Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İsveçrənin HES-SO Ali İdarəetmə Məktəbinin magistrantları üçün intensiv təcrübə proqramına start verilib.
TƏHSİL.BİZ xəbər verir ki, hər iki universitet arasında əməkdaşlıq çərçivəsində təşkil olunan proqram 29 sentyabr – 10 oktyabr tarixlərini əhatə edir.
Təcrübə proqramında HES-SO-nun Menecment və İdarəetmə fakültəsinin dosenti Culia Vörsün rəhbərliyi ilə 19 magistr tələbə iştirak edir. Proqram UNEC-in Layihələrin İdarə Olunması şöbəsi tərəfindən hazırlanmış xüsusi intensiv tədris planı əsasında həyata keçirilir.
Proqramın açılış mərasimində UNEC-in beynəlxalq əlaqələr üzrə prorektoru Hüseyn Həsənov qonaqları salamlayaraq bu təşəbbüsün Azərbaycan ilə İsveçrə arasında akademik və işgüzar əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini bildirib. O, isveçrəli tələbələrə UNEC haqqında geniş məlumat verərək, onlara təcrübə proqramında uğurlar arzulayıb.
Açılışdan sonra tələbələr üçün universitetdə infotur təşkil olunub.
Qeyd edək ki, iki həftəlik proqram çərçivəsində iştirakçılar yerli və xarici ekspertlərin iştirakı ilə Azərbaycan–İsveçrə iqtisadi əlaqələri, biznes mühiti və xarici ticarət mövzularında biliklər əldə edəcəklər. Bundan əlavə, tələbələrin bir sıra dövlət qurumlarına səfərləri də nəzərdə tutulub.