Logo

XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və ədəbi-mədəni mühiti - TƏHLİL

08.05.2022 00:00 1260 baxış
IMG

M. Ə. Sabir Azərbaycan ədəbiyyatında satira ilə şöhrət tapan milli oyanış və dirçəlişin ən fədakar carçılarındandır. Onun həyatdan götürdüyü gülüş dolu əsərləri insanı düşündürür, əslində isə kədərə kökləyirdi. O, xalqın acınacaqlı həyatını gülüş dolu  misralarla əks etdirirdi. Şairin xalqın cəmiyyətdəki özbaşınalıqlardan çəkdiyi əziyyətlərdən, cəhalət bataqlığında batanlardan, qadınlara olan qeyri-insani davranışlardan, ədalətsiz təbəqələşmədən bəhs edən əsərləri “Molla Nəsrəddin”  jurnalında yer almışdır.

Şairəm, çünki vəzifəm budur: əşar yazım,
Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
Günü parlaq, gündüzü ağ, gecəni tar yazım, 
Pisi pis, əyrini əyri, düzü həmvar yazım. 

Bu misralara nəzər yetirdikdə dahi mütəfəkkirimizin bir şair olaraq, düzü-düz, pisi-pis yazmağı özünə vəzifə hesab etdiyini düşünə bilərik. O, ətrafda baş verənlərə, gördüklərinə don geyindirmədən, olduğu kimi yazıb. Bəzilərindən fərqli olaraq, bəzəkli, tərifli sözlərdən istifadə edib şöhrət tapmaq, kimlərinsə rəğbətini qazanmaq yerinə, hər nə qədər təhlükəli olsa da, həqiqətləri yazaraq xalqa faydalı olmağı seçib. Buna görə də onun satiraları öz dövrünü hərtərəfli kəskin tənqid edən, xalqın gözünü açmağa çalışan, onu cəhalətdən xilas etməyə çalışan “Molla Nəsrəddin” jurnalında yer almışdır.

Söyləmədimmi sənə, rahət оtur, hеyfsən, 
Çəkmə bu millət qəmin, çək özünə kеyf sən, 
Xanə dеyildir sənin, gеtməlisən, zеyfsən, 
Еyləmədin еtina, qissə həman оldumu? 
Şimdi sənə mən dеyən mətləb əyan оldumu

Bu şeiri şair Ömər Faiqə xitabən yazsa da, şeirdə bir çox məqamlar ön plana çəkilmişdir. Usta satirik burada öz haqqını,xalqın haqqını tələb etməyə qalxanların, xalqın qayğısına qalanların, insanları qəflət yuxusundan oyatmağa çalışanların, onları ətrafda baş verənlərdən xəbərdar edənlərin hökümət tərəfindən təqib olunduğunu, sıxışdırıldığını göstərir. Millətin qəmindən xəbərsiz olub öz keyfi-dəmində olanlara da işarə edilir. Şeirdə şairimiz haqq sözünü deməyə qalxanları nə gözlədiyini, sonlarının necə acı olacağını üstüörtülü bildirir.

“Bəzən  “Molla Nəsrəddin” in gülüşünü  “göz yaşları içində gülüş” adlandırırlar. Bu doğru deyildi. Jurnal da, onun bütün əməkdaşları da ağlamağın, göz yaşı tökməyin əleyhinə olmuş, çıxış yolunu mübarizədə, vuruşda görmüşlər. “
Müəllifin bu fikri ilə razılaşmaq bir qədər çətindir, çünki M.Ə.Sabir  “Molla Nəsrəddin”də xalqın acınacaqlı taleyini təsvir edirdi, bu isə insanı birbaşa ağlamağa-sardonik gülüşə sövq edir. O dövrdə onun satiralarını oxuyub dərk edən hər kəs həmin şeirlərdə öz həyatlarından bir parça tapa bilərdilər. Çıxış yolunu mübarizədə görməkləri ilə isə razılaşmaq lazımdır ki, M.Ə.Sabir “Molla Nəsrəddin”in timsalında xalqı mübarizəyə, əzilməməyə səsləyirdi. Xalqı inqilabi ruha kökləyirdi. Bundan başqa, mübarizə yollarının ən mühümünün təhsildən keçdiyini təbliğ edirdi.
“1906-1911-ci illərdə onun “Molla Nəsrəddin” jurnalında dərc etdirdiyi satirik şeirləri yeni bir ədəbi məktəbin başlanğıcını qoymuşdur.” 
M.Ə.Sabir ədəbiyyatımızda inqilab yaradaraq yeni bir cığır açmışdır. Onun “Molla Nəsrəddin” də çap olunan şeirləri həmin vaxta qədər ədəbiyyatımızda rast gəlinməmiş janrlarda idi. Satira ustası ədəbiyyatımıza “taziyanə”, “qırmanc”, “satirik marş”, “bəhri-təvil”, “sual-cavab” kimi janrlar gətirmişdir. Ədəbiyyatımızda satira onun fəaliyyəti ilə özünün ən yüksək zirvəsinə çatmışdır.  Elə bir ədəbi məktəbin başlanğıcını qoymuşdur ki, bunu davam etdirmək istəyənlərin sayı gündən-günə artır.
 “Bu jurnalda M.Ə.Sabir 40-dan çox gizli imza ilə şeir dərc etdirmişdir. Ən çox işlətdiyi imzalar bunlar idi: “Hop-hop”, “Əbunəsr Şeybani”, “Güləyən”, “Cingöz bəy” və s.” 
O dövrdə tənqidçilər təqib olunduğuna görə onlar gizli imza ilə yazırdılar və imzalarını tez-tez dəyişmək məcburiyyətində qalırdılar. Buna görə də M.Ə.Sabir bir neçə gizli imza ilə yazıb. Onun imzalarının özünəməxsus mənaları vardır.
“Sabir hansı mətbuat orqanında iştirak edirsə-etsin, yenə də “Molla Nəsrəddin” şairi idi. O, “Molla Nəsrəddinin” qiymətli tapıntısı idi.” 
M.Ə.Sabir “Molla Nəsrəddin”ə qədər bir neçə - “Zənbur”, “Bəhlul”, “İrşad” kimi mətbuat orqanlarında fəaliyyət göstərsə də, ona daha çox şöhrət gətirən  “Molla Nəsrəddin” olmuşdur. Eyniadlı jurnalda fəaliyyəti dövründə nəinki Azərbaycanda, bütün Qafqazda və Yaxın Şərqdə tanınmışdır. Yaddaşlarda Molla Nəsrəddinçi kimi qalmışdır. Eyni zamanda “Molla Nəsrəddin”in onun tanınmasında rolu olduğu kimi şairimizin də jurnalın fəaliyyətində böyük rolu olmuşdur. O, jurnalın ən fəal üzvlərindən idi və jurnal üçün çox dəyərli idi. Sözün əsl mənasında müəllifin yazdığı kimi “Molla Nəsrəddin”in qiymətli tapıntısı idi.
C.Məmmədquluzadə yazır:
“Sabirin birinci şeiri idarəmizə həmin vaxt gəlib çatmışdı ki, yeddinci nömrəni paylayıb səkkizincini hazırlamaqdaydıq.
Belə məlum oldu ki, qiymətli şairimiz yeddinci nömrədə “Niyə mən dərsdən qaçdım” sərlövhəli məqaləni oxuyub, bu barədə uşağın atasına həmin kinayəli cavab yazır ki, biz onu səkkizinci nömrədə çap etmişik:
Ol gün ki, sənə xaliq edər lütf bir övlad,
Olsun ürəyin şad!..
 Bundan belə məlum olur ki, əziz yoldaşımızın məcmuəmizə gəlib çatan birinci əsəri həmin indi qeyd etdiyimiz mənzumədir...” 

Bəzi araşdırmaçıların fikrincə, M.Ə.Sabirin jurnalda dərc olunan ilk şeiri “Millət necə tarac olur,olsun...”dur, lakin digər araşdırmalar göstərir ki, bu şeir jurnalın 4-cü nömrəsində nəşr edilmişdir. Həmin vaxtlarda isə M.Ə.Sabir jurnalla əməkdaşlıq etmirdi.
C.Məmmədquluzadənin öz söylədiklərinə, əsasən, jurnalda M.Ə.Sabirin çap edilən ilk şeiri ,,Ol gün ki, sənə xaliq edər”dir demək olar. Belə olduğu halda ortaya bir sual çıxır. Bəs “Millət necə tarac olur,olsun...” kimə məxsusdur?! Bəzi araşdırmaçılar bunun C.Məmmədquluzadəyə aid olduğunu iddia edirlər. Məsələn, ədəbiyyatçı Qanturalı araşdırmalarının birində buna dəlil olaraq, C. Məmmədquluzadənin Ədəbiyyat muzeyinə bağışladığı “Molla Nəsrəddin” jurnalını göstərir ki, həmin jurnalda hər şeirin altında C.Məmmədquluzadə şeirin müəllifini yazmışdır, lakin sözü gedən şeirin altına isə öz adını yazmışdır. Bundan başqa, C.Məmmədquluzadə bildirir ki, bu şeir M.Ə.Sabirə məxsus ola bilməyəcək qədər zəifdir...
 Göründüyü kimi bu məsələ barədə fikir bildirmək çətindir və mübahisəli məsələ olaraq qalır.

“Sabir köhnə şeirlə yeni şeir arasında bir əsrlik qədər uçurum açdı ki, bir daha geri dönüb də, o uçurumu atlanmağa kimsədə cürət və cəsarət qalmadı...”
Məlumdur ki, satiranın əsasını Qasım bəy Zakir və Baba bəy Şakir qoymuşdur, lakin M.Ə.Sabirin qələmində satira fərqli bir üslub aldı. Tənqidçi ona qədər olan satira nümunələrinin üstündən bir növ xətt çəkdi. Satirik satiralarında hər şeyi çılpaqlığı ilə xalqa çatdırırdı,  Xalqı qəflət yuxusundan “Lay-lay, bala, lay-lay...”- deyərək oyadırdı. Heç kimin həmin vaxta qədər cürət edib tənqid hədəfinə çevirə bilmədiyi yüksək təbəqəni belə sərt tənqid edirdi. Xalqa rəhm etməyən, yalnız öz mənfəətini düşünən daş qəlbli insanları tənqid atəşinə tuturdu. Təhsildən uzaq düşmüş, cahilliyə qərq olmuş insanları ,,Oxutmuram, əl çəkin...”- deyərək elmə çağırırdı. Qız övladlarını, qadınları təhsil almağa səsləyirdi, hansı ki,  kimsə öz əsərlərində buna cürət etməmişdi. M.Ə.Sabirdən sonra daha bəzəkli şeirlər yazılmadı, çünki buna inanan, oxuyan kütlə qalmamışdı. Xalq artıq sözlərin gözəlliyinə aldanmırdı.

M.Ə.Sabir keçmişi təqlid etmir, yeniliyə, inqilabiliyə can atırdı. Şeir yazmaq xatirinə yox, sözünü demək üçün yazırdı.  Şairimiz şeirlərində bir çoxlarından fərqli olaraq, “mən” yox, “xalq” deyirdi. Xalqın adından danışıb onların acısını dindirirdi. Ustad şeirlərində bir növ üsyan edirdi. Tənqidçimiz deyilməyən və yaxud dilə gətirməyə cürət edilə bilməyən məsələləri ön plana çəkirdi. Hətta belə bir fikir bildirmək mümkündür ki, onun şeirləri şablon üslublarda yox, inqilabi-mübarizə üslubunda yazılmışdır. Həmçinin şair əvvəlki dövrlərə nisbətən fars dilindən çox az istifadə etmişdir, Azərbaycan türkcəsində yazmağa üstünlük vermişdir ki, xalq üçün daha anlaşıqlı olsun. Bu, həm də onu göstərir ki, şair öz dilinə,kökünə nə qədər bağlıdır.
Ordu silah, qol gücü vasitəsilə vuruşduğu halda, söz ustadımız sözün gücüylə meydana atılmışdır. Onun ən güclü silahı söz idi ki, bir söz min qılıncdan kəskindir. Bu, o sözlərdir ki, həmin sözlərlə şair xalqı mübarizəyə, cəhalətdən qurtulmağa səslədiyi zamanda düşmənlərə də söz yarası açırdı. Şairimiz bu sözlərini “Molla Nəsrəddin” vasitəsilə xalqa çatdırırdı. 

Belə bir nəticəyə gəlmək mümkündür ki, M.Ə.Sabir eyni zamanda həm “Molla Nəsrəddin” üçün, həm də xalq üçün  Molla Nəsrəddinçi olaraq, böyük xidmət göstərib.

Ədəbiyyat siyahısı

1.A. Şahverdiyev, “Azərbaycan mətbuat tarixi”, Bakı, Təhsil,2006, səh.33
2.C. Məmmədquluzadə “Sabir kitabxanasının on illiyi” Bakı, Azərnəşr,1929,səh.16
3. M.Ə.Sabir, Hophopnamə, Bakı, “Turan”  nəşrlər evi, 2002, səh. 207
4. M.Ə.Sabir, Hophopnamə, I cild, Bakı, Şərq-Qərb, 2004, səh.134
5. URL/ https://www.google.com/amp/s/www.azadliq.org/amp/28230447.html
6. URL/  http://www.anl.az/el/emb/M.E.Sabir/sitat.html

Niftullayeva Səkinəxanım,

Bakı  Slavyan  Universitetinin tələbəsi

Xəbər lenti