Logo

Ufa Dövlət Neft Texniki Universiteti Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq niyyətindədir

17.12.2021 19:11 533 baxış
IMG

Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) geniştərkibli nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub. Nümayəndə heyəti əvvəlcə Ali Məktəbin kampusunu gəzib. 

Sonra BANM-in akademik heyəti ilə görüş keçirilib. Qonaqları salamlayan Ali Məktəbin Tədris və Elmi işlər üzrə prorektoru Zəfər Qurbanov Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun salamlarını çatdırıb. 

Prorektor BANM-in yaranma tarixi, müasir tədris proqramları, təlim texnologiyaları, müasir tələblərə cavab verən təhsil infrastrukturu, yüksəkixtisaslı professor-müəllim heyəti, zəngin kitabxana-informasiya fondu, çoxfunksiyalı laboratoriyalarından bəhs edib. Prorektor bildirib ki, 10 illik yubileyini qeyd edən BANM ən müasir texnologiyalar və peşəkar pedaqoji heyətlə təmin edilmiş innovativ təhsil müəssisəsi olaraq inkişaf edib, yüksək nüfuz qazanıb. Yarandığı ilk ildən ölkə üzrə ən yüksək bal toplayan tələbələr bu Ali Məktəbə qəbul olunur. Bu il isə ölkə üzrə 102 Prezident təqaüdçüsündən 33-nün BANM-in tələbəsi olması Azərbaycan təhsil tarixində rekord göstəricidir. Rusiyanın bir çox universitetləri ilə BANM-in əməkdaşlıq etdiyini vurğulayan Zəfər Qurbanov UDNTU ilə də əməkdaşlığa hazır olduqlarını qeyd edib.

Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) Beynəlxalq əlaqələr üzrə prorektoru Nail Çanışev BANM – in fəaliyyətini yüksək qiymətləndirib. O, təmsil etdiyi ali məktəbin bu il 80 illik yubileyini qeyd etdiyini və Rusiyanın ən böyük neft və qaz universitetlərindən biri olduğunu qeyd edib. Universitetdə Rusiya Federasiyasının 56 bölgəsindən 17 minə yaxın tələbə və 36  xarici ölkənin  vətəndaşları təhsil alır. UDNTU beynəlxalq ali təhsil sisteminə uğurla inteqrasiya olunub və 1996-cı ildən Beynəlxalq Universitetlər Assosiasiyasının (UIA) tamhüquqlu üzvüdür. Nail Çanışev vurğulayıb ki, BANM ilə təhsil və elm sahəsində, o cümlədən birgə elmi-praktik konfranslar, tələbə və müəllimlərin birgə akademik fəaliyyəti, tələbə mübadiləsi kimi sahələrdə ikitərəfli əməkdaşlıq niyyətindədirlər.

Görüşdə, həmçinin birgə layihələrin əhəmiyyəti, tələbələrin birbaşa əlaqələrinin genişləndirilməsi və ikili proqramların təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Xəbər lenti