Logo

Azərbaycan Universiteti ilk dəfə olaraq ikili diplom proqramı çərçivəsində tələbəsini İtaliyaya göndərir

07.04.2025 16:10 100 baxış
IMG

Azərbaycan Universiteti İtaliyanın Tuscia Universiteti ilə imzalanmış müqaviləyə əsasən həyata keçirilən magistratura üzrə birgə beynəlxalq ikili diplom proqramına seçilən ilk tələbəsini bu ölkəyə göndərir. Universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva proqrama qəbul olan II kurs magistratura tələbəsi Rəvan İdrislini qəbul edib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə universitetdə tələbələr üçün yaradılan şərait və təhsil mühiti, beynəlmiləlləşmənin və ikili diplom proqramlarının əhəmiyyəti və üstünlüklərindən bəhs olunub.

İkili diplom proqramının ilk tələbəsi olması münasibətilə Rəvan İdrislini təbrik edən rektor ona dərslərə məsuliyyətlə yanaşmasını tövsiyə edib, təhsil həyatında uğurlar arzulayıb. Səadət Əliyeva Rəvan İdrislinin Avropada Azərbaycan gəncini və Azərbaycan xalqının milli-mənəvi dəyərlərini təmsil edəcəyini və bu mənəvi borcun öhdəsindən böyük məsuliyyətlə gələcəyindən əmin olduğunu ifadə edib.

 

Rəvan İdrisli ikili diplom proqramının özü üçün fürsət olduğunu bildirib və gözləntiləri haqqında danışıb. Proqram üzrə müvafiq qayda və prosedurlarla tanış olduğunu, Beynəlxalq əlaqələr şöbəsi, həmçinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi tərəfindən bütün məqamların ətraflı izah olunduğunu qeyd edən tələbə yaradılan şəraitə görə rektora təşəkkür edib.

Qeyd edək ki, Azərbaycan Universiteti ilə İtaliyanın Tuscia Universiteti arasında imzalanan müqaviləyə əsasən beynəlxalq ikili diplom proqramı MBA proqramının marketinq istiqaməti üzrə həyata keçirilir. Təhsillərini uğurla başa vuran tələbələrə müvafiq ixtisas üzrə magistr dərəcəsi verilir və ali təhsil müəssisələrinin diplomları təqdim olunur.

Xəbər lenti