“Etiraf edilməlidir ki, bu gün cəmiyyət ciddi bir problemlə üz-üzədir. Autizm də daxil olmaqla, zehni və nevroloji çətinliklərə malik insanların sayı artmaqda davam edir. Xüsusilə pandemiya dövründə bu artımın şahidi olduq”.
TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri bu gün “Autizm: Tədqiqatdan təcrübəyə” mövzusunda keçirilən Beynəlxalq Autizm Konfransı zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov səsləndirib.
“Araşdırmalar göstərir ki, autizmi dərman müalicəsi ilə aradan qaldırmaq mümkün deyil. Dərman vasitələri müəyyən hallarda davranışdakı aqressivlik, narahatlıq və hiperaktivlik kimi simptomları azaltmaqda faydalı ola bilər”, - o qeyd edib.
Nazir müavininin sözlərinə görə, autizmli uşaqların inkişafı üçün ən yaxşı yol təlim və xüsusi dəstək proqramlarıdır. Bu sahədə düzgün yanaşma, tədris və sosial adaptasiya proqramları bu fərqli uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək üçün əsas vasitədir.