Logo

Muzey əməkdaşları Sankt-Peterburq şəhərində keçirilən elmi-praktik konfransda iştirak ediblər

24.04.2025 12:53 33 baxış
IMG

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajında təşkil olunmuş “Muzey və mədəni turizm problemləri” mövzusunda XXIII elmi-praktiki konfransda iştirak ediblər. Hər il olduğu kimi, bu il də dəyirmi masaya digər ölkələrin nümayəndələri qatılıb.

Muzeydən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirə onlayn qoşulan filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova “Muzeyin COP29 gündəliyi” mövzusunda çıxış edərək keçən il ölkəmizdə qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan, dünyanın ən böyük tədbirlərindən sayılan, Azərbaycanın ev sahibliyi etdiyi və uğurlu layihələrindən olan COP29-dan bəhs edib. Həmçinin COP29 çərçivəsində keçirilən tədbirlərin Ədəbiyyat Muzeyinin tarixində yaddaqalan məqamlar olduğunu və ölkələr arasında ədəbi-mədəni əlaqələr, körpülər yaratmaq məqsədi daşıdığını vurğulayıb. Məruzəçi dünyanın 32 ölkəsindən Azərbaycana gələn müxtəlif peşə sahiblərinin Ədəbiyyat Muzeyini ziyarət etməsindən danışıb, onların milli-mənəvi dəyərlərimizə, xalqımıza olan maraqlarının, sevgilərinin rəylər və təəssüratlar kitabında xatirə olaraq qeyd etdiklərini söyləyib.

Kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva isə “Səksən illik söz məbədi” mövzusunda məruzə ilə çıxış edərək Ədəbiyyat Muzeyinin müxtəlif dövrlərdəki fəaliyyətindən danışıb, bu söz məbədinin 80 ildə keçdiyi yola nəzər salıb. Ədəbiyyat Muzeyinin binası, yaranma tarixi, ekspozisiya ilə bağlı məlumat verən məruzəçi muzeyin fəaliyyətini üç mərhələyə bölərək hər dövrün spesifikası və xüsusiyyətlərini açıqlayıb.

Təqdim olunan məruzələr tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib.

 

Xəbər lenti