Logo

Pedaqoji Universitetdə "Nizami Gəncəvi: Dahilik Zirvəsi" Beynəlxalq elmi konfransı keçirilir

18.11.2021 16:24 507 baxış
IMG

Noyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Nizami Gəncəvi: Dahilik Zirvəsi" Beynəlxalq elmi konfransının açılışı olub. 

Hibrid formada - ənənəvi və onlayn şəkildə təşkil edilən beynəlxalq konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, İsveç və Rusiyadan olan alimlər də iştirak edirlər. 

Konfransın açılışından əvvəl professor Mahirə Hüseynovanın rəhbərliyi ilə universitetin Filologiya fakültəsi və fakültənin “MEH” ədəbi dərnəyinin hazırladığı bədii kompozisiya nümayiş olunub. Qonaqlar "Gəncə qala qapıları"ndan keçərək Nizami dünyasına daxil olublar. Kompozisiyada dahi şairin "Xəmsə"sinin obrazları əyani surətdə canlandırılıb. Sonda isə böyük mütəfəkkir Nizami Gəncəvi obrazı tədbir iştirakçılarını salamlayaraq özünün söz səltənətinin əzəmətini vurğulayıb.

Plenar iclasda açılış nitqi ilə çıxış edən konfransın təşkilat komitəsinin sədri, ADPU-nun rektoru, prof. Cəfər Cəfərov iştirakçıları salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin 2021-ci ilin yanvar ayında imzaladığı Sərəncama əsasən Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ölkədə, o cümlədən Pedaqoji Universitetdə müxtəlif silsilə tədbirlərlə  geniş qeyd olunur. Bugünkü beynəlxalq konfransı isə ADPU-da "Nizami ili"nə həsr olunan tədbirlərin zirvəsi hesab etmək olar. Nizami bizim milli sərvətimizdir, lakin onu qoruyub sahib çıxdıqda sərvətimiz olur. Universitet tərəfindən həyata keçirilən bu tədbirlər, tədqiqatlar da qədirşünaslıq nümunəsidir. 

Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli vurğulayıb ki, Nizamini özündən əvvəlki bütün böyük dühalardan fərqləndirən bir əsas cəhət var. Əgər Homer, Firdovsi kimi böyük şairlər daha çox əfsanəvi obrazlar yaratmışlarsa, Nizami dünya tarixində ilk dəfə  öz əsərlərinə demokratik ruh gətirir. O, ilk poemasında deyirdi: "Mən şeiri saraylardan daxmalara gətirdim". 
Digər yandan o, dövrünün dahi politoloqu idi. Dövründə dövlətçiliyin elmi prinsiplərini poetik dildə işləyərək dünyaya miras qoyan sənətkar ideal hökmdar modelinin cizgilərini təsvir edirdi.

Nizaminin müasirliyi bu gün müasir Azərbaycan dövlətində özünü göstərir. Ümummilli lider Heydər Əliyev və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin ideal keyfiyyətlərə malikdir; eyni zamanda lider, diplomat, sərkərdə. Bu da onu göstərir ki, şairin yaradıcılığı hər şeydən əvvəl Azərbaycan milli dövlətçiliyinə xidmət etmişdir. 
Eyni zamanda Nizaminin yaradıcılığı göstərir ki, hələ XII əsrdə Azərbaycanda, Gəncədə necə böyük elmi və mədəni mühit formalaşmışdı. 

Çıxış edənlərdən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, prof. Asəf Zamanov Nizami Gəncəvinin əsərlərindəki elmilikdən bəhs edərək bildirib ki, eyni zamanda şairin irsinin tədqiqinə töhfə kimi tanınmış şərqşünas alim A.Y.Krımski tərəfindən 1938-1939-cu illərdə yazılmış və 1981-ci ildə rus dilində nəşr olunan "Nizami və müasirləri" əsərinin TÜRKSOY kafedrasının dosent Təhminə Bədəlova birgə ilk dəfə  Azərbaycan dilinə tərcümə olunmasını qeyd etmək yerinə düşər. Tərcümənin elmi redaktoru akad. T.Kərimli, rəyçisi akad. İ.Həbibbəylidir.

Prof. M.Hüseynova bildirib ki,  ümummilli lider Heydər Əliyevin 1979-cu ildə Nizaminin bədii irsinin yenidən araşdırılması, 1981-ci ildə 840 illik yubileyinin keçirilməsi və nəhayət, 2021-ci ildə Prezident İlham Əliyevin respublikada "Nizami ili" ilə bağlı Sərəncamları dövlətimiz tərəfindən mənəvi irsimizi qorumaq yolunda davamlı addımların göstəricisidir. 

Çıxışlardan sonra Türkiyənin Səlcuq Universitetinin professoru Əli Təmizəl, İsveçin Stokholm Universitetinin dosenti Səadət Kərimi, professor Yaqub Babayev, dosent  Təhminə Bədəlova və  dosent Nazilə Abdullazadənin məruzələri dinlənilib. 

Konfrans "Nizami əsərlərinin dili, üslubu, türkçülük ideyaları", "Nizami və dünya ədəbiyyatı", "Nizami və çağdaş ədəbiyyatşünaslıq" və "Nizami irsində təhsil və tərbiyə məsələləri" adlı dörd bölmədə işini davam etdirib. 

Qeyd edək ki, beynəlxalq konfrans iki gün davam edəcək.

Xəbər lenti