Logo

20 Yanvar: HÜZN VƏ QÜRUR GÜNÜMÜZ!

20.01.2025 16:34 53 baxış
IMG

XX əsr tarixinə insanlığa və bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş 1990-cı ilin 20 Yanvar hadisələrindən 35 il ötür. Bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Qanlı yanvar faciəsi, Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizənin əsasli bir dövrünü təmsil edir. Yanvar hadisələri, Azərbaycanın Sovet İttifaqı ilə mübarizəsini daha da gücləndirdi və nəticədə 1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini elan etdi.

20 Yanvar faciəsi, yalnız Azərbaycan xalqı üçün deyil, bütün Qafqaz və keçmiş Sovet respublikaları üçün bir dövrün bitişinin və yeni bir müstəqil dövlətin yaranmasının simvolu oldu.

Xüsusilə qeyd etlək istərdik ki, Qanlı Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən Ulu Öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlib və kəskin bəyanatla çıxış edərək Bakıda baş vermiş faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edib. Ulu Öndərimizin bu cəsarətli addımı, qətiyyətli mövqeyi Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini daha da artırıb.

Qeyd etmək istərdik ki, Yanvar faciəsinin törədilməsində əsas məqsəd Azərbaycan xalqının azadlıq istəyinin qarşısını almaq cəhdi ilə yanaşı, həm də ermənilərin işğalçılıq siyasətinin həyata keçirilməsinə xidmət etmək məqsədi güdürdü.

Ermənilərin 20 Yanvar faciəsindən bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının ərazisinə kütləvi və intensiv hücumları bunu bir daha təsdiq edir. 1990-cı il yanvarın 18-də Kərki kəndi SSRİ Müdafiə ­Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olundu. Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən ağır döyüşlərdə Muxtar Respublikanın bir çox qəhrəman oğulları şəhid oldu.

Bütün bunlara baxmayaraq, ermənilər gözləmədikləri müqavimətə rast gəldilər və Sədərəyin müdafiə xəttini keçə bilmədilər. Naxçıvanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə altında qaldığından, eyni zamanda beynəlxalq Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il yanvarın 19-da “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” tarixi qərar qəbul etdi. Bu qərarda yaranmış vəziyyətdə yeganə çıxış yolu olaraq, Naxçıvan MSSR-in Sovet imperiyasının tərkibindən çıxmaq məcburiyyəti qarşısında qalması və bu iradəni siyasi cəhətdən ifadə etməsi əksini tapdı.

Bu hadisə sovet tarixinə SSRİ-nin tərkibindən çıxmağa göstərilən ilk cəhd kimi daxil oldu. 1998-ci il yanvarın 14-də Azərbaycan ­Respublikası Konstitusiya Komissiyasının iclasında həmin siyasi addımın tarixi dəyərini xatırladan Ümummilli Lider Heydər Əliyev demişdi: “1990-cı il yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Naxçıvanın Sovetlər İttifaqının tərkibindən çıxması haqqında qərarı, mən hesab edirəm ki, tarixi bir əhəmiyyət kəsb edibdir.

Doğrudur, Azərbaycanın Ali Soveti yanvarın 29-da bu qərarı ləğv edibdir. Amma bu, tarixdə qalan bir hadisədir. Naxçıvan Muxtar Respublikasının insanları və Ali Sovetdə təmsil olunan adamlar öz iradələrini ifadə ediblər. Nəyə görə? – Azərbaycana qarşı edilən ədalətsizliyə görə. Naxçıvana Ermənistan tərəfindən hücumlar edilmişdi. O vaxt Kərki kəndi əldən getmişdi, başqa kəndlərə hücumlar edilmişdi. Hələ Ermənistanda, həm də Naxçıvanda olan sovet qoşunları da naxçıvanlıları müdafiə etməmişdilər – baxmayaraq ki, orada həddindən çox sovet qoşunları var idi. Ona görə də naxçıvanlıların başqa əlacı ­olmamışdı, qərar qəbul etmişdilər”.

Bir məsələni də diqqətə çatdırmaq istəyirik ki, ermənilərin fitvası ilə törədilmiş bu qanlı cinayət Azərbaycan xalqının iradəsini, azadlıq mübarizəsini qıra bilmədi. Xalqımız qanı bahasına da olsa, azadlıq və müstəqilliyinə qovuşdu.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması, onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində təxirəsalınmaz tədbirlər görüldü. 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində yeri və rolu, bu faciənin əbədiləşdirilməsi, həmçinin bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər həyata kecirildi.

Azərbaycan Respublikasının Milli Məclisində 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul olundu. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi.

O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.

Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin ruhu bu gün şaddır. Ona görə ki, 2020-ci ildə Ali baş Komandan İlham Əliyevin başçılığı və Azərbaycan əsgərlərinin şücaəti nəticəsində xalqımızın 30 illik həsrətinə son qoyuldu, torpaqlarımızı erməni işğalından azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu.

Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar faciəsi qurbanlarının qanının yerdə qalmadığının sübutudur. Odur ki, bu gün xalqımız 20 Yanvar faciəsinin 35-ci ildönümünü qürur və fəxarət hissi ilə qeyd edir.

Könül Həsənova - ADPU Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru

Xəbər lenti