Logo

BSU-da fəlsəfə üzrə doktoranturaya qəbul imtahanı keçirilir

02.09.2025 13:45 62 baxış
IMG

Bakı Slavyan Universitetində (BSU) fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanına start verilib. 

TƏHSİL.BİZ  xəbər verir ki, BSU-nun rektoru, İmtahan Komissiyasının sədri Anar Nağıyev imtahana hazırlıqla bağlı görülən təşkilati və elmi-metodoloji işlər haqqında ətraflı məlumat verib.

Onun sözlərinə görə, doktoranturaya qəbul prosesi təkcə biliklərin yoxlanılması deyil, eyni zamanda elmi potensialı olan gənclərin müəyyən edilməsi və ölkənin elmi inkişafına töhfə verəcək mütəxəssislərin seçilməsinə yönəlib: “Əsas məqsədimiz intellektual səviyyəsi, elmə marağı və potensialı olan gənclərə imkan və şərait yaratmaqdır. Doktorantura təhsili yalnız akademik bilik deyil, həm də tədqiqat bacarıqlarının, tənqidi düşünmə və analitik yanaşmanın inkişaf etdirilməsi baxımından mühüm mərhələdir. Elmin inkişafı isə bu bacarıqlara sahib mütəxəssislərin yetişdirilməsi ilə mümkündür”.

Bugün imtahan verən ilk namizədlərə öz tövsiyələrini verən Anar Nağıyev doktoranturaya qəbul prosesində ədalətlilik və qərəzsizliyin qorunmasının mühüm prinsip olduğunu diqqətə çatdırıb.

Onun fikrincə, elm sahəsində uğur qazanan gənclərin sayı artdıqca Azərbaycan da beynəlxalq elmi arenada daha güclü şəkildə təmsil olunacaq.
Rektor həmçinin qeyd edib ki, Elm və Təhsil Nazirliyinin (ETN) müvafiq əmri ilə fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanlarının məhz Bakı Slavyan Universitetində keçirilməsi bu ali təhsil müəssisəsinə göstərilən yüksək etimadın bariz nümunəsidir. O, bu məsuliyyətin universitetin elmi-akademik mühitinin daha da gücləndirilməsi istiqamətində yeni imkanlar yaratdığını bildirib. Çıxışının sonunda Anar Nağıyev bütün namizədlərə uğurlar arzulayıb.  

Sonra imtahan prosesi başladı. İlk gün 40 namizədin imtahan verməsi nəzərdə tutulur. 

Qeyd edək ki, sentyabrın 5-də yekunlaşacaq fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanında 13 ali təhsil müəssisəsi və Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyindən 157 namizəd iştirak edəcək.

Xəbər lenti