Kulis.az Zamin Hacının "Rabitə itəndə" adlı yeni yazısını təqdim edir.
“Oynaq topum, düşdü yola,
Döndü sağa, döndü sola.
Uzaqlaşma məndən, topum,
Qaçma, dayan, səni tutum”.
Mirmehdi Seyidzadə, “Oynaq topum” şeirindən
Öncədən özümü sığortalamaq üçün qeyd edim ki, stereotipləri bəyənmirəm, “azərbaycanlılar pxıdır, qalan millətlər isə 90 dərəcədə qaynadılmış, “Ramiz” poroşokundan keçirilmiş döşəkağıdır” tipli yazılardan zəhləm gedir, bu yazımda da tənqidlər bəzi adamlara, bəzi məmurlara aiddir.
Bizim çatışmayan cəhətimiz nədir? Son günlər bu temada çox düşünürəm və sualın cavabı top şəklində gəldi. Adi futbol topu. Hər yerdə 4-5 manata satılan, lakin “Avtovağzal”dakı ticarət mərkəzində satıcı qadının mənə 15 manata sırıdığı, cəmi iki gün yaşamış topdan söhbət gedir. (Yeri gəlmişkən, o əlavə ödədiyim 10 manatı halal eləmirəm, heç xeyir işlərə yox, kitab-dəftərə xərclənsin, ilahi, amin).
Uşaq topu oynadırdı, top getdi düşdü qonşunun həyətinə. Axşam tərəfi olduğundan ardıyca getmədik. Atalar deyibdir, gecənin topundan səhərin şaybası yaxşıdır. O qədər adam tanıyıram, gecə top dalıyca gedib, qayıtmayıb, anaları ağlar, nişanlıları gözüyaşlı, gərdəkləri başlı-başına qalıbdır.
Xülasə, səhər açıldı, qonşudan topu istədik. Sən demə götürüb atıb o biri qonşunun həyətinə. Sizcə o biri qonşu nə edib? Bəli, o da atıb o biri qonşuya. Anekdot yazmıram, olmuş hadisədir. Hətta mən uşağa zarafat üçün belə riyazi tapşırıq verdim: “Yerin dairəvi olmasını bilirsən, topumuzun həyətimizə qayıtması üçün neçə zaman keçməlidir?”.
Ancaq biz topun dünya səyahətinə imkan vermədik, hardasa 4-cü qonşuda ələ keçirib qaytardıq. Bu zaman mənim ağlıma gəldi ki, azərbaycanlılar arasında ən böyük problem kommunikasiya, rabitə, əlaqə yaratmaq, ünsiyyət qurmaqdır. Çünki topu götürüb hasarın o tayına atanların birinin də ağlına gəlməmişdi ki, qonşudan soruşsun:
“Bu top sizindirmi?”
Ünsiyyət, rabitə üçün iki tərəf olmalıdır. İnformasiyanı verən, informasiyanı qəbul edən. Bizdə bunun iki başı da problemlidir. Düzgün cümlə quran jurnalist yazısı oxuyanda, ana dilində danışan aparıcını eşidəndə heyrətə gəlirik, sevindiyimizdən dombalaq aşırıq. Eyni zamanda, küçə sorğuları keçirən həmkarlarım yaxşı bilirlər: adam balası kimi danışan, suallara adekvat cavab verən respondent, müsahib tapmaq nə qədər çətindir. Nəinki küçə, belələri elm ocaqlarında, universitetlərdə, mədəniyyət qurumlarında da barmaqla sayılan qədərdir. Ona görə müsahibə janrı əbədiyyətə qovuşmaq üzrədir. Nə qədər eyni adamları danışdırmaq olar? Başqaları danışmırlar. Lal olublar. Oxumayanda sözləri, danışmayanda səsləri unudursan. Bəzən metroda, avtobusda, küçədə, nə bilim, tik-tokda qırıq səslər çıxaran, hoqquldaşan, mıkkıldaşan heyvərələrə rastlaşırıq. Onlar kommunikasiya qırılması epoxamızın balalarıdır. Onları qınamayın, şəfqətlə yanaşın. Onlara lüğət bağışlayın, BDU filologiya fakültəsinə qəbul olunmalarına yardım edin.
Hava limanından xaricə adam yola salırdım. Adam getdi xaricə çatdı, ordan zəng vurdu, mən isə hələ Bakıya qayıda bilməmişdim. Beynəlxalq aeroportumuzdan bu boyda paytaxta yalnız hər 1 saatdan bir hansısa avtobus işləyir. Məcbursan mütləq taksi sifariş edəsən. Taksi hava limanını tərk edəndə uzun bir növbəyə girir. Burada sürücülər maşını elə yolun ortasında saxlayırlar, düşüb gedirlər, səkidəki “avtomatlara” əraziyə giriş haqqını ödəyib qayıdırlar. O qədər gülməli, karikatura sistemdir ki, sözlə ifadə edə bilmirəm.
“Sədərək” ticarət mərkəzinin girişindəki pulyığma sistemi bizim beynəlxalq hava limanına girişdəki “sistem”dən min dəfə ağıllı görünür. Hələ terminala girişdə “xalturşik”lərin qarşısını kəsməyə çalışan polis nəfərlərinin Matrosovvari qəhrəmanlıq səhnələri...
Ümumiyyətlə, bu limanın köhnə limandan fərqi nə imiş, heç nə anlamadım. Liman var, kommunikasiya yoxdur. Bu da belə qəribə şəraitdir.
İndi dəb düşüb, hamı akademikləri söyür. Reportaj hazırlayırlar. Deyirlər bunlar qocalıb, cavanlara yer vermir, eşşək boyda bina boş qalıb, iş vaxtı heç kim burda olmur və sairə. Ancaq el məsəli var axı: “Ağıllınız kimdir, qabaqda gedən zəncirli”.
Alimlərimiz də bizim özümüzə oxşamalıdır. Ola bilməz ki, qanqal əkəsən, pion çıxa. Toyuq yumurtasını qartalın altına qoymaq, bəlkə də, olar (eksperiment kimi zooloqlarımıza təklif edirəm), ancaq ordan axırda toyuq çıxacaq, uzağı özünü qayadan atıb qəhrəmancasına həlak olacaq, necə deyərlər, cücələrin “Valhalla”sına qovuşacaqdır.
Məndən olsa, Akademiyanın binasında şadlıq sarayı, ya da ərəb turistlər üçün gecə barı, diskoteka açmaq məsləhətdir. Ağıllı konsept budur. Büdcəyə pul gəlsin.
Hərçənd, adamın üstündə Allah var, AMEA-nın yararsızlığı, elm aləmində xədimliyimiz məncə çox şişirdilib. Orda müəyyən, yuxarıda yazdığım kimi, bəzi alimlər var, hamısı avara deyil. Yox, mələyin uçma sürətini, dolmanın milli xörəyimiz olmasını isbat edən dəyərli alimləri nəzərdə tutmuram, onlar artıq şiti çıxmış mövzulardır.
Üstəlik, mələyin uçma sürətini tapan fizik alimimiz mən eşitdiyimə görə, Allahın rəhmətinə qovuşubdur, bəlkə, bu dəqiqə o biri dünyada mələkləri öz gözüylə müşahidə edir. Yəni ölünün arxasıyca ya heç danışma, ya da yaxşı danış. (Bunun “ya da ancaq düzünü danış” variantı da var, lakin bizim ərazidə işləmir, mən də yazmıram).
Bəs alimlərimiz hansı işlər görür? Akademiyanın saytından ən son elmi xəbərlərlə tanış olaq. Birincisi, Bakıdakı Xaqani bağına (keçmiş Molokan bağı) elmi ekspedisiya təşkil olunmuş, orada ağaclar, kollar öyrənilmişdir. Sitat: “İnsan həyatında, onun sağlam böyüməsində yaşıllıqların əhəmiyyəti olduqca böyükdür”. Böyük kəşfdir, həqiqətən. İkincisi, Yüksək Texnologiyalar Parkına yeni dükan qəbul edilibdir, orada izləmə kameraları quraşdırıb satırlar. Bunun üçün də ağıl, bacarıq lazımdır. Elə quraşdırarlar, heç zad görməzsən.
Gör top bizi hara gətirdi çıxardı. Ümid edirəm bu yazıda oxucularla kommunikasiya qura bildik.