Logo

Ali məktəblərdə Azərbaycan tarixinə münasibət budur - dərs saatı 120-dən 60-a endirilib...

16.12.2021 09:09 567 baxış
IMG

Məhərrəm Zülfüqarlı: “Azərbaycan tarixinin saatı 120 saatdan 60 saata endirilibsə, səsimizi çıxarmasaq sabah hansısa bir məmur...”

Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tarixi dərslərinin həm orta, həm də ali məktəblərdə daha geniş səviyyədə, saatını artırmaqla tədris etmək bir zərurətə, tələbə çevrilib. Biz övladlarımıza Azərbaycan tarixini cümlə-cümlə, səhifə-səhifə öyrətməliyik.

Tariximizi mükəmməl bilmədən nə əsl vətəndaş ola bilərik, nə qələbəmizin qədrini bilib onu yüksək səviyyədə təbliğ edə bilərik. Azərbaycan tarixi cəmiyyətin, uşaq və gənclərin vətəndaşlıq hissinin yüksəlməsində mühüm rola malikdir. Amma təəssüflər olsun ki, ali təhsilə məsul olan bəzi məmurlar bunu dərk etmək istəmir.

  • “Əgər bu səhv indi düzəlməsə, onun fəsadları gələcəkdə daha böyük olacaq”

AVCİYA-nın vitse-prezidenti, siyasi şərhçi, professor Məhərrəm Zülfüqarlı bu günlərdə “Bakı-Xəbər” TV-nin qonağı olarkən bildirdi ki, ali məktəblərdə Azərbaycan tarixi fənninin tədrisinə münasibət elə də yüksək səviyyədə deyil, son dövrlər Azərbaycan tarixinin saatı yarıbayarı azaldılaraq 120 saatdan 60 saata endirilib. Mövzunu genişləndirmək üçün M.Zülfüqarlı ilə əlaqə saxladıq. “Universitetlərdə Azərbaycan tarixi fənninin saatının ildən-ilə azaldılması hamımızı narahat etməlidir. Bu təkcə tarixçilərin deyil, bütün Azərbaycanın problemidir. Çünki indiki dövrdə Vətən müharibəsində qazandığımız zəfərdən sonra təbliğatımızı daha da gücləndirməliyik. Gənclərə vətənpərvərlik tərbiyəsi aşılamaq üçün, digər fənlərlə yanaşı, Azərbaycan tarixinə xüsusilə diqqət yetirmək lazımdır. Biz bunu dəfələrlə qaldırmışıq. İki dəfə millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanovun imzası ilə bizim assosiasiya Təhsil Nazirliyinə müraciət etsə də, heç bir nəticə yoxdur. Təhsil Nazirliyinin təhsildən xəbəri olmayan bir şöbə müdiri, yaxud şöbə müdrinin müavini səvviyyəsində bizə cavab verilir ki, dərs saatını müəyyən etmək universitetlərin səlahiyyətindədir. Mən özüm 40 ildən artıqdır universitetdə dərs deyirəm. Biz bilirik ki, bu da universitetlərin deyil, birbaşa nazirliyin səhvidir. Əgər nazirlik istənilən fənnə, məsələn, Azərbaycan tarixinə 5 kredit ayırıbsa, universitet o kreditdən kənara çıxıb saatı artıra bilməz. Bunu bizə nazirliyn məktub göndərən şöbə müdiri bilmirsə, heç olmasa açıb o kitabları oxusunlar. Yəni bunların çoxu cavandır, dövlətçilik təcrübəsi olmayan insanlardır. Bəlkə də bəziləri universitetdə oxuyarkən Azərbaycan tarixindən aşağı qiymət alıb, Azərbaycan tarixinə münasibəti yaxşı olmayıb, indi onu gətirib hansısa səlahiyyətli quruma rəhbər qoyublar, o da belə taleyüklü məsələlərə öz şəxsi prizmasından yanaşır. Yaxud ola bilsin ki, rus sektorunda oxuyub və heç Azərbaycan tarixini normal keçməyib, ona rus tarixi daha ciddi təbliğ olunub və sair. Bunu ona görə sərt deyirəm ki, bəlkə mənim sözlərimdən bunlar ayılsınlar. Bu birbaşa Prezidentə qarşı çevrilmiş təxribatdır. Əgər Prezident 44 günlük müharibədə dünya telekanallarına açıq şəkildə yüksək səviyyəli müsahibələr verirdisə, bu müsahibələr havada qalmamalıdır, bu gün onları gənclərə təbliğ etməliyik. Buna isə nazirlik şərait yaratmır. Biz ona gərək dəfələrlə müraciət edək ki, bu məsələ Prezident səviyyəsində həll edilsin. Bu məsələ Prezident səviyyısində həll ediləcəksə, onda o nazirlik, o şöbə nəyə lazımdır ki, onlar dövlətin büdcəsindən maaş alırlar? Yəni çox acınacaqlı bir haldır, dövlət qurumlarında vəzifələrə təyin olunmuş indiki şəxslərin, cavan kadrların hamısı gözləmə mövqeyi tutur  ki, birdən səhv edərəm məni vəzifədən çıxararlar”.

M.Zülfüqarlının sözlərinə görə, o məmurlar bir azərbaycanlı kimi məsələyə ürək yandırsalar, əlbəttə, Prezidentin də işi yüngülləşər, dövlət səviyyəsində təbliğat daha da artar. M.Zülfqarlı deyir ki, bu gün Azərbaycan tarixini ali məktəbdə tədris etdiyi gənclər sabahın əsgər və zabitləridir, bunlar Azərbaycanı təmsil edəcəklər, bunlar Azərbaycanın gələcəyidir: “Ona görə də, digər fənlərdən fərqli olaraq, Azərbaycan tarixinin bu cür xüsusiyyətləri nəzərə alınmalıdır. Siz fikir verin ki, Azərbaycan tarixinin saatı 120 saatdan 60 saata endirilibsə, səsimizi çıxarmasaq sabah hansısa bir məmur “ümumiyyətlə bu tarixə ehtiyac yoxdur” deyə bilər. Əgər proses belə gedirsə bunu deyə bilərlər. Azərbaycan tarixinə ehtiyac yoxdursa, sabah deyə bilərlər ki, Azərbaycan dövlətçiliyinə ehtiyac yoxdur, “Azərbaycan elə Rusiyanın bir quberniyası olsun”. Ona görə də, bu təhlükəli, dövlət əleyhinə çevrilmiş bir prosesdir. Buna ciddi yanaşılmalıdır. Əgər bu səhv indi düzəlməsə, onun fəsadları gələcəkdə daha böyük olacaq. Bu birbaşa dövlətçiliyimizin əleyhinə çevrilən təxribatdır. Bunu bizim müzəffər ordumuzun Ali Baş Komandanının gördüyü böyük işlərin təbliğinə qarşı biganəlik kimi qiymətləndirirəm. Bu biganəlik aradan qaldırılmalıdır. Çox qəribədir, bəlkə də bu insanlar heç qəzet oxumurlar, biz dəfələrlə müraciət edirik. Dünən sizin televiziyanızda da bunu dedim. Əgər bunlar gedib onlara çatmırsa, mənə belə gəlir ki, onların Azərbaycan dövlətçiliyini təmsil etməyə mənəvi haqqı çatmır” - deyə M.Zülfüqarlı qeyd etdi...

Professor M.Zülfüqarlının aktuallaşdırdığı məsələyə aydınlıq gətirilməsi üçün Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxladıq. C.Valehovun bildirdiyinə görə, bunun üçün nazirliyin elektron poçtuna yazılı sorğu göndərilməlidir ki, rəsmi cavab verilsin. Biz də nazirliyin elektron poçtuna müvafiq məsələ ilə bağlı sorğu ünvanladıq. Lakin yazı çapa hazırlandığı müddətdə sorğumuzun cavabı gəlmədiyi üçün nazirliyin cavabını növbəti saylarımızda işıqlandıracağıq.

İradə SARIYEVA

Xəbər lenti