Logo

Şuşalı tədqiqatçı: “Ora çox dini yer olub” – MÜSAHİBƏ

02.05.2022 13:49 454 baxış
IMG

Kulis.az hüquqşünas, tədqiqatçı İsmayıl İsmayılovun Şuşa barəsində müsahibəsini təqdim edir.

– İsmayıl müəllim, istəyərdim, birinci Şuşa adının etimologiyasından başlayaq...

– Şuşa adının bir neçə versiyası var. Əvvəlcə onu deyim ki, Şuşa xırda yaşayış məntəqəsindən böyüyüb şəhərə çevrilməyib. Birbaşa əsası şəhər kimi qoyulub. Necə ki Sant-Peterburq. Ora Rusiya üçün hansı mahiyyəti daşıyırsa, Şuşa da bizim üçün eyni səviyyədə önəmlidir. Şəhərin əsasını Pənahəli xan qoyub. Ona görə, əvvəlcə şəhərin adı Pənahabad olub. Uzun illər şəhərin adı elə qalıb. 1822-ci ilə qədər Şuşadakı pul sikkələrinin adı da Pənahabadi olub. Şuşa adına gəldikdə isə, birinci variant odur ki, şəhərin adı onun yaxınlığındakı Şuşa kəndinin adından götürülüb. İkinci variant odur ki, şəhər şiş yerdə olduğu üçün şiş sözündən götürülüb. Digər variant isə odur ki, şəhər çox təmiz olduğu üçün şüşə sözündən qaynaqlanır. Şuşanın relyefi fərqlidir. Düzənlik platformasındadır. Şəhərin aşağı tərəfi dəniz səviyyəsindən yüksəkliyi 1300 metr təşkil edir. Yuxarı tərəfi isə 1500-ü keçir. Bu da özlüyündə böyük bir maillik yaradır. Şəhərin aşağı hissəsində solan meyvə yuxarı hissəsində yenicə yetişir. Bu cür relyef böyük bir axın əmələ gətirir. Yağış suları gölməçə kimi qalmır, axıb gedir. Bu, təbii kanalizasiya sistemi yaradır. Şəhərin küçələri də daşla döşənmiş olduğu üçün şüşə kimi təmiz və təravətli olurmuş. Ona görə də, Şuşa adının “şüşə” sözündən gəlməsi mənə daha aydın variant kimi görünür. 1795-ci ildə Ağa Məhəmməd Şah Qacar Şuşanı mühasirəyə alanda oxun üzərinə məktub sancıb atırmış içəri. Vəzir Molla Pənah Vaqif də ona cavab yazıb atırmış. Qacarın məktubunda da belə bir hissə var: “Oturmusan şüşənin içərisində, elə bilirsən, bu şüşə səni qoruyacaq”. 80 minlik ordu ilə Qacar o vaxt şəhəri ala bilməmişdi.

– Şuşada müxtəlif bölgələrdən gələn adamlar çox idi. Elə bil, şəhərin sakinlərini xüsusi seçmişdilər. Razısınız?

– Düzdü. Sanki o şəhərə xüsusi adamları yığmışdılar. Və bu da orada fərqli bir cəmiyyətin yaranmasına səbəb oldu. Şuşaya fərqli adamların yığılmasının da səbəbləri var. Xüsusi statuslu bir şəhər salınırdı. Qala şəhəri. Həmin dövrdə daha mürəkkəb relyefdə salınacaq bir qalaya ehtiyac var idi. O vaxtlar hücumlar çox idi. Ona görə də, üç tərəfdən sıldırım qaya ilə əhatələnmiş bir qala tikirdilər. Ora sıravi adamlar gələ bilməzdi. Çünki əkinçiliklə, maldarlıqla məşğul olmaq üçün şərait yox idi. Şuşaya sənətkarları, ustaları, rəssamları çağırdılar. Köç başlayanda isə müəllimlər, musiqiçilər, şairlər gəldi. Şuşanın elitar cəmiyyəti bu cür formalaşmağa başladı. Müxtəlif tayfaların ən yaxşıları gəlmişdilər. Şuşadakı məhəllələrin adları da həmin tayfalarla bağlı idi. Fərqli zümrə idi. Fədakar və istedadlı adamlar idi.

– Yerli tayfalar olmayıb?

– Olub. Söhbət şəhərdən gedir. Şəhər yeni idi, sakinləri də yeni köç etmiş adamlar oldu. Qarabağdakı tayfalar əzəldən oralarda olublar. Şəhərin ətrafında var idi bu cür tayfalar. Sadəcə, Şuşanın özündə fərqli kəsim var idi.

– Şuşa qalasının tikintisində Molla Pənah Vaqif iştirak edib?

– Şuşa qalasının əsası qoyulanda Vaqif orda yox idi. İbrahimxəlil xanın dövründə gəldi. Qalanın tikintisi illərlə davam etdi. Bir neçə dəfə təkmilləşdirmə işləri də görüldü. Həmin vaxtlarda, bəli, Vaqif də qalanın tikintisinə nəzarət edib.

– Şuşadakı məhəllələrdən danışardınız.

– Orda aşağı məhəllələr var. İlk salınmış məhəllələrdi. Sonradan şəhər böyüdükdə məhəllələrin sayı artdı. Yuxarı məhəllələrlə aşağı məhəllələrin fərqi yaranma tarixlərindədir. Məhəllələrin özəlliyi onda idi ki, hamısı baş plana uyğun salınmışdı. İçərişəhəri gözünüzün önünə gətirin. Oxşar memarlıqdı. Bütün küçələr daş işləmələrlə örtülü. Evlərin giriş qapıları küçələrə açılırdı. Fayton keçmək üçün dar yollar, hər yolun alaqapısı. İkinci və birinci mərtəbələr arasında dekor var idi. Hamısı da mərmər işləməli. Müharibədən sonra gedib gördüm Şuşanı. Məhəllələrin bəziləri hələ də olduğu kimi qalıb. Şuşada o vaxtlar kanalizasiya sistemləri indikilərdən daha yaxşı idi. Şuşa orta əsrlərin Avropa şəhərlərinə oxşayırdı.

– Şuşanın Cümhuriyyət tarixinə təsiri haqqında nə deyə bilərsiniz?

– Cümhuriyyətin əsasını qoyanların bir çoxu şuşalı idi. Səməd bəy Mehmandarov, Əhməd Ağaoğlu və bu kimi dəyərli adlar var. Bu dahilər Şuşada təhsil alıb, orada oxuyub. Əbdülkərim bəy Mehmandarov, Firidun bəy Köçərli. Hamısının həyatında Şuşa önəmli yerdə idi. Bu insanlar ADR tarixinin yaranmasında müstəsna rol oynadı.

– Şuşada erməni məmurlar da olub. Baş idarələrdə isə ermənipərəst ruslar da var idi...

– Bəli, olub. Soyadlarını yadıma gətirə bilmirəm. Erməni-müsəlman davasında bu adamların rolu olub. Həm ermənilərin, həm də ermənipərəst rusların qırğınlarda əli var idi. Şəhərə sülh danışıqları üçün gələn gürcülərin də fikirlərini onlar dəyişirdi. Çünki əllərində böyük güc var idi. Şəhərə gələn qonaqlar birinci onların otağında olurdu.

– Erməni-müsəlman davasında Şuşa şəhərinin daxilində hansı qırğınlar olmuşdu?

– Qarabağda əzəldən ermənilərin yaşaması barədə heç bir tarixi sübut yoxdur. Hətta Kürəkçay müqaviləsi bağlananda belə bircə cümlədə də ermənilərin adı keçməyib. 1828-ci ildən sonra ermənilərin Qarabağa, Naxçıvana köçləri başladı. Köçdən sonra rus və erməni məmurlar ermənilərə xüsusi imtiyazlar verməyə başladı. Getdikcə onlar təşkilatlanmağa başladılar. Əfsus ki, bu, onlarda yaxşı alınırdı. Ümumiyyətlə, xisləti pis olan nə varsa ermənilərdə yaxşı alınırdı. 1905-də, 1906-da, 1918-də, 1920-də qırğınlar törətdilər. Şuşa özünü yaxşı müdafiə edə bilirdi. Bununla belə, daxildə yenə qırğınlar həyata keçirilirdi. Gövhər Ağa məscidinin həyətindəki daşlara baxsanız görəcəksiniz ki, onların üzərində 1918-ci il qırğınlarının şəhidlərinin adları yazılıb. Sovet vaxtı bu adları bizdən gizləyirdilər. Ən böyük qırğın 1920-ci ilin martında oldu. Martın 22-si. Mir Mövsüm Nəvvabın əsərində 1905-ci ildəki qırğınlar ətraflı təsvir olunub. 1977-ci ildə Şuşanın qırğınlar törədilən yerləri qoruq kimi siyahıya alındı. Həmin vaxt dağıdılmış bəzi yerlər təmir olundu.

– İsmayıl müəllim, bir az da Topxana meşəsindən danışaq. Bildiyimə görə, antisovet təbliğatında Topxana meşəsinin adı tez-tez çəkilirdi. İlk mitinqlər məhz o meşədəki ağacların kəsilməsinə görə təşkil olunmuşdu.

– Sözün açığı, siyasi bilgiləri daha çox olan adamlar bu barədə yaxşı məlumat verə bilər. Bu tarixi biz özümüz də yaşamışıq. Əslində, Qarabağ münaqişəsinin yaranması SSRİ-nin dağılmasına hesablanmışdı. Təəssüflər olsun ki, bu bizim başımıza gəldi. O vaxt düşünürdülər ki, Azərbaycan xalqını necə meydanlara “tökmək” olar? Əsas tərəf Qarabağı seçdilər. Qarabağ kurort yerdi. Orda rütubət sıfıra bərabərdi az qala. Başladılar Topxana meşəsini qırmağa. Tikinti materialları üçün ordan xeyli ağaclar götürdülər. Bu da rezonans doğurdu, nümayişlər başladı. Meşənin yerində zavod tikmək istəyirdilər. Nümayişlərdən sonra zavodun tikintisi dayandırıldı. Siyasi addım idi. Topxana meşəsinin adının tarixçəsini də deyim sizə. Qacar həmin meşədə toplar yerləşdirmişdi. Şəhəri vurmaq üçün o toplardan istifadə edirdi. Qacarın ordusu çəkildikdən sonra bir neçə top hələ də orada qalmışdı. Şuşadakı yaşlı adamlar deyirdilər ki, o qədər çox top atmışdılar ki, xırda top daşlarından bəzən əhali tərəzi daşı kimi istifadə edirdilər. Möhtəşəm meşədir. Çox gözəl yerlərdi. Getmisiniz?

– Xeyr...

– İnşallah, bir gün oraları mütləq gəzin. Təkrarsız yerlərdi. Azərbaycanın ən çox dağıntılara məruz qalmış şəhəridir. Amma yenə də gözəl qalıb. Mənə elə gəlir ki, Şuşa canlıdır. Şəhərə girəndə hiss edirsən ki, şəhər səninlə danışır. Görün, orada kimlər doğulub? Təkcə musiqiçilər yox, şairlər, yazıçılar, mədəniyyət adamları, saysız-hesabsız şəxsiyyətlər var.

– Şuşa həbsxanası Azərbaycanın ən ağır cəzaçəkmə müəssisələrindən biri olub. O həbsxananın tarixindən, yaranma prosesindən, işğal dövründəki statusundan məlumat verərdiniz.

– O həbsxana haqqında belə bir fərziyə var. Çox adam deyir ki, oranın yaranması Xan qızı Natəvanın təşəbbüsüdür. Mənbələri araşdıranda görürük ki, əslində, elə deyil. Şuşa qalası Şuşa türməsinə gedən yoldadır. Şuşa qalasının üç qapısı var: Gəncə qapısı, İrəvan qapısı, Ağoğlan qapısı. Türməyə gedən yol Ağoğlan qapısı tərəfdədir. Türmənin bir hissəsi məhz o qapının divarlarına dayanır. Ağoğlan qapısı Gəncə qapısı kimi böyük olmasa da, gözəldir. O türmənin tikilmə tarixinə baxanda görürük ki, Natəvanın onda 13-14 yaşı olub. Ona görə də, bu fərziyyə bir qədər tarixi faktını tapmayıb. Çox əzəmətli tikilir o bina. Şuşa türməsindəki rejim də ağır olub. Qaçmaq da mümkün deyildi. Çünki Şuşa qalasına dayanırdı. Qacarın dağıda bilmədiyi qala divarlarından kim qaça bilərdi? Ciddi nizam-intizam olub. Ermənilər də o binanı elə türmə kimi istifadə edirdilər. Şahbazla Dilqəm də həmin türmədə saxlanılırdı. Azərbaycanlı əsirlərin çoxu həmin binada saxlanılıb. Yarı ac, yarı tox qul kimi işlədirdilər. İlahi, ermənilər necə zülmlər verdilər bizim əsirlərə. Onlar özünü çox güclü hesab edirdilər. Ağıllarına da gəlməzdi ki, bir gün azərbaycanlılar Qarabağa qayıdacaq. Bu müharibə onların məğlubedilməzlik mifini dağıtdı.

– Şuşanın mədəni sferası haqqında danışaq...

– Şuşanın bütün sahələrdə özünəməxsusluğu olub. Bayramlar tamamilə fərqli keçirilirdi. Musiqi bayramı təşkil olunurdu. Bütün SSRİ ölkələrindən adamlar gəlirdi. Vaqif Poeziya günləri, Muğam günləri keçirilirdi. Şuşanın musiqi məktəbləri, xanəndələri bütün dünyada məşhurdur. Şeir, sənət ocağıdır Şuşa. Açıq səma altında muzeydir. Xarıbülbülün özü nə qədər möcüzəvi bir hadisədir. Şuşa mədəniyyəti bütün dünyaya bəllidir. Şuşada Cıdır düzündə at yarışları keçirilirdi. Hamam mədəniyyəti var idi. Bazarları fərqli idi. Natəvanın “Məclisi-üns” tədbirləri. Aşura mərasimləri. Şuşa çox dini məkan olub. Aşura teatrallaşdırılırdı. O cür Aşura mərasimləri heç yerdə təşkil olunmur. Şəhərin əhali sayı 10-15 min nəfər idi. Yay vaxtlarında 30-35 minə qədər adam olurdu Şuşada.

– Şuşa musiqisinin dünyada bu qədər populyar olmasının səbəbini nədə görürsünüz?

– Saysız-hesabsız xanəndə olub orada. Hacı Hüsü ən məşhurlarından idi. Sonra Həcc ziyarətinə gedəndən sonra dindarlar onu oxumağa qoymadılar. Dediyim kimi, çox dindar yer olub Şuşa. Eyni zamanda da klublar olub. Ora yalnız smokinqlə girişə icazə verirdilər. Təsəvvür edirsiniz, on doqquzuncu əsrdə klub fəaliyyət göstərirdi. Haşiyədən çıxmayım. Sadıqcan var, tarın atası olub da o adam. Simlərinin sayını artırıb, sinəsinə sıxıb çalıb ilk dəfə. Xan əminin özü. Qocalsa da, səsi batmamışdı. Vallah, Şuşa musiqisi o qədər zəngindir ki, adam bilmir, haradan başlasın, harada bitirsin. Hacıbəyovlar, Bədəlbəylilər var...

– İsmayıl müəllim, illər sonra Şuşaya getdiniz. İşğaldan əvvəlki və sonrakı Şuşanı gördünüz.

– Mən 2007-ci ildən Quqlda Şuşanı gəzirəm.

– Şuşadan çıxanda neçə yaşınız var idi?

– 14-15 yaşım var idi. Xatirimdə qalıb hamısı. Hə, onu deyirdim, quqlda gəzəndə gördüm ki, ermənilər toponimlərimizi dəyişib. Mən də bir neçə səhifə yaratdım. Şəkillər topladım. Kitab yazdım. 13 mindən artıq şəkil topladıq. Virtual aləmdə çox araşdırdım Şuşanı. Ona görə də, Şuşaya yenidən gedəndə mənim üçün yeni bir şey yox idi. Elə bilirdim ki, Şuşaya çatanda bağrım partlayacaq. Keyiyib qalmışdım. Bilmirdim birinci hara gedim. Donmuşdum. Birdən-birə bütün şəhəri bağrıma basmaq istədim.

Xəbər lenti