgün istifadə edilməməsi, səmərəsiz əmək bazarının formalaşması, bunun nəticəsində iqtisadiyyatın səmərəliliyininin azalması və ən vacibi insanın xoşbəxt olmasına mane olması və sair kimi sadalana bilər. Demək ki, ixtisas seçiminin düzgün edilməsi sadalanan problemlərin həllinə müəyyən qədər yardımçı ola bilər.
Sonda yazını Mark Tvenin “Kapitan Stormfildin Cənnətə ziyarəti” hekayəsindən maraqlı bir parça ilə yekunlaşdıraq. O biri dünyaya düşən Kapitan Stromfild cənnət nəzarətçisindən ona dünyanın ən güclü ordu sərkərdəsini göstərməsini xahiş edir. Nəzarətçi isə kapitanı divar dibində oturan bir pinəçinin yanına aparır və deyir ki, “bax Allah bu adamı ən böyük sərkərdə kimi yaratmışdır, lakin sizin dünyada ona heç bir qiymət verilmədiyi üçün bu yazığa heç bir bölməyə komandirlik etmək müyəssər olmamışdır. Çünki o, ömür yolunu düzgün seçməmişdir“.