Hər qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur. (Hüseyn Cavid)
Söz ustadlarının iki dünyası olur. Biri yaşadıqları, digəri yaratdıqları dünya. Bu, sənət dünyası adlanar.
Onlar sadəcə yaşadıqlarını qələmə almaqla kifayətlənməzlər. Bu, onları daha da məhdudlaşdırar. Onlar cəmiyyəti ağuşuna alan problemlərin həlli yolunu, inkişafa sədd çəkən yazılmamış qanunları birmərrə hafizələrdən silib atmağı, yaşamaq istəyib də yaşaya bilmədiklərini(ya da yaşanması mümkün duyguların labüd olduğunu), həyatın daşlı-kəsəkli yollarını, nifrətdən doğan xəyanətin ruhu zəhərlədiyini sözün vasitəsiylə qələmə almışlar.
Təbiidir ki, əldə qələm tutan ustadların mürəkkəbi bir mənalı olaraq həqiqəti yazmalı, sonsuz kainatın bir parçası olan insana gerçəyi bütün çılpaqlığı ilə aşılamağı bacarmalıdır.
"Yazıçı qələmi gecə daha aydın yazar" demişdim. Yəni söz ustadları, qələm sahibləri içində yaşadığımız romanları, oxuduqca dolğunlaşdıgımız əsərləri, bəzən də taleyinə kədərləndiyimiz və ya sevincinə şərik olduğumuz obrazları gecənin ən səssiz zamanında yaradıblar: obrazlarla söhbətləşib onlara qələmiylə həyat veriblər. Bu yolla pərdələnmiş şəkildə həyatın iç üzünü oxucuya çatdırmaq məqsədini güdürlər.
Qələmin gücü çox şeyə - ruhsuz insanlara sevməyi öyrətməyə, kin və qəzəb dolu qaranlıq qəlbə yeni bir sevgi cığırı açmağa, öncə heyvanları, çiçəkləri sonra insanları sevməyi vərdiş halına çevirməyə, hətta KÜTləni mənəvi oyatmağa belə qadirdi.
Buna görə də ötən əsrin söz ustadları xalqı cəhalət quyusundan xilas etməyin yeganə yolunu qələmin gücündə görmüşlər.
Dahi mütəfəkkir, yazıçı-publisist Mirzə Cəlil Məmmədquluzadənin müdrik bir ifadəsini, tövsiyəsini yada salmaq yerinə düşər: “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir... Bu ola gərək hər bir qələm sahibinin amalı"...
İstər nəzmlə, istərsə də nəsrlə qələmə alınmış hər əsər insanın ruhuna toxunmalı, ona təsir etməlidir. Amma mütləq yazıçı həqiqəti yazmalıdır. Söz ustadlarının da elə başlıca qayəsi bundan ibarətdir.
Həqiqət çılpaqdır, bəzəksizdir buna görə də qəbuledilməz və ya çirkin görünə bilər, lakin həqiqət nə qədər çirkin olsa da bəzəkli yalanlardan daha gerçəkdir. Həqiqətin heç bir bəzəyə ehtiyacı yoxdur. Əbəs yerə deyilməyib ki, ən acı həqiqət ən şirin yalandan yaxşıdır.
Bu fikirdə doğrudur ki, hər hansı dövrə səyahət etmək arzusuna düşsək, o dövrdə yaşayıb yaratmış ədiblərin yaratdıqları əsərlərlə yaxından tanış olmaq lazımdır.
Orta dövrün böyük sufi şairi, ədəbi məktəb yaratmış Məhəmməd Füzulinin yaradıcılığı və bizə qoyub getdiyi bədii irsi dövrü tam dolğunluğu ilə əks etdirməyə kifayətdir. Onun “Şikayətnamə"(və ya Nişançıpaşaya məktub) əsərində öz əksini tapmış fikir yaşadıgı dövrü bütün çılpaqlığı ilə əks etdirən, zamana açıq gözlə baxan şairin haqsızlığa qarşı qaldırdığı haqq səsinin simvoludur. Əsər həm də orta əsrlər dövrünün problemlərini özündə əks etdirir. Belə ki, yazıçı öz yaşadıqlarından çıxış edərək qələmə aldığı bu əsərdə bir növ öz tərcümeyi-halını qələmə almışdır:
Salam verdim - rüşvət degildir deyü almadılar.
Hökm göstərdim - faidəsizdir deyü mültəfit olmadılar.
Bu misrada da göründüyü kimi Sultan Qanuni Süleymanın şairə təyin etdiyi aylıq doqquz axça məvacibi öz mənfəətini güdən paşalar mənimsəməkdədir. Əsərin yazılma tarixindən bizi 6-7 əsr ayırsa belə dövrün bəlaları oxşar, hətta eynilik təşkil edir.
Orta dövr poeziya ədəbiyyatımızda lirikaya daha çox üstünlük verildiyini dövrün lirik şairlərinin yaradıcı irsində daha aydın görmək olar. Lirizmin həzin sədası orta dövrləri əhatə etmiş və yeni dövrə də təsirsiz ötüşməmişdir. Məhəbbət şairi olan Füzuli elə bir tilsim idi ki, uzun illər öz sehrini qorumuşdur, onun qəzəllərinə nəzirələr yazılmışdır. Şairliyini sübut etmək istəyən söz ustadları Füzuli ədəbi məktəbini layiqincə bitirmiş, onun yaradıcılığından gen-bol bəhrələnmişlər.
XVII əsrdə hələ Füzuli tilsiminin qırılması tam baş tutmasa belə, artıq inkişafa meyilli poeziyamızda məzmun və ideya cəhətdən yeniliyə ehtiyac var idi. Hələ bu dövrdə füzuliyanə yazmağı özünə fəxr bilənlər sayca az olsa realizm öz təsirini müasirlərin əsərlərində göstərirdi. Bu dövrdə artıq realizm söz ustadlarının əsərlərini işıqlandırdı. Molla Pənah Vaqiflə əsası qoyulmuş realizm ədəbi məktəbi poeziyamıza işıq saçdı və bununla zülmət qaranlıq yoxa çıxdı. Qəzəl janrı da öz yerini qoşma, gəraylı və müxəmməsə verdi. Qoşma janrı şifahi xalq ədəbiyyatının məhsulu olsa da, bu dövrdə yazılı ədəbiyyatımızda ön plana keçdi. Ədəbiyyatımızda yeni bir dövr başlandı. Realizm dövrü. Artıq real eşq və real gözəllik tərənnüm olunur, şairlər gözlə görünəni sözlə ifadə edirdilər. Dövrün bəlaları, haqsızlığa qarşı mübarizə, tənqid söz ustadlarının başlıca mövzusuna çevrilmişdi. Hətta, nəzərə alsaq ki, ötən əsrlər tənqid olunacaq mövzularla bol idi. Cahalətin, nadanlığın hökm sürdüyü dövr artıq bitməli və Azərbaycan da inkişaf etmiş ölkələr sırasında öz yerini tapmalıdır.
Dünya günü-gündən dəyişir və inkişaf edir. Yeni icadlar olunur, xariqüladələr yaranırdı. Əsrin tələb etdiyi təkamülün qarşısında zülmətdə boğulub qalmağı maarifçi ziyalılarımız qəbul etmirdi və yatmış xalqın qulağına laylay çalıb qəflət yuxusuna qərq edən ruhanilərə qarşı, elmsizlik və nadanlığa qarşı mübarizə aparmağı borc bilirdilər. Ziyalılar çox dedilər, avam xalqımız az eşitdi, göstərdilər cəhalət gözlərini kor etdiyi üçün bu səfər də görmədilər. Çarə qaldı yazmağa və əlbəttə, qələmin qüdrətinə. Yalnız qələmin işığı yatmış xalqı oyada bilərdi. Bu məqsədlə ziyalılarımız xalqı ayıltmaq yolunda birləşdilər. Öncə istər mətbuatımıza, istərsə də ədəbiyyatımıza bitib tükənməz bir xəzinə qoyub gedən Mirzə Fətəli Axundovun 1873-cü ildə “Lənkəran xanının vəziri" və “Hacı Qara" komediyaları səhnəyə qoyuldu, bununla da teatrımızın təməli atıldı. İki il 1875-ci ilin 22 mart, sonra Azərbaycan xalqının qaranlıq dünyasına günəş kimi doğan “Əkinçi" qəzetinin nəşr olunması ilə mətbuatımızın əsası qoyuldu.
“Zamanə sənə saz olmasa, sən zəmanəyə saz olginən" (Həsən bəy Zərdabi). Mətbuatımızın banisi olan Həsən bəy Zərdabi, həqiqətən, zəmanəyə bir ayna tutdu, gerçəyi ustalıqla elə qələmə aldı ki, xalqı qəflətdə saxlamağı arzulayan senzuranı belə yanıltdı. Qəzet 4 şöbədən - Daxiliyyə, əkin, ziraət xəbərləri, elmi xəbərlər və tazə xəbərlər ibarət idi.
Əkinçi ətrafında birləşən ziyalılarımızın qələmi yalnız həqiqəti yazırdı, elə yazırdı ki, ucqar bir kənddə yaşayan əkinçi baba belə çox asanlıqla anlaya bilirdi. Qəzet məqsədi hakimiyyətə həsr olunmuş bəzək-düzəkli mədhiyyələrdən uzaq idi. Onun bir amalı var idi, o da xalqı oyatmaq. İnsanların acınacaqlı taleyi yalnız qəlbində vətən sevgisi kök salanları narahat edər, heç şübhəsiz, dövrün ziyalılarının da qəlbində olan vətən, yurd eşqi onları yazmağa, xalqı bu bataqlıqdan xilas etməyə vadar edirdi.
Burda bir az da psixologiyanın rolu var deyə bilərik. Hər bir insanın öz psixologiyası olduğu kimi hər bir xalqın da özünə görə psixologiyası, hadisələrə müxtəlif yanaşma tərzi var.
İnsanlara bəzən gerçəyi ən sərt şəkildə çatdırmaqla onu doğru yola yönəltmək lazım gəlir. Bəzən yazıçı oxucunun cildinə girərək, kənardan ona bir ayna tutur və sanki oxucunun özünü görməyini istəyir.
"Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxınız camalınıza"
("Sizi deyib gəlmişəm" 7 aprel 1906. Molla Nəsrəddin) Mirzə Cəlil qələmi xalqın önünə ayna tutdu, o yalnız dövrün bəlalarını deyil, indiki dövrümüzü də sehrli qələmiylə təsvir edirdi. Məgər, günümüzdə qadının təhqir olunaraq əzilməsi, vəhşicəsinə övladlarının önündə qətlə yetirilməsi və ya zorla erkən yaşda qızları ailə qurmağa təhrik edilməsi, onları təhsildən yayındırılması yoxdurmu? Bəs nədən qaynaqlanır ailələrin dağılma halları, ailə universitetinin məhvi? Hamısı sevgisizlikdən və məcburi qurulan ailədən. Məgər, biz öz mənfəəti uğruna xalqını satan xainlər, haqqı əzib keçənlərlə, yalandan üzə gülüb quyu qazanlarla bir cəmiyyətdə yaşamırıqmı? Zənnimcə, yazıçı qələmi dövründən asılı olmayaraq hər zaman gərəyimizdir. Günümüzdə Mirzə Cəlil qələmi nə dərəcədə aktual olduğu göz önündədir. Deməli, biz hələ də yetəri qədər inkişaf etməmişik. Əsrlərin sınağından çıxmış ədəbiyyatımızın öləziməkdə olması isə qəbulolunmaz bir həqiqətdir. Bütün bunlar cahillikdən irəli gəlmirmi? Bəli, hər bir problemin kökündə nadanlıq yatır və nə qədər ki, cahil kəslər var xalqın inkişafını ləngidəcək...
Şəms Hüseynli,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi