Sentyabrın 19-dan 25-dək Azərbaycan və Türkiyə Gənclər və İdman nazirliklərinin birgə əməkdaşlığı çərçivəsində Türkiyənin Bursa şəhərində “Düşərgə liderlərinin təlim proqramı”nın II mərhələsi keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi Rəvan Həsənzadə proqramda uğurla iştirak edərək sertifikata layiq görülüb.
Karacaali Gənclər Düşərgəsində təşkil olunan proqram çərçivəsində iştirakçılar üçün praktiki məşğələlər və seminarlar keçirilib. Praktiki dərslərdə gənclərə iştirakçıların qarşılanması və qeydiyyatı, şəhər gəzintilərinin təşkili, milli rəqslər və teatr, intellektual və masaüstü oyunlar, oxatma və ilkin tibbi yardım mövzularında təlimlər təqdim olunub.
Sessiyalarda isə düşərgənin idarə olunması, komanda işi və liderlik, effektiv ünsiyyətin qurulması, teatr və musiqi fəaliyyətlərinin təşkili, mədəni tədbirlərin planlaşdırılması və düşərgə həyatının idarə olunması ilə bağlı nəzəri biliklər öyrədilib.