“Məsələ hər dəfə ortalığa atılır, lakin konkret əməli addımlar atılmır.”
Yayılan məlumata əsasən, Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsiri qiymətləndiriləcək və müvafiq təkliflər hazırlanacaq.
2025−2029-cu illər ərzində bu istiqamətdə təhlillər aparılacaq, təkliflər hazırlanacaq və aidiyyəti qurumlarla razılaşdırılacaq, həmin təkliflərin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq ediləcək. Fəaliyyət Planı təsdiq olunduqdan sonra tədbirlərin icrasına başlanılacaq. Prezident İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında yer alan məsələlərdən biri də təhsil müəssisələri ilə bağlıdır.
Fəaliyyət Planı təsdiq olunduqdan sonra tədbirlərin icrasına başlanılacaq. Çox güman ki, bundan sonra bu sahədə bir tərpəniş olacaq. Çünki, Bakıdakı bəzi təhsil müəssisələrinin şəhər ətrafına və ya regionlara köçürülməsi məsələsi birinci dəfə deyil gündəmə gətirilir. Hələ bir neçə il bundan qabaq Qəbələdə ali məktəblər üçün yeni və müasir binaların inşa olunacağı, gələcək plana görə, Bakıda yerləşən bəzi universitetlərin bura köçürüləcəyi barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, Bakının mərkəzindəki ali təhsil müəssisələrinin paytaxtdan çıxarılması nəzərdə tutulub. Hətta, ictimailəşən siyahıda köçürülən universitetlərin adları da yer almışdı. Bildiyim qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ələt, Səngəçal, Zığ, Xocahəsən, Dübəndi, Sumqayıt və Böyükşor ərazilərində yeni ali təhsil müəssisələrinin yaradılması üçün ərazilər ayrılacağı barədə məlumat da yayılmışdı.
Ümid edilirdi ki, universitetlərin və ya filialların ayrılmış ərazilərə və nəzərdə tutulan bölgələrə köçürülməsi, yalnız ümumi işimizin xeyrinə olar. Əlbəttə, bəzi təşkilati və texniki məsələlərin operativ, digər zamana bağlı olan məsələlərin isə mərhələli şəkildə həyata keçirilməsi üzərində də düşünülməli idi. Paytaxtdakı ali təhsil müəssisələrinin regionlara köçürülməsinin həmin bölgələrin inkişafına da müsbət təsir edəcəyini bildirənlər də az deyildi. Bu halda, ölkəmizdə bu kimi layihələrin gerçəkləşməsinin ən böyük xeyiri də regionlardan gələn tələbələrə olacaq ki, təhsil aldıqları ali məktəblərin tələbə şəhərciklərində yerləşərək, əlavə xərc kimi ev pulu verməyəcəklər. Məişət qayğıları azalacaq, yollarda əlavə vaxt itkisi olmayacaq. Yəni, tələbələr şəhər səs-küyündən uzaqlaşaraq daha yüksək səviyyəli təhsil ala biləcəklər. Ən əsası da dövlət universitetlərinin regionlara köçürülməsi Bakı şəhərində tıxacın aradan qaldırılmasını təmin edəcək, regionların inkişafını sürətləndirəcək, rayonlarda xidmət sektorunun inkişafını yüksəldəcək, bütövlükdə isə rayonlara diqqətin artmasına səbəb olacaq və yeni iş yerlərinin açılmasına şərait yaradacaq.
Son illərdə, xüsusi ilə də tədris ili başladığı dövrdən Bakıda yollarda yaranan tıxac, əhali sıxlığı, ictimai nəqliyyatda darısqallıq və sair, bütün bunlar insanlarda ciddi narahatlığa səbəb olub. Həqiqətən də, bu gün Bakıya nəzər salsaq görərik ki, ölkə əhalisinin böyük əksəriyyəti bu şəhərə toplaşıb. Nəticədə, şəhərdə həm insan, həm də hərəkət sıxlığı yaranıb. Tədris ilinin başlaması ilə artıq yalnız pik saatlarda yox, günün istənilən saatında və şəhərin istənilən ərazisində tıxaca düşmək mümkündür. Bu gün sakinlər işə, dərsə, mənzil başına vaxtında çata bilmək üçün evdən gərək ən az 30-40 dəqiqə tez çıxsın. Bu da təbii ki, insanların günün az qala yarısını yollarda keçirməsinə səbəb olur.
Məsələ ilə bağlı mətbuatda, sosial mediada tez-tez müzakirələr yaradılır, “tıxac dərdi”nin həlli üçün fikirlər səsləndirilir. İstər deputatlar, istər ictimaiyyət nümayəndələri tərəfindən ən çox ortaya qoyulan fikir isə Bakıda yerləşən bir sıra universitetlərin digər şəhərlərə, bölgələrə köçürülməsi ilə bağlıdır. Təsəvvür edin ki, bir küçədə bir neçə təhsil ocağının yerləşməsi tıxaca və sıxlığa nə dərəcədə səbəb olur. Elə küçələr var ki, orada universitet, orta məktəb, bağça və digər müəssisələr fəaliyyət göstərir. Bu kimi məsələlər dəfələrlə müzakirə olunduğuna baxmayaraq, təəssüf ki, problemin həlli müxtəlif səbəblərdən öz həllini tapmayıb.
Dünyanın ayrı-ayrı ölkələrində konkret təcrübələr var ki, universitetlərin böyük əksəriyyəti kampuslara malik olmaq üçün şəhərdən kənar ərazilərdə yerləşir. Ali təhsil müəssisələrinin reytinqinin əsas göstəricilərindən biri də kampusun olmasıdır. Zaman-zaman bu məsələlər qaldırılıb, müxtəlif ölkələrin təcrübəsindən nümunələr gətirilib. Bu gün dünya reytinqlərində Azərbaycan universitetlərinin aşağı səviyyədə olmasından gileylənirik. Amma unuduruq ki, dünya təcrübəsində ali məktəblərin yüksək reytinqə malik olmasının əsas səbəblərindən biri də o universitetlərdə yüksək təhsil alma şəraitinin yaradılmasıdır. Məsələn, Oksford, Kembriç universitetlərinə baxsaq, görərik ki, hamsı şəhərdən kənarda kampus şəraitində fəaliyyət göstərir. Yəni tıxacdan, şəhər mühitindən ayrı meşəlik ərazilərdə sakit bir guşədə yaradılır.
Nümunə üçün deyək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 1 may 2017-сi il tarixində açılan, Bakı Ali Neft Məktəbinin kampusu əsas tədris korpusları, kitabxana kompleksi, kütləvi tədbirlər üçün konqres binası, senat zalı, idarəetmə heyəti binası, kafeteriya, ən müasir tələblərə cavab verən qapalı idman zalları, qapalı üzgüçülük hovuzu, açıq tennis, voleybol, basketbol meydançaları, fitnes mərkəzi, 1000 yerlik stadion və 500 nəfərlik Tələbə evindən ibarət nəhəng kompleksdir. Kampusdakı 600 yerlik konqres binası kütləvi-mədəni tədbirlərin yüksək səviyyədə təşkili üçün modern tələblərə cavab verən infrastruktura malikdir. Əsas korpusdakı tədris binasında istismara verilən mühazirə zalları və məşğələ otaqları ən müasir avadanlıqla, o cümlədən multimedia vasitələri ilə təchiz olunub. Bununla belə, onu da deyək ku, bir çox universitetlərimizin qapısı birbaşa prospektə açılır.
Universitetlərin köçürülməsi mütləq həyata keçirilməlidir. Beləliklə, yerli kadrların sayı artacaq. Məsələn, regionda həmin sahənin inkişafı gedəcək, həm də yeni iş yerləri açılacaq. Təhsilə dair dövlət strategiyasında və bir çox digər rəsmi sənədlərdə universitetlərin yataqxana məsələsi hər zaman önə çəkilib. Tələbə üçün mühit yaratmaq lazımdır ki, tələbə məişət qayğılarından azad olsun. Təəssüf ki, hamı çalışır ki, Bakıda universitetə qəbul olsun. Amma bölgə insanlarının elə həmin rayonda təhsil alması daha məqsədəuyğundur və ümumi prosesə töhfə verə bilər. Bu istiqamətdə də addımlarımızı atmalıyıq. Yəqin ki, Fəaliyyət Planı təsdiq olunduqdan sonra tədbirlərin icrasına başlanılacaq və bu sahədə konkret və əməli addımlar atılacaq...
Təhsil eksperti Nadir İsrafilov