Logo

Azərbaycan realist rəssamlıq məktəbinin banisi - Bəhruz Kəngərli

22.01.2022 14:21 871 baxış
IMG

Sulu boya ilə işləyən ilk rəngkarımız və Naxçıvanın ilk teatr rəssamı

Bəhruz Kəngərli 1892-ci il yanvarın 22-də Naxçıvanda dünyaya göz açıb. Qısa ömrü ərzində rəssam çox ilklərə imza atıb. Görkəmli fırça ustası Azərbaycanın sulu boya ilə işləyən ilk rəngkarı, ilk realist boyakarı və Naxçıvanın ilk teatr rəssamı olub. Həm də Azərbaycanın ilk ali təhsilli rəssamı kimi də adı tarixdə qalıb.

Rəssamlıq istedadını onda atası aşkarlayıb. Oğlunun rəsm sənətinə marağını və qabiliyyətini görən Şirəli bəy onu Tiflisdəki boyakarlıq-heykəltəraşlıq məktəbinə gətirib. Bəhruz bu təhsil ocağında oxuyan ilk azərbaycanlı tələbə idi. Məktəbdə dərs aldığı illərdə istedadı ilə hər kəsi təəccübləndirməyi bacaran Bəhruz Kəngərlinin püxtələşməsində böyük demokrat ədibimiz Cəlil Məmmədquluzadə və onun “Molla Nəsrəddin” jurnalının böyük rolu olub. 1914-cü ilin iyununda rəssamın Naxçıvandakı ilk böyük sərgisi böyük ədibi heyran edir. Çünki rəssam əsərlərində Vətəninin gözəl mənzərələrini, xalqının həyatından alınmış səhnələri sadə, təbii, tamaşaçıların başa düşəcəyi real tərzdə, həm də böyük məhəbbətlə əks etdirmişdi.

30 il ömür sürən Bəhruz Kəngərli yaradıcılıqla, sadəcə, 7 il məşğul ola bilib

Bu il anadan olmasının 130 ili tamam olan, ancaq cəmi 30 il ömür sürən Bəhruz Kəngərli yaradıcılıqla, sadəcə, 7 il məşğul ola bilib. Uşaqlıqda keçirdiyi ciddi xəstəlik gənc rəssamın sənətə olan sonsuz sevgisini qətiyyən azaltmayıb, həyat eşqinin alovlanmasına əngəl ola bilməyib. 30 illik qısa, lakin olduqca mənalı ömründə yaratdığı 2000-ə yaxın təkrarsız əsərləri ilə adını mədəniyyət tariximizə həkk etdirib. 1918-1920-ci illər Azərbaycan mühitinin canlı salnaməsini fırça ilə ağ kətanın üzərinə köçürən rəssam bizə böyük irs qoyub.

Bəhruz Kəngərli həm də tablolarında tariximizi yaşadıb. Onun qaçqınlara həsr etdiyi 30-dan çox portreti var ki, bunlar təkcə təsviri-incəsənət tarixi üçün deyil, eyni zamanda həmin portretlərdə o vaxtlar baş verən siyasi hadisələrin, erməni təcavüzkarlığının, doğma torpaqlarından didərgin salınmış azərbaycanlıların obrazlarını və bütövlükdə, bütün bu proseslərin izlərini görə bilirik.

Ulu öndər Heydər Əliyev Bəhruz Kəngərlinin zəngin yaradıcılıq irsini belə qiymətləndirib: “Onun əsərləri həddindən artıq qiymətlidir. Birincisi, onun rəssamlıq ustalığına görə, istifadə etdiyi rənglərə görə. İkincisi, onun yaratdığı obrazlara görə, mən insan obrazlarını deyirəm, xüsusən, o ağır dövrün, 1918-1919-1920-ci illərin çətin dövründə bizim xalqımızın ağır vəziyyətdə olmasını öz əsərlərində əks etdirib”.

İnsan duyğularını rənglərlə ifadə edən rəssam

Bəhruz Kəngərli portret ustası kimi yaratdığı personajların daxili-psixoloji aləmini açıb göstərə bilib. Rəssam təsvir etdiyi qaçqın uşaqların hər birinin simasında didərgin düşdükləri ata-baba ocaqlarının həsrətini, keçirdikləri hiss və həyəcanları, gözlərindəki qüssə və kədəri özünəməxsus ustalıqla əks etdirib. Bu silsilədən olan “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Ayaqyalın qaçqın oğlan” və digər onlarla qaçqının portretləri təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. Bu baxımdan rəssamın sənət ideyaları bir maarifpərvər, vətənpərvər ziyalı uzaqgörənliyi kimi çox qiymətlidir.

Bəhruz Kəngərli fırçasını silaha çevirərək tarixi ədalətsizliyə qarşı üsyan edib

Bir faktı da qeyd etmək yerinə düşər ki, həmin əsərlərdən rəssam gəlir əldə etməyib. Bəhruz Kəngərli fırçasını silaha çevirərək tarixi ədalətsizliyə qarşı üsyan edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Bəhruz Kəngərli əsərlərində xalqımızın tarixini və dövrün ictimai-siyasi hadisələrini dolğun əks etdirən bir sənətkar kimi yüksək qiymətə layiqdir. Xalqımızın başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, xalqımızın dəyərli nümunələridir”.

O, tarixi yaradan rəssam kimi öz tablolarında hər kəsi Naxçıvanın tarixinə aparır

Qədim Naxçıvan torpağında, Naxçıvan şəhərində doğulub boya-başa çatması, burada yaşaması Bəhruz Kəngərli üçün ilham mənbəyi olub. Doğma Naxçıvan onun yaradıcılığında qırmızı xətlə keçib. Bu qədim diyarın ecazkar və füsunkar təbiətini, sərt, sıldırım dağlarla əhatə olunmuş əfsanəvi gözəllikləri, qədim tarixi, məişəti, milli dəyərləri rənglərin əsrarəngiz koloriti, istedadlı rəssam təxəyyülü ilə Bəhruz Kəngərli yaradıcılığında bu gün də yaşayır, yurd sevgisindən, vətənpərvərlikdən yoğrulan bu əsərlər bu gün də heyranlıq doğurur. Görkəmli rəssamın yaradıcılığında zəngin lirika, nikbin əhval-ruhiyyə duyulur. O, tarixi yaradan rəssam kimi öz tablolarında hər kəsi Naxçıvanın tarixinə aparır. O günlər yaşananlarla bağlı reallığı öz əsərlərində əks etdirməklə bu günə dəyərli yadigarlar qoyub. Bu isə rəssamın Vətənə, təbiət gözəlliklərinə bəslədiyi sonsuz məhəbbətindən doğur.

Sovet hökumətinin dağıtdığı bir çox abidələr məhz Bəhruz Kəngərlinin əsərləri sayəsində bərpa olunub

Vaxtilə sovet hökumətinin dağıtdığı bir çox abidələr məhz Bəhruz Kəngərlinin əsərləri sayəsində bərpa olunub. Nuh Peyğəmbərin məzarının yeri də qüdrətli fırça ustasının yaratdığı tablolar əsasında müəyyən edilərək məzarüstü türbə bərpa edilib. Nuhun türbəsinin xarici görünüşü, tikinti quruluşu, memarlıq üslubu haqqında ən sanballı və nadir mənbələrdən biri Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin naturadan çəkdiyi “Nuhun türbəsi” ilə bağlı silsilə əsərləridir.

Naxçıvanın təbiət gözəllikləri onun ilham mənbəyinə çevrilib

Bəhruz Kəngərli yorulmadan çalışıb, boyakarlıq və qrafika əsərləri yaradıb, rəssamlıq sənətini gənclərə öyrətmək, bu sənəti sevdirmək üçün xüsusi dərnək açıb, fərdi sərgilərini təşkil edib. 1921-ci ildə Azərbaycanda açılan ilk böyük sərgidə Kəngərlinin 500-dən çox əsəri nümayiş etdirilib. Fırça ustasının yaradıcılığında mənzərə janrı da mühüm yer tutub. Onun müşahidə etdiyi və rəssamı ilhama gətirən təbiət gözəllikləri “Şəlalə”, “Dağlıq mənzərə”, “İlanlı dağ ay işığında”, “Günəş batarkən”, “Ağrı dağı”, “Köhnə qala”, “Əliabad kəndində darvaza”, “Yamxana kəndinə gedən yol” və digər əsərlərində, mədəniyyət abidələri isə “Möminə xatın türbəsi”, “Əshabi-kəhf dağı”, “Nuhun qəbri” əsərlərində əks edilib. İlin fəsillərinə aid tablolarından “Payız” və “Bahar”ı göstərmək olar.

Bəhruz Kəngərli ilk peşəkar rəssam kimi Azərbaycan boyakarlığında realizmin əsasını qoyub, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirib. Bəhruz Kəngərlinin əsərləri onun ev-muzeyi ilə yanaşı, Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində qiymətli eksponatlar kimi qorunub saxlanılır.

Bəhruz Kəngərlinin əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir

Ümummilli liderimiz Heydər Əliyev Bəhruz Kəngərli yaradıcılığına daim böyük qayğı göstərib. Dahi şəxsiyyətin şəxsi təşəbbüsü ilə Naxçıvan şəhərində Bəhruz Kəngərlinin xatirəsinə muzey yaradılıb, 2002-ci il 18 iyun tarixində bu muzeyin açılış mərasimində xalqımızın böyük oğlu Heydər Əliyev deyib: “Bəhruz Kəngərlinin əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olubdur”.

Ulu Öndərin mədəniyyətimizin inkişafı, milli dəyərlərimizin yaşadılması istiqamətində apardığı siyasətin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, mədəni irsə, incəsənətə və sənət adamlarına verilən yüksək dəyərin təzahürüdür ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 aprel tarixli sərəncamına əsasən milli təsviri sənətimizin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin 120 illik yubileyi geniş qeyd olunub. Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2012-ci il 12-22 iyun tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində Bəhruz Kəngərlinin yubileyinə həsr olunmuş sərgi keçirilib. Dekabrın 7-də isə Naxçıvan şəhərində, Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Rəsm Qalereyasında Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyası əsasında görkəmli sənətkarın əsərlərindən ibarət sərgi təşkil olunub.

Naxçıvanda Bəhruz Kəngərli irsinə daim diqqət və qayğı göstərilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 12 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən bir sıra tədbirlər həyata keçirilib. Bəhruz Kəngərli Muzeyi müasir tələblər səviyyəsində yenidən qurulub, 2013-cü ildə yenidənqurmadan sonra açılışı olan muzey yeni eksponatlarla daha da zənginləşdirilib. Rəssamın Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan 200-ə yaxın əsərinin yüksək keyfiyyətli surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə gətirilib. Hazırda muzeydə Bəhruz Kəngərli irsinə aid 1300-dən çox eksponat nümayiş olunur. Bunlardan da 61-i orijinal rəsm əsəridir.

Ali Məclis Sədrinin qayğısı ilə Bəhruz Kəngərlinin əsərlərindən ibarət albom-kataloq nəfis tərtibatla nəşr olunub, 2013-cü ildə Bəhruz Kəngərli Muzeyində təqdimatı keçirilib. Albom-kataloqa xronoloji ardıcıllıqla 1911-ci ildən 1922-ci ilədək olan dövrdə çəkilmiş rəsmlər külliyyatı daxil edilib. Albom-kataloqda yer alan “İlanlıdağ”, “Ağrıdağ”, “Əshabi-Kəhf”, “Nəhəcir dağı”, “Qızlar bulağı şəlaləsi”, “Dağ mənzərəsi”, “Qara dəniz” və “Qaçqınlar” silsiləsinə daxil olan əsərlər yüksək bədii sənətkarlıq nümunələridir. Bu əsərlərdə humanist rəssamın hiss və duyğuları, daxili iztirabları dolğun əks olunub.

Muxtar respublikada Bəhruz Kəngərli yaradıcılığına diqqət və qayğının daha bir nümunəsinin 2016-cı il 24-27 may tarixlərində Naxçıvan şəhərində “Naxçıvan bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının keçirilməsi müddətində əyani şahidi olduq. Festival çərçivəsində mayın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2015-ci il 14 noyabr tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının açılışı muxtar respublikada rəssamlıq sənətinə verilən yüksək dəyərin ifadəsidir. Bu ünvanlarda onun yeni nəsillərə nümunə ola biləcək həyatı və yaradıcılığı təbliğ olunur.

Rəssamın həyat və yaradıcılığı gənc nəsillər üçün nümunədir

Bütün bunlar bir daha təsdiq edir ki, ölməz sənətkarımız Bəhruz Kəngərli yaradıcılığı və şəxsiyyəti xalqımızın mədəni sərvəti kimi hər zaman böyük ehtiramla anılacaq, yaradıcılığı bundan sonra da geniş şəkildə tədqiq və təbliğ olunacaq. Anadan olmasının 120 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Bəhruz Kəngərli irsi, onun xalqımız, Vətənimiz qarşısındakı xidmətləri daim təbliğ olunmalı, muzeydən həm də muzey-məktəb kimi istifadə edilməlidir... Muzeydə dərslər təşkil olunmalı, rəssamın irsi və həyat yolu gənc nəsillərə olduğu kimi çatdırılmalıdır. Çünki bu cür sənətkarların həyat və yaradıcılığı gənc nəsillər üçün nümunədir”.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbər lenti