Logo

Milli suverenliyin əsasını Konstitusiyanın aliliyi təşkil edir

13.01.2025 09:47 27 baxış
IMG

Azərbaycan dövlətinin müstəqilliyi və suverenliyi vətəndaşların qürur mənbəyidir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Və şübhəsiz ki, bu ilin siyasi, elmi və mədəni həyatının leytmotivini də müstəqil respublikamızın Ulu Öndərin rəhbərliyi ilə ərsəyə gətirilmiş konstitusiyasının 30-cu və işğaldan azad etdiyimiz ərazilərimiz üzərində dövlət suverenliyimizin, əsasən bərpa olunmasının, böyük Zəfərimizin 5-ci ildönümü təşkil edəcək. 

Siyasi həyatda olduğu kimi, elmin, təhsilin missiyası da dövlətçiliyimiz və xalqımız üçün tarixi əhəmiyyətə malik olan bu iki hadisənin fəlsəfi mahiyyətini araşdırmaq və gənc nəslə aşılamaqdan ibarətdir.

Dövlət suverenliyi dövlətin öz ərazisində vahid və şəriksiz üstünlüyü və beynəlxalq münasibətlərdə müstəqilliyi deməkdir. Müasir beynəlxalq hüququn fəlsəfəsinə görə, dövlət ərazisinin böyüklüyündən, əhalisinin sayından, konstitusiya quruluşundan asılı olmayaraq, suverenliyə malikdir. Suverenlik dövlətin və dövlətçiliyin əsas əlamətidir və onu siyasi münasibətlərin xüsusi subyekti, cəmiyyətin siyasi sisteminin əsas tərkib hissəsi kimi səciyyələndirir. Dövlət suverenliyi anlayışına beynəlxalq hüququn müstəqil subyektinin ərazisinin bütövlüyü və bölünməzliyi, sərhədlərinin toxunulmazlığı və onun daxili işlərinə kənar müdaxilənin yolverilməzliyi kimi fundamental prinsiplər daxildir.

Dövlət suverenliyinin iqtisadi əsaslarını onun ərazisi, təbii və mədəni sərvətləri, siyasi əsasını isə sabit, bərqərar olmuş dövlət və onun institutlaşmış dövlət idarəçiliyi mexanizmləri təşkil edir. Suverenliyin hüquqi əsasında isə dövlətin konstitusiyası və digər hüquqi-normativ aktları, eləcə də dövlətlərin bərabərliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suveren hüquqlarına müdaxilənin yolverilməzliyi hüququnu təsbit edən beynəlxalq hüququn qəbul edilmiş prinsipləri dayanır. 

Azərbaycan, həm klassik dövlətçilik əlamətlərinin daşıyıcısı olan bir dövlət olaraq, səlahiyyətlərini müstəqil şəkildə yerinə yetirən hakimiyyətə malikdir, həm də müasir dövrün münasibətlər sisteminin mahiyyətinə uyğun olaraq, dövlət suverenliyinin reallığını özünün ən ali məqsədi hesab edir.

Dövlətlərin suverenliyi, klassik hüquqi nəzəriyyələrə görə, özünü əsasən 5 prinsip üzrə büruzə verir: Dövlət suverenliyinin siyasi və hüquqi mahiyyətində, dövlət suverenliyinin atributluluğunda, dövlət suverenliyinin reallığında, suveren hüquqların tükənməzliyində və tamlığında, həmçinin dövlət suverenliyinin davamlılığında.

Klassik anlamda, dövlət suverenliyinin mahiyyətini atributluluq təşkil edir. Burada dövlət hakimiyyətinin aliliyi və müstəqilliyi (autarkiya) dövlət suverenliyinin əsas atributu kimi qəbul olunur. Aristotelə görə, autarkiya dövlətin əsas əlamətidir. Onun fikrincə, autarkiyanın mahiyyəti ondan ibarətdir ki, dövlət bütün digər subyektlərdən fərqli olaraq, öz üzərində başqa heç bir gücə malik deyil və bütün səlahiyyətlərini müstəqil şəkildə həyata keçirir.

Müasir beynəlxalq münasibətlər sistemində isə müstəqil dövlətçiliyin əsas əlaməti dövlət suverenliyinin reallığıdır. Bu xüsusda, Azərbaycan, həm klassik dövlətçilik əlamətlərinin daşıyıcısı olan bir dövlət olaraq, səlahiyyətlərini müstəqil şəkildə yerinə yetirən hakimiyyətə malikdir, həm də müasir dövrün münasibətlər sisteminin mahiyyətinə uyğun olaraq, dövlət suverenliyinin reallığını özünün ən ali məqsədi hesab edir. Azərbaycanın hərbi-siyasi bloklara qoşulmaması, müttəfiqlərini ikitərəfli münasibətlər zəminində, öz maraqlarını əsas götürərək müəyyənləşdirməsi, ölkəmizin ərazisində hər hansı bir ölkənin hərbi bazasının olmaması, xalqımızın və onun mənafeyini ifadə edən dövlətimizin iradəsinin üzərində hər hansı bir xarici amilin təsir gücünə malik olmasına imkan verilməməsi dövlət suverenliyimizin reallığının göstəriciləri kimi qiymətləndirilə bilər.

2012-ci ildə Azərbaycan ərasindəki Rusiya Federasiyasına məxsus Qəbələ Radiolakasiya Stansiyasının fəaliyyətinin dayandırılması və burada fəaliyyət göstərən hərbi kontingentin ərazimizdən tamamilə çıxarılması, Ordumuzun 2020-ci ilin noyabrında ərazilərimizdə Ermənistanın hərbi birləşmələrinin işğalına son qoyması, 2023-cü ildə isə torpaqlarımızı həm işğalçı qüvvələrin tör-töküntülərindən təmizləməsi, həm də silahlı, aqressiv separatizmə son qoyması, bundan sonra isə Rusiya sülhməramlılarının işğaldan azad edilmiş ərazilərimizdən çıxarılmasına nail olunması Azərbaycan dövlətinin bütün istiqamətlərdə özünün real suverenliyini bərqərar etməsinin göstəricisidir.

Bütün bunlarla yanaşı, bir mühüm məqamı da unutmamaq lazımdır: Milli suverenliyin əsasını, məhz Konstitusiyanın aliliyi təşkil edir.

Klassik və müasir suverenlik konsepsiyalarına, həmçinin BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental norma və prinsiplərinə görə, suverenlik dövlətin bütün əraziləri üzərində daimi və mütləq hakimiyyətə malik olmasıdır. Suverenlik konsepsiyasının başqa bir önəmli prinsiplərindən biri onun bölünməzliyi, digər mühüm prinsipi isə dövlətin suverenliyinin və konstitusiya quruluşunun onun bütün əraziləri üzərində istisnasız olaraq təmin edilməsidir.

Bu baxımdan, Azərbaycan, müasir dövrdə, həm də olduqca ziddiyyətli geosiyasi dəyişikliklərin baş verdiyi mürəkkəb zaman kəsiyində öz suverenliyinin tam bərpasına nail olmuş, milli iradəni qeyd-şərtsiz ifadə edən müstəqil hakimiyyətə malik suveren bir dövlət olaraq, vətəndaşlarının qürur mənbəyidir.

Elçin MİRZƏBƏYLİ,

Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti

Mehriban VƏLİYEVA,

Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Xəbər lenti