Logo

NDU-da akademik Zərifə Əliyevaya həsr olunan elmi-praktik konfrans keçirilib

25.04.2025 17:01 46 baxış
IMG

Naxçıvan Dövlət Universitetinin (NDU) Magistratura və doktorantura mərkəzində “Akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü” mövzusunda elmi-praktik konfrans keçirilib.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən  TƏHSİL.BİZ -in bölgə müxbirinə bildirilib ki, konfransı açan rektor Elbrus İsayev Zərifə xanım Əliyevanın görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində Naxçıvanda dünyaya göz açdığını və atasının ömür yolunun onun üçün əsl həyat məktəbi olduğunu vurğulayıb. Bildirib ki, Zərifə xanım həm də Ümummilli Lider, keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinədək yüksələn Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olub və bu status böyük bir məsuliyyət idi. Bu birlikdən, kökdən, şəcərədən gələn dəyərləri öz övladlarına ötürən Zərifə xanım Prezident İlham Əliyev kimi övlad yetişdirib.

Rektor əlavə edib ki, Zərifə xanım millətini sevən ziyalı, gözəl ana kimi xüsusi iz qoyub və onun timsalında biz Azərbaycan qadınlarının ən yaxşı keyfiyyətlərinin unikal vəhdətini görürük. Vurğulanıb ki, görkəmli oftalmoloq-alim Zərifə xanımın elmi irsinin əhəmiyyətini xatırlamaq, gənc nəsillərə bu böyük alimdən örnək götürməyi təşviq etmək vacibdir. Çünki Zərifə xanımın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir, NDU da ali təhsil müəssisəsi olaraq bu sahədə tədqiqatlar aparır. Eyni zamanda, universitetdə Akademik Zərifə Əliyeva adına Biotibbi Araşdırmalar Mərkəzi təsis edilib.

Sonra plenar çıxışlar olub. Universitetin Klinik fənlər və hərbi tibb kafedrasının professoru, tibb elmləri doktoru İsa Abdullayev “Zərifə xanım Əliyevanın həyat yolu”, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova “Zərifə xanım Əliyevanın elmi fəaliyyəti”, NDU Xəstəxanasının həkim-oftalmoloqu Aynur Rzayeva “Azərbaycan oftalmologiya elmində Zərifə Əliyeva məktəbi”, Tibb ixtisasının III kurs tələbəsi, Zərifə Əliyeva adına adlı təaqüdçü Püstəxanım Quliyeva “Zərifə xanım Əliyeva xatirələrdə” mövzularında məruzələrlə çıxış ediblər. Natiqlər Zərifə Əliyevanın həyatı, elmi fəaliyyəti, xüsusilə oftalmologiya sahəsindəki böyük xidmətləri haqqında məlumatları bölüşüb, elmi irsinin Azərbaycan xalqı və təhsil sistemi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Akademik Zərifə xanım Əliyevaya həsr olunan videoçarx nümayiş etdirilib.

Daha sonra universitetdə yeni təsis olunmuş Akademik Zərifə Əliyeva adına Biotibbi Araşdırmalar Mərkəzinin elmi layihələrinin təqdimatı keçirilib.

Xəbər lenti