Logo

“İSTEDADLISAN DEYƏN KİMİ ÖYÜD-NƏSİHƏT VERMƏYƏ BAŞLAYIR...” - "Yazıçı və alim elə tərbiyəsiz ola bilməz..."

22.01.2022 11:54 812 baxış
IMG

Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev "teleqraf.com" saytına kitab və kitabxana mövzusunda maraqlı müsahibə verib. 

Müsahibəni təqdim edirik:

- Etibar müəllim, sonuncu dəfə hansı kitabı oxumusunuz?

- Sonuncu dəfə 2000-ci il fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Erik Kandelin “Yaddaşın axtarışında” kitabını oxumuşam. Çox maraqlı kitabdır. Kandel böyük fizioloqdur, kitabı populyar dildə yazıb. Bundan başqa, yenidən Herman Hessenin “Muncuq oyunu” kitabını oxudum. 20-ci əsrin ən çətin və fəlsəfi romanlarından biridir.

Ümumiyyətlə, çox maraqlı elmi, populyar ədəbiyyatlar var, deyərdim ki, onları oxumağa gecikmişik. Bizdə oxumaq məsələsində “itirilmiş zaman” anlayışı yaxşı oxucunu narahat etməlidir. Çünki elə ədəbiyyatlar olub ki, bizə gec çatıb. Elə ədəbiyyatlar olub ki, tapmaq imkanımız olmayıb. Bu baxımdan, bizdə bir xeyli gecikmə var, bu, bütün elm sahələrinə aiddir.

Elə əsərlər var ki, onları təkrarən oxumaq lazımdır. Ümumiyyətlə, bəzi əsərləri 5-10 ildən bir yenidən oxumaq lazımdır. O cür əsərlərin sayı çoxdur. Məsələn, Tomas Mannın “Doktor Faustus” , Herman Hessenin “Muncuq oyunu”, Robert Müzilin “Xassəsiz insan” əsərlərini misal göstərmək olar. Bu əsərlərin müəyyən illər keçdikdən sonra insana təsiri tamamilə dəyişir.

- Hansı əsəri oxuyub, yenilik kəşf etmisiniz?

- Mən təbiət elmlərindən çap olunan elmi-populiyar ədəbiyyatların oxucusuyam. Son illər daha çox Karl Yaspersin əsərlərini oxuyuram. Fəlsəfənin mahiyyətini kim aça bilib deyə sual versəniz, böyük riyaziyyatçı alim, ədəbiyyat üzrə Nobel mükafatı laureatı, “Qərbin müdrikliyi” əsərininin müəllifi Bertran Rasselin adını çəkərdim. Bu əsər çox möhtəşəmdir, böyük mütəfəkkir antik dövrdən başlayır, müasir dövrə qədər bütün fəlsəfi cərəyanları təhlil edib. Təəssüf ki, həmin kitabın dilimizdə tərcüməsi yoxdur.

Əslində, insan oxuduğunu özündə saxlamamalı, bölüşməlidir. Tələbələrlə, geniş auditoriya ilə paylaşmalıdır. Heyrət edirəm ki, sosial şəbəkələrdə buna maraq bir o qədər yoxdur. Düşünürsən ki, gənclərlə görüşdə mütaliə mədəniyyətinin əhəmiyyəti barədə yaxşı diskussiyalar aparmaq mümkündür. Lakin bəzi rektorlar bunun mahiyyətini anlamırlar.

Bizdə bir maraqlı ənənə var, böyük yazıçıların adı gələndə onun yalnız bir ya iki əsərinin adını çəkirlər. Məsələn, Viktor Hüqodan “Səfillər”, Knut Hamsundan “Torpağın bərəkəti”, Balzakdan “Qorio ata” əsəri yada düşür. Amma bir ənənə var, əsl kitabsevərlər onların kitablarının külliyatını toplayırlar. Külliyatların sonuncu cildlərində həmin yazıçıların publisistikası və məqalələri yer alır.

 

 

İndiki dövrdə də maraqlı yazıçılar var. Onlar hər adamın kitab rəfində yer almasa da, təbliğatları var. Lakin son vaxtlar klassiklərə doğru meyl müşahidə olunur. Bayağı, yalnız gəlir gətirmək üçün yazılan romanlar sonradan oxucu kütləsini itirir. Məsələn, dedektiv janrı götürək - ötən əsrin 70-90-cı illərinə qədər ən bahalı ədəbiyyat dedektiv idi. İndi isə istənilən yerdə dedektiv ədəbiyyatını 1-2 manata almaq olar, bu janr çox tez süquta uğradı.

Bizdə hələ də Yusif Vəzir Çəmənzəminli sona qədər öyrənilməyib. Böyük maarifçi, böyük filosoflarımızı sona qədər öyrənməmişik. Həmçinin Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə kimi dahilərin əsərlərinin təbliği yaxşı nəslin yetişməsinə səbəb ola bilər. Hələ şərq fəlsəfəsindən danışmıram...

- Təəssüflə qeyd etdiniz ki, insanlar kitab haqqında fikirlərini sosial şəbəkələrdə bölüşmürlər. Sizcə, bu, onların qınanmaq, özünü göstərirmiş kimi görünmək qorxusundan irəli gələ bilərmi?

- Bunu heç nə oxumayan adamlar deyir. Oxumağa qarşı qısqanclıq var. Kimsə hansısa dahi şəxsdən sitat gətirəndə, tez onu dilə gətirirlər. Nəhəng adamların müsahibələrinə baxın, onlar bu sitatları dilə gətirməkdən çəkinmirlər. Əgər böyük yazıçının, elm adamının Nobel nitqindəki məqamlar mənim üçün maraqlıdırsa, düşünürəm ki, sizin üçün də maraq kəsb edə bilər. Bilik bölüşülməlidir. İndi feysbukda xeyli aforizmlər icad edənlərin və öyüd-nəsihət verənlərin sayı durmadan artır.

Nerudanın gözəl bir ifadəsi var: “İnsan olan yerdə mütləq kitab da olmalıdır”. Bilik bir nəfərə məxsus olaraq qalmamalıdır. Böyük yazıçı və şairlərin publisistikasında çox gözəl məqamlara rast gəlirsən, lakin bunun təbliğat auditoriyası yoxdur.

Sosial şəbəkənin özünün fəlsəfəsi var. Kiminsə intellektual paylaşım etməsi özünütəbliğ kimi qələmə verilir. Amma gənc nəsil onlarla tanış olsa, oxusa, mənimsəsə, çox yaxşı olar. Gənclərin böyük şair Rabindranat Taqorla böyük fizik Enşteynin dialoqunu oxumasının nəyi pisdir? Görün, bunun tərcüməsi nə qədər vaxt tələb edir?... Əgər elə qiymətləndirilirsə, yazıçının özü bir yana, bunu paylaşanın zəhmətinə hörmətsizlikdir. Oxumursansa, oxuma. Amma ağız büzmək savadsızlıq əlamətidir.

Mən sizin sayt vasitəsilə demək istəyirəm: kim nəyi oxuyursa, paylaşsın. Azərbaycanın xaricdə çox böyük alimləri var. Onların paylaşımlarının nə ziyanı ola bilər? Düşünürəm ki, bunu hamı etməlidir.

- Hansı əsərlərin tərcüməsini vacib görürsünüz?

- Tərcümə işində çox inkişaf etmiş ölkələr sırasında Türkiyəni, Rusiyanı göstərmək olar. Dünyada hansısa elmi və ya bədii ədəbiyyat çap olunduqdan 6-7 ay sonra o kitab tərcümə edilib oxucuların ixtiyarına verilir. Bizdəsə bu sahədə çox gecikmələr var. Bizdə bədii ədəbiyyatın tərcüməsinə maraq daha böyükdür. Tərcümələrin əksəriyyəti də yararsızdır.

Tərcüməsi vacib əsərlər yüzlərlədir. Bu gün elmi populyar ədəbiyyatın tərcümə işi genişlənməlidir. Doğrudur, bu, çətin məsələdir, mütəxəssis tələb edir. Amma bədii ədəbiyyatın da tərcüməsində ciddi qüsurlar var. Bir şəxs həm yapon yazıçısı Kenzaburo Oeni tərcümə edir, həm portuqal yazıçısı Joze Saramaqonu, həm də tutalım, alman yazıçısı Tomas Mannın əsərlərini... Hamısını da rus dilindən dilimizə çevirir. Elə bil ki, öhdəlik götürüb.

Azərbaycan Dillər Universitetində müxtəlif dillər üzrə tərcümə fakültələri var. Bəs, onda niyə tərcümələrin 80-90 faizi rus dilindən tərcümələrdir? Hər bir əsərin ruhu öz yazıldığı dildə gizlənir, onu ikinci dildən çevirəndə nə qədər itki baş verir...

Peşəkar rus və türk tərcüməçiləri uzun illər əsərin yazıldığı dil üzərində işləyib tərcümə edirlər, bizdə belə ənənə yox dərəcəsindədir. Bizdə daha çox faydalanmaq əsas götürülür. Oxucunun mənafeyi nəzərə alınmır. Bu, pul qazanmaqdır, tərcümə deyil. Ona görə də gənclər dilləri öyrənməlidirlər ki, onlara gərəkli olan ədəbiyyatları, əsərləri orijinaldan oxusunlar.

 

 

- Sizcə, bu gün humanitar ədəbiyyata üstün maraq nədən qaynaqlanır?

- Təbiət elminin alimləri, fundamental elm təmsilçiləri kitab yazmağa, tələbə və müəllimlər üçün vacib olan əsərləri tərcümə etməyə meyl göstərmirlər.

Gərək nəyisə tərcümə edəndə 2 dilin ikisini də yaxşı biləsən, yaxşı redaktorlar da çox azdır. Bu gün təbiət elmləri və fundamental elm sahələrində ədəbiyyatın çapında həddindən artıq böyük boşluq var. Bu, olduqca böyük qüsurdur. Süni intellekt, iqlim dəyişmələri, iqtisadiyyatın, fizikanın, kimyanın, molekulyar biologiyanın populyarlaşdırılması yönümündə çox az tərcümə əsərlərininə rast gəlmək olur. Amma humanitar sahədə, bədii ədəbiyyat sahəsində bu tərcümələr geniş vüsət alıb.

- Sizin fikrinizcə, hansı elmi-populyar ədəbiyyatlar oxucular üçün əhəmiyyətlidir?

- Bioqrafiyalar... Məsələn, fizika, kimya, biologiya, riyaziyyat elmlərini populyarlaşdıran əsərləri oxumaq gənc nəsil üçün çox faydalıdır. Bioqrafiya janrında böyük alimlər haqqında maraqlı kitablar yazılıb. Biliyin çatdırılmasında ləngimək yolverilməzdir. Ləngimənin əsas səbəbi bilik verənin özünün geridə qalmasıdır. Tələbələrə 1980-1990-cı illərdəki mühazirələri oxumaq vaxt keçirmək kimi bir şeydir. O qədər yeni paradiqmalar ortaya çıxıb ki... Bu gün Azərbaycanda belə bir situasiya hakimdir: istənilən kəs 5-6 şeir yazıb, özünə şair deyə bilər. Bunun səbəbi odur ki, ədəbi tənqidçilər yoxdur, hamı təriflə məşğuldur. Bəlkə də bu tendensiya təkcə bizdədir. Bir neçə esse yazan gənclərə çox tez istedadlı gənc deyirik. Onlar bundan sui-istifadə edir, cəmiyyətdə özlərini ərköyün kimi aparırlar. Elm sahələri isə belə deyil. Konkret nəticə ortaya qoyulmalıdır.

- Sizcə, istedadlı gənc kimdir?

- İstedadlı gənc aldığı ali təhsili kənara qoyub, daima öz üzərində çalışmalıdır. İstedad həm də mədəni və tərbiyəli olmağa yol açır. Bir neçə misal çəkim. Knut Hamsun "Aclıq" əsərini 23 yaşında, Tomas Mann "Budenbroklar" əsərini 27 yaşında, Elias Kanetti "Korluq" əsərini 26 yaşında yazıb. Hətta istəyiblər gənc yaşlarında onlara Nobel mükafatı versinlər, amma çox gənc olduqlarını nəzərə alıb bu fikirdən daşınıblar. Buna baxmayaraq, onlar özlərindən müştəbeh olmayıblar. Ömürlərinin sonuna qədər yazıb-yaradıblar. Cəmiyyətdə yerlərini biliblər. Sosial şəbəkədə, baxırsan, özünə yazıçıyam deyir, aliməm deyir, amma elə ifadələr işlədir ki... Yazıçı və alim elə tərbiyəsiz ola bilməz.

Elm insanı formalaşdırır, yaradıcılıq onu bizim təsəvvür etmədiyimiz dərəcədə mədəni insana çevirir. Lakin bu gün başqa situasiya ilə qarşılaşırıq. Yazmısan, yaxşı eləmisən. Kitabını bəyənsəm, alaram, xoşuma gəlməzsə, almaram. Dünyanın böyük yazıçıları Nobel mükafatı fondundan qazandıqları vəsaiti gəncliyə xərcləyiblər. O gəncliyə xərcləyiblər ki, onlar istedadlıdırlar. Bunun müsbət nəticəsi də olub.

Bu gün gənclərin ən çox formalaşdığı yer ali məktəblər olmalıdır. Lakin ali məktəblərdə o mühit yoxdur. Ali məktəblərdə kitabxanalarda diskussiyalar, əsərlərin müzakirəsi keçirilmir.

- Bayaq qeyd etdiniz ki, ali məktəblər müxtəlif dillər üzrə tərcüməçilər yetişdirsə də, kitablar yenə bir dildən - ruscadan tərcümə olunur. Sizcə, tərcümə sahəsindəki bu problem nədən qaynaqlanır?

- Hazırda kitab mağazasındayıq. Riçard Dovkins dünyanın nəhəng alimlərindən biridir. Onun "Eqoist gen" əsəri çox populyardır. Bunu neçə universitetdə neçə bioloq oxuyub ki, tələbələrə tədris etsin? Yaxud Karl Saqanın "İblislərlə dolu dünya elmin şam işığında" əsəri fiziklər, astronomlar və elmlə məşğul olan şəxslər üçün çox maraqlı vəsaitdir. Fürsətdən istifadə edib, dəyərli Yalçın İslamzadəyə bu əsəri dilimizə mükəmməl şəkildə çevirdiyinə görə təşəkkürümü bildirirəm. Bu əsərin tirajı bir aya satılmalı idi.

Neçə universitet müəllimi fənninin yaxşı tədrisi üçün kitabxanaya daxil olub elmi-populyar ədəbiyyatlarla maraqlanır? Mən tez-tez kitab mağazalarına gedirəm, xüsusilə parlamentə yaxın bir kitab mağazasına. Orada gözəl bir əsərə rast gəldim, "Müasir elmlərin mənbəyi", əsərin müəllifi Stiven Vaynberqdir, Əbdül Salam ilə birlikdə Nobel alıb. Bir o kitab, bir də Riçar Nisbettin "İntellekt nədir?" əsərini mağazada görünən yerə qoydum ki, görüm nə qədər müddətdən sonra alınacaq? Hər həftə yolumu həmin kitab mağazasından salıram. 4 aydır o kitablar orada qalıb. Bu əsərlər fizik, elm tarixi ilə maraqlananlar, intellektin fəlsəfəsi ilə maraqlananlar üçün göydəndüşmə əsərlərdir.

Tələbələri kitab mağazalarında az görürük. Amma müəllim tələbələrinə onlar üçün maraq kəsb edə biləcək kitabların adını deyirmi? Özünün xəbəri varmı? Ona görə də bu cür qiymətli kitabları, əsərləri paylaşıb onlar haqqında bir mətn yazanda bəzi savadsızlar düşünürlər ki, kimsə özünü təbliğ edir. Mən özümü onlarla təbliğ etmirəm, informasiyanı paylaşıram. İnformasiya - biliyin təbliğidir.

Bu gün bir çox hallarda deyilir ki, böyük həcmli kitablar oxunmur. Məsələn, burada Ziqmund Freydin "Mədəniyyətin sancıları", “Psixoanalizə giriş”, İrvin Yalomun “Şopenhauer müalicə edir” əsərlərini görürük. Bunları bizim psixoloqlar mütləq oxumalıdırlar. Sovet dövründə hansı psixologiya elmi hansı ədəbiyyatlarla tədris olunurdusa, vəziyyət olduğu kimi qalıb. Bu yolverilməzdir.

 

 

- Yəni, yenilik yoxdur...

- Bəli. Hətta riyaziyyatın, kimyanın, fizika elmlərinin populyarlaşdırılması elə bir həddə gəlib çatıb ki, bizim uşaqlara bunları normal tədris etsək, onların bu elmlərə marağı və sevgisi arta bilər. Sadəcə, bizim nəsil onu etmək iqtidarında deyil.

Moskvada böyük Ali İqtisadiyyat Məktəbi var. Bütün elm sahələrində olan populyar ədəbiyyatların çapını məqsəd kimi seçib. Kitabları universitetin girişinə qoyurlar ki, tələbələr tanış olsunlar. Bu gün ən ciddi problemlərimizdən biri biliyi ötürmək məsuliyyəti daşıyan şəxslərin bu işin öhdəsindən gələ bilməməsidir.

Gənclərin üzərinə bu yükü qoymamalıyıq. Auditoriyada müəllim elə bir mühit yaratmalıdır ki, onun emosiyası fənnin predmetinə yönəlsin, şagird verilən biliyi mənimsəyib özününküləşdirə bilsin. Universitet kitabxanalarına baxın, demək olar ki, yenilənmir. Ölkədə neçə kitabxana qalıb?

Bakının böyük məktəblərindən birində mütaliə ilə bağlı tədbirdə iştirak etdim. Gənclərin çoxunun əlində dedektiv kitabları gördüm. Bunu kim təbliğ edir? Niyə uşaqların əlində düşündürücü ədəbiyyat yoxdur? Əgər müəllim rus dilini, ingilis dilini bilirsə, lazımi ədəbiyyatın əhəmiyyətini tələbə və şagirdlərə çatdırmalıdır. Amma təəssüf... Bunu demək iqtidarında deyillər.

- Gənc yazarlara yaşlarına görə Nobel mükafatının verilmədiyini bildirdiniz. Yerli yazarlardan kimi Nobelə uyğun iddialı görürsünüz?

- Bu barədə çox söhbət gedir. Nobel komitəsini qərəzli olmaqda günahlandırırlar. Bütün laureatlar göz önündədir. Bəzən, Nobel mükafatının verilməsini siyasiləşdirirlər, amma elə deyil. Orada siyasətin çəkisi var, amma çox azdır. Və daha çox Sülh sahəsinə aid etmək olar bunu. Yaradıcılıq, zəhmət olmasa, Nobeli almaq mümkün deyil. Biz isə bu işdən çox uzağıq. Nobelin əsas kriteriyası dəyişməz qalır. Mükafat o şəxsə verilir ki, bəşəriyyəti düşündürən əsərlər yazır. Yaxud elm sahəsində ciddi kəşflərə imza atır.

- Belə başa düşdüm ki, milli ədəbiyyatımızda Nobelə yaxın düşən imza tanımırsız...

- Gənc, istedadlı yazarın əsəri ilk növbədə dünyada tanınmalı, tərcümə olunmalıdır. Rabindranat Taqor nümunəsi var, Hindistanda, Kəlküttdə yaşayırdı. Heç kim onu tanımırdı, irland şairi Uilyam Batler Yeyts onun bir neçə şeirini ingilis dilinə tərcümə etdi, Taqoru tanımağa başladılar. Böyük yazıçını dünya tanımalıdır. Əsərlərinin gücü, ifadə elədiyi dəyərlər, janr yenilikləri ilə diqqəti çəkməli, ən əsası isə əsərləri “ideal yönüm” kriteriyasınına cavab verməlidir.

Biz elm sahəsində də bu məsələdə çox uzağıq. Kəşfin əlifbası barədə də danışa bilmərik. Elm sahəsi üzrə Türk dünyasında Əziz Səncər, Pakistanda Əbdül Salam nümunəsi var. Bunlar böyük alimlərdir, 40-50 illərini elmə sərf ediblər, elmi siyasətə qatmayıblar.

İndi bəzi yazarlarımız əsas əsərlərini 40-50 yaşına qədər yazırlar, sonra siyasətlə məşğul olur və yaradıcılığın daşını atırlar. Əslində dünyanın böyük yazıçılarının maraqlı əsərlərinin əksəriyyəti onların ahıl vaxtına təsadüf edir. Tövsiyə edirəm ki, bir yazıçının ilk əsərini də oxuyun, 30-40 il sonra yazdığı əsərini də... Həyat təcrübəsi qazanır, təfəkkür dəyişir. Bu gün istedadların üzə çıxarılması üçün hamı çalışmalıdır.

İnkişaf etmiş ölkələrdə təhsil sisteminin qarşısına qoyduğu əsas məqsəd məktəbdə uşaqlardakı istedad nişanələrini oyatmaqdır. Ondan fizik də, ədəbiyyatçı da, aktyor da, idmançı da yetişə bilər. Ədil İsgəndərov, Həsənağa Turabov, Həsən Məmmədov, Hamlet Xanızadə kimi şəxsiyyətlərin istedadlarını məktəb dərnəkləri açıb. Böyük riyaziyyatçılar da belədir. Bəşəriyyətin ən böyük riyaziyyatçısı olan Anri Puankarenin riyaziyyatdan olan istedadını onun ibtidai sinif müəllimi açıb.

Azərbaycanda kiminsə Nobelə layiq olması mürəkkəb işdir. Gərək uzun illər özünü tanıtdırasan. Bizdə hansısa gəncə istedadlısan deyirsənsə, dərhal özünü dəyişir, az sonra öyüd-nəsihət verməyə başlayır, böyük-kiçik tanımır. Cavanlığı axmaq olanın qocalığı müdrik ola bilməz. Gəncləri öyməliyik, amma onlar da bundan sui-istifadə etməməlidir.

- Ad çəkə bilərsiniz?

- Ad deməyə ehtiyac yoxdur. Oxucular biləcək kimlərdən danışıram...

- Ən bahalı kitabınız hansı olub?

- Kitabın dəyərinin ölçü vahidi pul ola bilməz. Ancaq sizi maraqlandırırsa, deyim: 1903-cü ildə çap olunmuş Avqust Millerin “İslam tarixi” kitabını, Tomas Karleylin “Böyük fransız inqilabı” kitabını, Kantın, Şillerin, Hegelin və Heynenin əsrin əvvələrində çap olunmuş çoxcildliklərini bir yəhudidən baha qiymətə almışam. “Britannica” ensiklopediyası da ucuz deyil. Ruslar fundamental 35 cildlik “Bolşaya Rossiyskaya Ensiklopediya” çap ediblər. “Britannica”dan geridə qalmır. Amma yenə də deyirəm ki, kitabın dəyəri pulla ölçülmür. Məsələn, İbn Sinanın 8 cildlik kitabı var, onun pulla ölçü vahidi ola bilərmi? Yaxud Əhməd bəy Ağaoğlunun əsərləri…

- Kitab hədiyyə edirsinizmi?

- Ən yaxşı hədiyyə kitabdır. Mən sizə də bu kitab mağazasından öz tövsiyəmlə bir kitab hədiyyə edəcəm. İnsanların müxtəlif əşyalara meyli var. Evin ən yaxşı əşyası kitab olmalıdır.

- Elektron kitab oxuyursunuz?

- Yox. Çünki ehtiyacım yoxdur. Ən yeni kitabları çalışıram ala bilim, Çalışdım ki, elektron kitabları oxuyum. Gördüm ki, yadda qalmır. Umberto Eko deyir ki, kitab həm də yaddaşdır.

Çox az adam var ki, evi kitabxanadır. Nobel mükafatı laureatı, rus fiziki Aleksandr Proxorov deyir ki, "insanın normal fəaliyyəti üçün 24 saat azdır. 36 saat olsaydı, həm də kifayət qədər mütaliə edərdik". Məsələn, Azad Mirzəcanzadənin evi kitabxana idi. İnsanların evdə özlərini bağladıqları əşya kitabdır. Bunu gənclərə də tövsiyə etmək lazımdır. Kitab heç zaman ölməyəcək.

Yaxınlarda Umberto Ekonun ədəbiyyat haqqında bir kitabında maraqlı bir fikrini oxudum. O, kitabxanaları iki növə ayırır, biri sonsuz, biri isə sonlu. Məsələn, Azad Mirzəcanzadənin kitabxanası sonsuz idi. Onun yazdığı kitablarda da bunu aydın görmək olur. Sovetlər vaxtı nəhəng “Kitab evi" inşa edilmişdi. İndi yoxdur. Ulu öndərimiz Heydər Əliyev 1978-ci ildə bu "Kitab evi"nin açılışında iştirak etmişdi. Nəhəng “Kitab passajı” var idi. İndi yerində geyim mağazaları fəaliyyət göstərir. Yaxşı ticarət mərkəzləri var, yaxşı binalardan birini də kitab evi etmək olardı. O kitab evində kimsə bukinist qura bilər, kitabını sata bilər, maraqlı söhbətlər aparıla bilər. Məsələn, 1 saatdan çoxdur ki, kitab mağazasındayıq, burada kitab alan gördünüzmü? Halbuki burada kifayət qədər oxunulası kitablar var.

Düşünürəm ki, təbliğat işi zəifdir. Müəllim oxumursa, elmdəki yeniliklərdən məlumatsızdırsa, tələbəsini biliksiz olmaqda qınaya bilməz.

- Bəlkə kitab oxumağa vaxt tapmırıq?...

- Gəlin elektron vasitələr meydana çıxana qədərki dövrlə, elektron vasitələr ortaya çıxandan sonrakı dövrlərdə kitaba olan marağı müqayisə edək. Nə dəyişib? Sovet vaxtı kitab mağazaları hər yerdə var idi və təsnifatlandırılırdı. Amma o vaxt da oxucu sayı çox deyildi. Burada dil faktorunu da arxa plana çəkmək olmaz. Dilimizdə çap olunan kitabların tirajlarında fərq ola bilər. Ancaq geniş oxucu kütləsinin tərkibi məncə dəyişməyib.

O vaxt universitetdə yaxşı müəllimlərimizdən birinə 1982-ci ildə çap olunmuş böyük bir fizikin kitabından misal çəkdim. Bu Nobel mükafatı laureatı Lui de Broylun "Elmin cığırı ilə" kitabı idi. Müəllim mənə sual verdi ki, "həmin fizikin belə bir kitabı var?" Dedim, əlbəttə, var. “Siz 1982-ci ildə bizə fizika dərsində niyə onu tədris etməmisiniz?" - dedim. Həmin kitabda onun bir məqaləsi var. "Fizikanı necə tədris etməli?" Müəllimimiz bundan xəbərsiz idi...

Mən o kitabı universiteti bitirdikdən 35 il sonra oxudum. Görün nə qədər gecikmişik... Fizikanın tədrisi üçün əvəzsiz kitabdır. Baxın, metroda telefonla məşğul olanların sayı çoxdur, yoxsa kitab oxuyanların sayı?

Gənc nəsil oxumalı, öyrənməlidir. Heç kim uşaqları ruhdan salmamalıdır ki, biliklər tükənib. Xaricdən alimlərimizi dəvət etməliyik. Bu yaxınlarda Əziz Səncərin ölkəmizə gəlişi böyük hadisəyə çevrildi. Bizim xaricdə çalışan çox böyük alimlərimiz var. Onları mühazirələrə dəvət etməliyik, uşaqlar, tələbələr əsl alim mühitinə düşməlidirlər.

Xəbər lenti