Logo

Akademik koordinator Fabian Chavez NDU-da təlim keçib

09.04.2025 15:22 150 baxış
IMG

Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində Beynəlxalq təlim aylığı çərçivəsində növbəti təlim baş tutub. Təlimi universitetin Beynəlxalq Kembric Məktəbində fəaliyyət göstərən və xaricdən dəvət olunan akademik koordinator, müəllim Fabian Chavez fakültənin müəllim və tələbələrinə təqdim edib.

Universitetdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, tədbirdə NDU-nun Strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli çıxış edərək Fabian Chavez haqqında məlumatları diqqətə çatdırıb, beynəlxalq təhsil sahəsindəki uğurları və NDU-nun Beynəlxalq Kembric Məktəbindəki fəaliyyəti barədə danışıb.

NDU-nun Beynəlxalq Kembric Məktəbinin müəllimi və akademik koordinatoru Fabian Chavez dil tədrisində süni intellektin tətbiqi mövzusunda interaktiv təlim keçib. O, üz-üzə tədris metodu əsasında iştirakçılara süni intellekt texnologiyalarının dil öyrənmə prosesində effektiv istifadəsi barədə praktiki nümunələr təqdim edib. Təlim zamanı müasir pedaqoji yanaşmalar, fərdiləşdirilmiş öyrənmə metodları, süni intellektin adaptiv qiymətləndirmə sistemlərində rolu və tədris materiallarının avtomatlaşdırılması kimi mövzular ətrafında geniş müzakirələr aparıb. Təlimdə iştirakçılar eyni zamanda süni intellektin dil bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif platformalar və alətlər vasitəsilə necə tətbiq oluna biləcəyini öyrəniblər.

Nəzərinizə çatdıraq ki, Fabian Chavez CELTA, “DELTA Modul 1”, “Cambridge Teacher Trainer” sertifikatlarına, həmçinin “Cambridge CEFR C2” sertifikatına sahibdir. Bu sertifikatlar, onun tədris metodlarının peşəkarlığını və beynəlxalq təhsil standartlarına uyğunluğunu göstərir. Chavez, tədris zamanı müəllimlərə konstruktiv “feedback”lər verərək, şagirdlərin psixologiyasına uyğun ən müasir qaydalarla öyrətməyin yollarını paylaşır.

 

 

 

 


 

Xəbər lenti