Aprelin 24-də Bakı Slavyan Universitetində (BSU) “Qərbi Azərbaycanlı Mühacirlər” mövzusunda dəyirmi masa təşkil edilib. Tədbir azərbaycanlı tarixçi, araşdırmaçı Dilqəm Əhmədin təqdimatında baş tutub. Tədbirdə BSU-nun müxtəlif struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Dilqəm Əhməd çıxışı zamanı Türkiyə arxivlərində çoxsaylı araşdırmalar apardığını və Qərbi azərbaycanlı mühacirlər haqqında zəngin məlumatların olduğunu bildirib. O, ötən əsrin 1918-1920-ci illərində mövcud olan Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasında Qərbi azərbaycanlı ziyalıların xidmətlərindən də danışıb. D.Əhməd bildirib ki, müsəlman Şərqinin ilk Demokratik Respublikasının yaradılmasında Qərbi Azərbaycan ziyalılarının mühüm rolu olub.
Dəyirmi masanın əsas məqsədi Qərbi azərbaycanlı mühacirlərin tanıdılması, bu istiqamətdə həyata keçirilən və keçirilməsi nəzərdə tutulan araşdırmalar haqqında iştirakçıları məlumatlandırmaq olub.
Dəyirmi masa iştirakçılar tərəfindən maraqla qarşılanıb və qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.