Logo

Erkən yaşda təhsil

18.10.2021 12:04 489 baxış
IMG

Uşağın ilk illəri onun təhsil və inkişafında vacib rol oynayır

XX əsrin əvvəllərindən bir çox alimlər uşaq inkişafına aid müxtəlif nəzəriyyələr irəli sürmüşdülər. Bunlardan ən məşhurları: A.Qeselin “Yetkinlik”, S.Freydin “Psixodinamika”, J.Piajetin “Sxemi”, L.Viqotskinin “Proksimal inkişaf sahəsi”, E.Eriksonun “İdrak”, B.Skinnerin “Davranış”, G.Brunnerin “Spiralvari kurikulumu”, B.Blumun “Blum taksonamiyası”, H.Qardnerin “Çoxtərəfli intellekt”, Bronfenbrennerin çoxmərtəbəli “Ekoloji sistem”, N.Çomskinin “İnformasiya emal nəzəriyyəsi”.

Erkən yaş, təhsil mərhələləri, uşaq inkişafı

Lakin çoxsaylı nəzəriyyələrin mövcud olmasına baxmayaraq neyroelm insan beyninin üç ierarxiq beynindən mövcud olaraq hər birinin özünün strukturu, funksiyası və hormonlardan ibarət olmasını deyir (MacLean, 1973). Beləliklə, insan beyni ölçü və mürəkkəbliyinə görə təkamül edib. İnsanlığın beyninin ibtidai formalaşmasının ilkin mərhələsi olan “sürünən beyni” körpənin üç ayında formalaşır. Bu körpənin ətrafı dərk etməsində əsas rol oynayır, məhz bu dövrdə 90% neyron birləşmələri ətraf aləmin dərk olunmasına sərf olunur. Beynin formalaşmasının ikinci mərhələsi olan limbik beyinin formalaşması uşağın 2-2.5 yaşından başlayır. Məhz bu yaşda uşaq sosial mühitlə əlaqəyə daxil olur və artıq öz həmyaşıdları ilə münasibət qurur (Caremans, 2015). Bu yaşda uşaqların beyninin öyrənmə sürəti daha itidir. Yaş artdıqca insan beyninin öyrənmə sürəti zəifləyir. Prefrontal beyin beyin önünü əhatə edib ali funksiyaları: qərar vermə, problem həll etmə, induktiv düşüncə, planlama və s. Uşaqlara erkən yaşda müxtəlif oyunlarla, strategiyalarla təhsil verilməsi onların sonrakı inkişafında müsbət nəticə göstərir. Son illərdə qərbdə erkən yaşlı uşaqlar üçün pedaqogika təkmilləşib.

Sousa (2017) uşağın yaşına görə öyrənməni təhlilini aparıb (Fiqur 1) və müəyyən edib ki,

Fiqur 1. Cari tədqiqata əsaslanan qrafik uşaqların öyrənməsində həssas mərhələləri göstərir.

Uşağın ilk illəri onun təhsil və inkişafında vacib rol oynayır. Xüsusilə riyaziyyat/məntiq və motorik inkişafında körpənin ilk illərinə diqqət edilməsi vacibdir. Əlbəttə, gələcək tədqiqatlardan sonra qrafikdə dəyişilmə gözlənilməsi təbiidir. İlkin mərhələdə təhsil məlumatın qısamüddətli yaddaşda saxlanılması üçün vacib rol oynayır. Bu isə öz növbəsində növbəti təhsil mərhələlərində uzunmüddətli yaddaşa ötürülüb saxlanılmasında vacibdir.

(0 - 3 yaş)

Erkən yaşda uşaqların təhsil mərhələlərini nəzərdən keçirsək bunun bir neçə mərhələdən ibarət olduğunu görmək olar. İlkin mərhələ 1 və ya 2 yaşlarını əhatə edir. Bu mərhələdə körpələr özlərinin inkişaf edən zehni və fiziki bacarıqlarını vizual inspeksiya, manipulyasiya, hərəkət vasitəsi ilə ətrafı kəşf etməyə başlayırlar (Brenthal, 1996). Əlbəttə, böyüklərin borcu körpələrə münbit şərait yaratmaqla onların şəxsiyyət kimi formalaşmasına, maraqlarının, istəklərinin yaranmasına nail olmaqdır. Burada avtonomluğun inkişaında dəstəkçi rolunun oynanılması vacibdir. İlkin mərhələnin sonuncu ilində (doğum - 3 yaş) uşaq nəinki gəzir, həmçinin daimi hərəkət edərək yüksək enerji xərcləyir (Maxim, 1997). Bu yaş dövründə kreativlik, təxəyyül ən yüksək həddə olur. Bu zaman böyüklər körpə ilə danışmalı, imitasiya etməli, ona dəstək verib  yolunu qurmalıdırlar. Harknes və həmkarları (2007) Amerikada anaların beyin formalaşmasında müxtəlif təhsil oyunlarından, hətta rəqəmsal texnologiyadan istifadə etdiklərini vurğulayır. Bu mərhələdə uşaq natiqlik qabiliyyətini təbii yolla formalaşdıra bilir, o zaman ki, oxuma və yazmanı bilmək üçün xüsusi zəhmət tələb edir. Lakin natiqlik qabiliyyətinin düzgün, şüurlu şəkildə körpələrdə formalaşması onların yazma və oxuma qabiliyyətləri üçün möhkəm fundament olur (Saracho & Spodek, 2007). Bu, uşaqlarda dildən düzgün istifadə etmə qabiliyyətini yaradır. Dilin strukturunu bilmək sözün mənasını öncədən bilməyə kömək edir, beləliklə də hər dəfə uşaq yeni sözlə qarşılaşanda onun öyrənmə qabiliyyəti artır.

Üç yaşında uşağa hekayələri, müzakirələri, sualları və cavabları göstərəndə onlar özləri suallardan istifadə edib, kəşf edib onu digər anlayışlarla əlaqələndirə bilir, bir neçə koqnitiv tapşırıqla məşğul ola bilir. Məsələn: hekayələrdə hadisələrin ardıcıllığını izləyə bilir, prosesi təşkil edən müxtəlif mərhələlərin ardıcıllığını dərk edə bilir, müqayisələr edə bilir, hadisələrin arxasında dayanan səbəbləri müəyyən edə bilir və ya müxtəlif mənbələrdən olan məlumatları birləşdirir və ya hətta bu hadisə ilə bağlı öz düşüncələrilə bölüşür. Bu, onlara nəinki ətraf mühitlə əlaqəsini dərin öyrənməyə xidmət edir, həmçinin sosial inkişafına səbəb olur (Menyuk & Brisk, 2005). Əlbəttə, böyüklər dili necə modelləşdirməyi, uşaqlarının hansı lüğətdən istifadə etməyi və hansı koqnitiv çətinlikləri uşaqlarına öyrətmək istədiklərini bilməlidirlər (Larson & Peterson, 2003). Şifahi dil koqnitiv strukturun inkişafında güclü alətdir ki, yazma və oxumanın inkişafını dəstəkləyir. Dil bacarığı və koqnitiv inkişaf riyaziyyat bacarığının formalaşmasına kömək edir. Buna oyunlar, şəkil çəkmək, rəngləmək, lego yığmaq, ritmlər, hesablama ilə bağlı oyunlar, barmaqlardan istifadə, həmçinin riyaziyyat anlayışlarının kəşf edilməsi ilə bağlı oyunlar daxildir (Pruden, Göksun, Roseberry, Hirsh-Pasek& Golinkoff, 2012). Hətta 1 yaşında körpə böyüklərin üz ifadələrini oxumaqla onların cavablarını müəyyən etməyə çalışır. Körpə öyrənmə mühiti imkanı verən sosial vəziyyətə çox diqqət edib aktiv biliyi qurur.

(3 - 5/6 yaş)

Bu yaş dövrü hər bir uşağın həyatında və təhsilində ən vacib mərhələdir. Əlbəttə ki, uşaqlar inkişaflarında ən aktiv rolu özləri oynayır. Tədqiqatçılar iki öyrənməni: gizli və aşkar növlərinə bölürlər. Biz gizli öyrənməni müşahidə etməyə bilərik, lakin mürəkkəb gizli öyrənmə baş verir. Məhz bu səbəbdir ki, böyüklər körpələrin koqnitiv bacarıqlarını qiymətləndirmir, inanmırlar. Beləliklə, uşaqlar hər zaman öyrəndikləri halda onların ətrafında olan böyüklər təsəvvür etmir ki, uşaqları nə zaman və nə öyrənirlər (Allen & Kelly, 2015). Uşaqların öz biliklərini anlamasının və biliklərinin yeni situasiyalara tətbiq etməyə başlanmasının böyük hissəsi bu mərhələyə (3-6 yaş) təsadüf edir. Onlar bu mərhələdə öyrənmək üçün etməlidirlər ki, öyrənsinlər, nəinki izah və ya tədris yolu ilə başa düşüb mənimsəsinlər. Əlbəttə, burada “yönəldici yoxlama” olmadan öyrənmə nəzərdə tutulur. Əgər yönəldici yoxlama xüsusi bacarıqları öyrətmək üçün faydalıdırsa, maraq və kreativliyi yaratmaqda uğursuzdur. Kreativlik və maraq isə uzun müddətdə vacib bacarıqlardan biridir. Onlar gələcək kəşflər üçün baza bacarıqlarıdır. Yönəldici yoxlamada uşaqlar müəllimlərin dediklərini edir, nəinki kəşf etməklə, spontan öyrənməklə, daha çox gözlənilməz məlumatı aşkar edib gözlənilməz nəticələrə gəlməklə məşğul olurlar  (Gopnik, 2011). Yönəldici yoxlamaya misal olaraq James Asher-in Total Physical Response metodunu göstərmək olar. Sual yaranır: necə etmək olar ki, uşaqların qabiliyyətlərini aşağılamayaraq və lazım olmayan yerlərdə yönəldici yoxlama tətbiq etmədən onların koqnitiv bacarıqlarını qurmaq olar? Sualın cavabı sadədir. Bu, hər hansı bir fəaliyyət növüdür ki, uşağın inkişafına səbəb olur: incəsənət, sənətkarlıq, musiqi, rəqs, insanlarla görüş, kitab oxumaq, yemək bişirmək və s. Uşağın inkişafına səbəb olan əsas üç məsələni qeyd etmək lazımdır.

Açıq tipli suallar düşünmədə və problem həll etmədə vacib rol oynayır. Burada nəinki uşaq öz düşüncəsini formalaşdırır, həm də dəyərləndirilmiş hissi yaradaraq özgüvənini qurur, bu isə koqnitiv inkişafı stimullaşdırır. Açıq tipli sualların genişləndirilməsi bu yaş dövründə metakoqnitiv bacarıqların inkişafına səbəb olur. Bu suallar uşaqda müqayisə etmək, fərqliliyi qurmaq, öncədən bilmək, suallar formalaşdırmaq, fərziyyə irəli sürmək, əks etdirmək kimi ali bacarıqları formalaşdırır.

İnteraktiv hekayə danışmaq. Böyüklərin ucadan hekayə danışması əvəzinə onlar rolları dəyişə bilər və uşaqlar kitabdakı şəkillər əsasında hekayə danışır. Böyüklər isə aktiv dinləyir. Burada əsas məqam uşağın yaradıcı olması, düşünməsi, ifadə və təxəyyül etməsi. Bu cür yanaşma 3-5 yaşlı uşaqlarda dil və düşünmə bacarıqlarında əhəmiyyətli dəyişikliklərə səbəb olur.

Oyun və öyrənmə.  Oyun erkən yaşda istifadə olunan öyrənmə üsuludur. Hətta oyunlar öyrənmə üçün praktik vasitə olsa belə uşaqlara sərbəst və planlaşmamış şəkildə oynamalıdırlar. Yalnız təhlükə olanda böyüklər müdaxilə edə bilər. Əlbəttə, spontan oyun pedaqoji deyil, lakin pedaqogikanın inkişafında istifadə etmək olar.  Oyunun müxtəlif elementləri - çağırış, düşünmə şansı, iradə hissi, qeyri-müəyyən elementdə çoxsaylı imkanların pedaqogika ilə uzlaşması. Öyrənməni tərtib edərkən oyun elementlərindən istifadə edə bilərlər. Oyunun elementləri olan çağırış və məqsədyönlülük uşağı aktiv olaraq qərarlar qəbul etmək, öz üsulu ilə həyata keçirmək, nəticədə əks etdirmək, başqaları ilə ümumi məqsəd üçün işləmək və onu əldə etməyə çalışmaq kimi bacarıqları aşılayır və bu elementləri sinfə inteqrasiya etməyə imkan verir. Bu elementlər pedaqogika yaradır və əksər ədəbiyyatda “aktiv öyrənmə” və ya “konstruktivizm” kimi istinad edilir. Öncədən hazırlanmış “bilik vermə” adlanan didaktik yanaşma əvəzinə uşağı öz anlayışında dəstəkləmək lazımdır. Məsələn: riyaziyyat öyrənilməsində gündəlik həyat və oyun təcrübəsi güclü bazadır. Uşaqlar əşyaları ardıcıllıqla düzə bilər (Sarama& Clements, 2012).Uşaqların anadangəlmə təbii maraq bacarığı müşahidə və təcrübə etmək bacarıqları ilə ödəniləndə ətraf mühiti kəşf etmək üçün çoxsaylı imkanları yaranır. Müəllimlər sual və şərhləri ilə uşağa kifayət qədər zaman və məkan ayıraraq dəstəkləyəndə onlarda elmi düşüncə formalaşır (Fuson, Kalchman, & Bransford, 2005). Səmərəli pedaqogika çətin olmayaraq gündəlik praktikanın daha düşünülmüş şəkildə qurulması, uşaqların gündəlik ritmlərə uyğun olması və ən əsası təbii öyrənməni aktivləşdirməyi ifadə edir.

Könül KƏRİMOVA,

Təhsil elmləri üzrə PhD

Xəbər lenti