Logo

Bakı məktəbliləri Sankt-Peterburqda keçirilən elmi-praktik konfransa qatılıblar

22.04.2025 08:10 91 baxış
IMG

Sankt-Peterburq şəhərində hər il ənənəvi təşkil olunan “Uğura addım” adlı elmi-praktik konfrans bu il də maraqla qarşılanıb. Krasnoqvardeyski rayonunun 152 nömrəli məktəbinin ev sahibliyi etdiyi bu tədbirdə müxtəlif şəhərlərdən olan məktəblilər bir araya gələrək elmi layihələrini təqdim ediblər.

Artıq neçə ildir ki, bu beynəlxalq əməkdaşlığa Sankt-Peterburqda yaşayan həmyerlimiz, müəllim Fatma Nəzirlinin təşəbbüsü ilə Bakıdan da qoşulanlar olur.

TƏHSİL.BİZ  xəbər verir ki, Bakı şəhəri M.Hacıyev adına 116 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Nərmin Əhmədova şagirdləri ilə birlikdə hər il bu konfransa telekörpü vasitəsilə qoşulur, layihələrini təqdim edir. Onların layihələri diplomlara da layiq görülüb.

“Uğura addım” adlı builki XII elmi-praktik konfransı 152 nömrəli məktəbin direktoru Ruslan Klimenko açaraq, Bakı məktəbi ilə 7 illik davamlı əməkdaşlığın əhəmiyyətindən bəhs edib. O, bu əməkdaşlığın iki ölkə məktəbləri arasında dostluq körpüsünə çevrildiyini vurğulayıb və bu əlaqələrin davam etdiriləcəyini bildirib.

Konfrans çərçivəsində Bakı məktəbliləri – Tahir Əliyev, Leyla Məmmədli, Zəhra İsazadə və Dəniz Rüstəmli qlobal əhəmiyyət daşıyan COP29 mövzusunda təqdimatlarını nümayiş etdiriblər. Şagirdlərin hazırladıqları layihə təkcə təqdimat bacarıqları ilə deyil, mövzuya yanaşma orijinallığı və elmi yanaşmaları ilə də seçilib.

Bu cür tədbirlər təkcə elmi maraqların deyil, eyni zamanda, ölkələrarası dostluğun möhkəmlənməsinə xidmət edir.

Xəbər lenti