Logo

Təhsilin İnkişafı Fondu BDU-da “TələbəPlus” kartı ilə bağlı infosessiya keçirib

07.04.2025 14:56 100 baxış
IMG

Təhsilin İnkişafı Fondu Bakı Dövlət Universitetində (BDU) “TələbəPlus” kartı ilə bağlı infosessiya keçirib.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, infosessiyanın keçirilməsində məqsəd “TələbəPlus” kartı və onun təqdim etdiyi imkanlar barədə tələbələri daha ətraflı məlumatlandırmaq, onların suallarını cavablandırmaq olub. Tədbir zamanı tələbələrə kartın qazandırdığı üstünlüklər, əməkdaşlıq edilən şirkətlərdə mövcud endirimlər barəsində məlumat verilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov “TələbəPlus” kartlarının tələbələr üşün böyük imkanlar yaratdığını qeyd edib. O, “Tələbə Plus” kartlarının universitetin bütün təhsil pillələri üzrə paylanıldığını, onun ilk istifadəçilərinin məhz BDU tələbələri olduğunu diqqətə çatdırıb.

Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi Aysel Məhərrəmova “TələbəPlus” layihəsinin məqsədləri, tələbələr üçün yaradılan imkanlar barəsində təqdimat edib. Layihənin gələcək perspektivlərinə də toxunan Aysel Məhərrəmova yaxın gələcəkdə yeni tərəfdaşlarla əməkdaşlıqların qurulacağı və endirim şəbəkəsinin daha da genişlənəcəyini bildirib.

“Azerconnect Group”un satış kanalları üzrə direktoru Anar Verdiyev bir müddət öncə Təhsilin İnkişafı Fondu ilə “Bakcell” arasında “TələbəPlus” kartına dair əməkdaşlıq müqaviləsinin imzalandığını diqqətə çatdırıb. Əməkdaşlıq çərçivəsində “TələbəPlus” kart istifadəçilərinə hər ay 5 GB əlavə internet bonusu təqdim edilir. Bu təşəbbüs onların təhsil prosesində daha rahat və sərbəst şəkildə onlayn resurslardan istifadə etməsinə imkan yaradır.

Çıxışların sonunda sual-cavab sessiyası təşkil olunub. Təhsilin İnkişafı Fondunun nümayəndələri Aysel Məhərrəmova, Vəli Babayev və “Bakcell”in layihə inkişafı üzrə mütəxəssisi Hacı Qafarov tələbələrin suallarını cavablandırıblar.

Qeyd edək ki, “TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, “Kapital Bank” və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir.

Xəbər lenti