Azərbaycan Yazıçılar Birliyində (AYB) Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifi olduqları “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq və nitq-dil” kitablarının təqdimatı olub.
Bu barədə TƏHSİL.BİZ -ə ADU-dan məlumat verilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, kitabın müəllifləri dünyaşöhrətli azərbaycanlı-alim Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsinin dərinliklərinə baş vuraraq, bu nəzəriyyəni humanitar elm sahələrinə uğurla tətbiq etməyi bacarıblar. Hər iki müəllifin elmi yaradıcılığının zirvəsi olan bu unikal əsər Azərbaycan dilçiliyində məntiq və dil arasındakı əlaqələrin təhlilində yeni istiqamətlərə yol açır. Kitablar müasir dilçilik və məntiq sahələrində açdığı yeni üfüqlərlə qeyri-səlis məntiqin sosial elmlərə geniş şəkildə tətbiq olunmasının vacibliyini ön plana çıxarır.
Kitabların Azərbaycanın elm tarixində bir çox intellektual başlanğıcların mənbəyi ola biləcəyi diqqətə çatdırılıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar qeyd edib ki, “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq və nitq-dil” kitabları təkcə Azərbaycan ədəbiyyatı üçün deyil, həmçinin məntiq elmi üçün də unikal hadisədir. O vurğulayıb ki, Lütfi Zadənin məşhur nəzəriyyəsindən bəhrələnən Kamal Abdulla və Rafiq Əliyev yeni nəşrdə qeyri-səlis məntiqin ədəbiyyatda, dilçilikdə, folklorda və nitqdə necə təzahür etdiyini, dilin özünəməxsus xüsusiyyətlərini izah etməyə çalışıblar. Hər iki kitabın elmi əhəmiyyəti yalnız bu nəzəriyyənin tətbiqi ilə məhdudlaşmır, eyni zamanda, yeni geniş tədqiqat sahələrini işıqlandırır, dilçilik və məntiqi sintez edən yeni üfüqlər formalaşdırır.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə çıxışında deyib ki, hər iki kitab həm dilçilik elminin, həm də fəlsəfə elminin qarşısında yeni üfüqlər açır. Bu da öz növbəsində yeni tədqiqat işlərinin aparılması üçün mühüm amillərdən biri hesab olunur. Bu fundamental tədqiqatlar Lütfi Zadə tərəfindən təməli qoyulan qeyri-səlis məntiqin gələcəkdə dilçilik və digər sosial elmlərdə daha geniş tətbiq olunacağına işarədir.
Müəlliflərin ərsəyə gətirdikləri kitabların sosial elmlərdəki potensialını daha dərindən anlamaq üçün mükəmməl platforma təqdim etməsi önə çəkilib.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti professor Çingiz Hüseynzadə müəllifləri ərsəyə gətirdikləri unikal kitablar münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzu edib.
Bildirilib ki, “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq və nitq-dil” kitabları elmi ictimaiyyət və ziyalılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə ədəbiyyatşünas-tərcüməçi Cəlil Nağıyev, AYB-nin katibi şair-tərcüməçi Səlim Babullaoğlu, Azərbaycan Neft və Sənaye Universitetinin prorektoru professor Lətafət Qardaşova, AMEA Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, AMEA-nın Folklor İnstitutunun direktoru dosent Hikmət Quliyev, akademiklər Muxtar İmanov və Əli Abbasov, professor Qorxmaz İmanov və Əməkdar jurnalist Tahir Aydınoğlu kitablar haqqında düşüncələrini bölüşüblər.
Qeyd olunub ki, müəlliflər kitabda qeyri-səlis məntiqi dil və nitqə tətbiq edərək, müxtəlif fərqli yanaşmaları irəli sürərək intellektual bir araşdırma ortaya qoyublar.
Sonda akademik Kamal Abdulla və professor Rafiq Əliyev kitabların yazılma prosesi haqqında danışıblar. Bildirilib ki, dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsi "Kitabi-Dədə Qorqud" dastanının boylarına tətbiq edilməklə, diqqətəlayiq nəticələr əldə edilib.
“Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı Azərbaycan (üç dəfə), Almaniya və Türkiyədə çap olunaraq oxucular tərəfindən rəğbətlə qarşılanıb.
“Qeyri-səlis məntiq və nitq-dil” kitabının yazılma məramından bəhs edən Kamal Abdulla qeyd edib ki, qeyri-səlis məntiqin dil-nitq müstəvisində özünü göstərməsi indiyə qədər hərtərəfli şəkildə öyrənilməmişdir. Mövzunun indiyə qədər sistemli öyrənilməməsi isə onun bu günümüz üçün kifayət dərəcədə perspektivli və dərin olmasından xəbər verir. Qeyri-səlis məntiq nəzəriyyəsinin dilin özünəməxsus çoxmənalılıq və qeyri-xətti xüsusiyyətləri ilə uzlaşdırılması müasir dilçilik elmi üçün yeni üfüqlər açır: “Biz bu kitabda qeyri-səlis məntiq nəzəriyyəsinin dilə tətbiqi ilə onun qeyri-xətti məqamlarını, çoxmənalılıq xüsusiyyətlərini əhatəli şəkildə izah etməyə çalışmışıq. Bu kitab sosial elmlərdə yeni bir dövr açmaq potensialına malikdir”.