Logo

Məşhur tərcüməçinin qızı: “Ölüm ayağında olduğu üçün ayrıldığımı ona bildirmədim” – Müsahibə

05.09.2022 22:45 520 baxış
IMG

Kulis.az “Atamın xatirəsi” layihəsindən tanınmış tərcüməçi Tehran Vəliyevin qızı Günay Tehranqızı ilə müsahibəni təqdim edir.

– Bura gələndə atanızla bağlı xatırladığınız ilk xatirə hansı oldu?

– Universitetə hazırlaşdığım vaxtlar idi. Çox həyəcanlıydım, həddindən artıq həyəcanlı. Bizim təhsillə bağlı işlərimizdə yalnız və yalnız atam iştirak edirdi. İstər valideynlər iclası olsun, istərsə də, harasa imtahan vermək. Həmişə atam bizim yanımızda olurdu. Hə, imtahan vaxtı, səhər oyanmışdım, çox həyəcanlıydım və hər şeyə ərköyünlük eləyirdim. Atam da hiss edirdi ki, bu, əslində, başqa bir şeydir, bu mən deyiləm. Bildi ki, bunların hamısı həyəcanımdan doğan bir şeydi. Və atam qəfil mənə şillə çəkdi (gülür). Təsəvvür eləyin, o şillənin şappıltısına anam yüyürə-yüyürə gəldi ki, ay Tehran, neylədin sən, görmürsən, onsuz da, həyəcanlıdır, imtahana gedəcək. Niyə qızı daha da stressə saldın? Atam dedi, narahat olma, sakitləşib gedəcək. Həqiqətən də, elə oldu. Ağlayandan sonra içimdəki stress çıxıb getdi.

– Ümumiyyətlə, əl qaldıran idi?

– Yox, yox. Əslində, atam əl qaldıran insan deyildi. Onun ailə üzvlərindən kimisə vurduğunu görməmişdim. Mənə sadəcə o şilləni ayıltmaq üçün atmışdı. Anam da hətta onun vurduğuna təəccüblənmişdi. İndinin özündə belə, harasa gedəndə, həyəcanlı olanda atamın vurduğu şilləni xatırlayıram.

– Neçə uşaq idiniz?

– Üç. İki bacı, bir qardaş. Ən böyüyü mənəm.

– Atanızın evlilik tarixçəsi necə olub?

– Atam 1983-cü ildə evlənib. Əslində, atam ailə qurmaq istəmirmiş. Deyirmiş, mən heç vaxt ailə qurmayacam. İstəyirmiş ki, bir köşəsi, bir də kitabları olsun, vəssalam.

– Niyə elə düşünürdü?

– Ali təhsil almışdı, savadlı, oxuyan biri idi. Bəlkə də, ona çox da maraqlı deyildi ailə həyatı qurmaq. Ancaq atamın anası, atası istəyirlərmiş ki, atam ailə qursun. Hətta nənəm surətpərəst imiş, istəyirmiş ki, övladlarının ailə quracağı şəxs gözəl olsun. Ən əsas da, atamın ailə qurduğu xanım gözəl olmalı imiş. Nənəm bəyəndiyi bir neçə qızı da atama göstərib, amma atam bəyənməyib. Anamla bibim rəfiqəydilər. Anam Cəbrayıl rayonunda kitabxanada, bibim isə dərzidə işləyirmiş. Orda yol yoldaşı olublar. Bu şəkildə bir-birinə yaxınlaşıblar, dostlaşıblar. Günün birində bibim atama bu qızdan danışıb. Atam da deyib, yaxşı, eybi yoxdur, ona da baxarıq. Nənəmgil bir gün deyiblər ki, onu bir bəhanə ilə evə gətir görək, necə qızdır. Bibim anamı aldadıb ki, toy məclisi var, gəl bir yerdə gedək. Anamı gətirib evə, anam görüb, burda nə gələn var, nə gedən, heç bir məclisdən söhbət gedə bilməz. Guya ki, atam da həmin vaxt Bakıdan durub gəlibmiş. Əslində isə, çoxdan rayonda idi. Atama göstəriblər fikrini öyrənmək üçün, o da deyib ki, nə bilim, öz qızlarımıza oxşayır. Öz qızlarımız deyəndə bacılarını nəzərdə tuturmuş, onlar kimi ağbəniz qız imiş anam. Bibim də deyib ki, deyəsən, bu qızı bəyəndi. Sonra da tanış olublar.

– Ananızın adı necədir?

– Ceyrandı adı. Atam bu haqda danışmağı sevməzdi. Necə ailə qurdu, necə tanış oldu? Romantika nədi? Biz bu cür suallar verəndə deyirdi ki, sarsaq söhbətlərinizi özünüzə saxlayın.

– Gec evlənib o zaman...

– Hə, ailə qurmaq onun üçün çətin idi. 30 yaşında evləndi. Anamın ailəsi imkanlı olublar. Atamgil isə müəllim ailəsi idi. İmran Vəliyev, atamın atası, yəni babam heç vaxt atamın jurnalist, yaxud tərcüməçi olmasını istəmirmiş. Niyəsə sevmirdi bu ixtisasları, deyirdi, ondansa işıqçıdan, texnikdən ol, yaxşı qazan. Atam deyirdi ki, o vaxtlar ingilis dilini güc-bəla öyrənib. Kimya-biologiya kitablarının üz qabığını çıxarıb ingilis dili dərsliyini ora salırmış. Babam gəlib görəndə elə bilirmiş, atam kimya, biologiya oxuyur. Atam bu şəkildə ingilis dilini öyrənirdi. Günlərin birində də babamı aparır universitetə, göstərir ki, bax mən bu boyda universitetdə ya jurnalistika, ya da tərcüməçi oxuyacam. Ondan sonra babam ondan əl çəkibmiş. Arada atamın tələbə dostları ilə rastlaşıram. Soruşuram ki, necə tələbə idi atam. Deyirlər, çox dəliqanlı. Sən demə, müəllimlərlə Azərbaycan dili üstündə mübahisələr eləyərmiş.

– Günay xanım, Tehran müəllim ata kimi necə biri idi?

– Elə gözəl ata idi ki o... Elə qayğıkeş... Sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Bizə çox bağlı idi. Çox. Ən əsas da mənə çox bağlıydı. Bizim bir-birimizə çox qəribə şəkildə bağlılığımız var idi. Ruhi bağlılıq – sanki o da məni, mən də onu çox yaxşı şəkildə duya bilirdik. Həm də atam qapalı biri idi. İşdən gələrdi və öz problemi haqqında heç vaxt heç nə danışmazdı. Gələrdi sakitcə evə, yeməyini yeyib çayını içər, sonra da tərcümələrini eləyərdi. Mənə həssaslığı bir başqa idi. Narahat idi məndən. Sonradan bu narahatlığı da öz təsdiqini tapdı.

– Necə ki?

– Mənim ailə qurmağımı istəmirdi. Deyirdi ki, həmişə yanımda olsun. Bir neçə dəfə mənə görə bizə elçi gəldi. İlk dəfə elçi gələndə 16 yaşım var idi, atam hirslənmişdi ki, bu qapıya kimsə gəlməsin, o qız oxuyacaq, təhsil alacaq, mən onu ərə verməyəcəm. Bir sözlə, narahat idi. Elə, həqiqətən də, elə oldu. Ailəm uğursuz oldu. Və son anına, son nəfəsinə qədər atamın yanında oldum. Atamın xəstəliyi başlayan vaxtlar mənim ailəmdə də problemlər yaranmışdı. Yoldaşımdan ayrıldım, gəldim atamgilə. Atamın xəstəliyi bəlli oldu, mən atama ayrıldığımı bildirmədim. Xəstə olduğu üçün yanına gəldiyini dedim. Həm də təzəcə uşağım olmuşdu, körpəm dünyaya gəlmişdi. Həmin anlar mənim üçün çox çətin idi. Təsəvvür eləyin, həm təzə ana olmusunuz, həm ailəniz dağılıb, həm də atanız xəstədir.

– Atanız evdə xüsusi bir nəzarəti var idimi? Sizin ərə getməyinizə qarşı olduğunu dediniz.

– Yox, yox, qətiyyən. Elə bir qadağası yox idi atamın, bunu geyin, onu geyinmə, ora getmə, bura get və s. Atamın bircə qadağası mənə oldu. Mən magistraturanı Türkiyədə qazandım. Atama dedim ki, heç olmasa, buna icazə ver, gedim oxuyum. İcazə vermədi, dedi, mən səni gözümdən qırağa qoya bilmərəm.

– Küsmürdünüz atanızdan? Bu xasiyyətinə görə...

– Başa düşürdüm ki, o nəyisə hiss edib mənə deyir. Çünki biz atamızın hansısa sözünün nə vaxtsa səhv çıxdığını görməmişdik. Hökmlə demirdi, sadəcə hiss edib deyirdi və dediyi olurdu.

 Atanızın dostları kim idi?

– Mən evə gələnləri görməmişəm. Çünki çox balaca idim, körpə idim. Amma bildiyim qədəri ilə, evimizə Ramiz Rövşənin qardaşı Yaşar, sonra Əlövsət Ağalarov gəlirmiş. Mən son anına qədər atamın yanında Əlövsət Ağalarovu gördüm. Ən yaxın dostu da elə o idi. Əvvəllər bizim evin həyətində ərik ağacı var idi. Anam danışırdı ki, o vaxtları atamın dostları, yazıçılar, şairlər həmişə bu ağacın altında oturub yeyib-içərlərmiş. Məmməd Arazın və başqa digər şairlərin mənim 1 yaşıma yazdıqları bir zərf də var bizdə. “Səni təbrik edirik” yazılan zərf və bir də sırğa.

 Yaradıcı adamlarla yola getmək çətin olur. Ananız bu barədə çətinlik yaşamırdı?

– Atam çox mülayim adam idi. Məncə, onunla çox rahat yola getmək olurdu. Anama heç bir qadağası yox idi. Hətta anam onu ərköyün eləmişdi. Ərköyünlüyü də nədən ibarət idi? Qaz yanır tutaq ki, üstündə çaydan qaynayır, yanında dayanıb, amma söndürmür (gülür). Üçümüzü də çağırırdı – anamı, məni, bacımı. Deyirdi, gəlin, o qazı söndürün. Deyirdik ki, nə var burda, burub söndürürsən. Deyirdi, o sizin işinizdi, mən niyə bu işi görməliyəm ki? Onu da bu cür anam eləmişdi. Anam ona nəsə eləməyə qoymurdu. Ona görə də atam heç vaxt özünə bir stəkan çay da süzməmişdi. Yəni düşünmürdü ki, bunu mütləq qadın eləməlidir. Sadəcə anam onu bu cür eləmişdi. Əgər anam evdə olmasaydı, o adam ac qala bilərdi. Hətta bir dəfə biz, yəni qızları yanında ola-ola anam içəri girəndə ondan çay istədi. Anam da dedi ki, qızların yanındadır da, onlardan niyə istəmirsən. Deyirdi, yox, mən istəyirəm, sən süzəsən, onlar mənə çay süzən deyil (gülür).

– Atanızı işləyərkən izləmişdiniz?

– Bəli. Çox qapanırdı özünə. Heç nəyi görmürdü. Otağına yaxınlaşmaq olmurdu. İçəri tüstü basırdı. Çox siqaret çəkirdi. Siqaret çəkə-çəkə tərcümələrini eləyirdi. Biz ona bunu irad tuturduq ki, çox siqaret çəkmək, üstəlik qapını bağlayıb içəridə oturmaq səni öldürəcək. Elə də oldu. Ağciyər xəstəliyinə tutuldu.

– Nə vaxt üzə çıxdı o xəstəlik?

– 2014-cü ildə. 61 yaşı vardı.

– Nə qədər çəkdi?

– 5-6 ay yaşadı. Qəfil tutdu ağrıları. Biz onda elə bilirdik ki, infarkt keçirib. Bizə, qızlarına, oğluna heç nə demədi, dedik, gedək yoxlatdıraq, razı olmadı. Axırda anamın sözü ilə xəstəxanaya getdi. Ürəyi təmiz çıxdı, ancaq ciyərləri...

– Deyəsən, səsi də batmışdı atanızın...

– Bəli, səsi tutulmuşdu.

– Səsini dəyişdiyi günlər atanızı necə xatırlayırsınız? Bu sizə necə təsir etmişdi? İllərdir öyrəşdiyiniz səs, qəfildən dəyişir...

– Atamın səsini eşidən kimi bilirdin ki, bu ziyalı səsidir. Səsi batanda, təbii, çox heyfsiləndik. Səsi batanda bilirdik ki, öləcək. Özü də bilirdi bunu. Həmin vaxt qardaşımın evi təmir olunurdu. Atam dedi ki, ustaların pulunu da verin, heç kimə borcumuz qalmasın, onsuz da, beşcə ay ömrüm qalıb. Biz onda ona əsəbiləşmişdik ki, niyə pessimist danışırsan, nikbin ol, hər şey yaxşı ola bilər. Hətta dedik, səni başqa ölkədə müalicə edək. Qardaşım tikilən evini satmaq istədi. Heç birinə razı olmadı. Dedi ki, hamısı boşa gedəcək.

– Müğənni Röyanın səsini də sevmirmiş... Şərif Ağayarın onun haqqında yazısında var idi.

– Elədi. Deyirdi ki, xəstə adamın səsinə oxşayır. Ona görə Röyanı dinləmirdi. Atam qatı futbol azarkeşi idi. Son gününə qədər futbola baxdı.

– Son gününü necə xatırlayırsınız?

– Elə son gün də futbola baxırdı. Sonra çönüb mənə dedi ki, bir azdan “O ses Türkiye”də Elnur oxuyacaq. Atam kanalı dəyişmişdi ki... Qəfil ayağa durdu... Ağzından qan gəldi... Mən əl-ayağa düşdüm... Atamın xəstəliyi başlayandan ta sona qədər yanında olmuşam. Gecələr belə yuxusuz qalmışam. Təbii ki, qohum-əqrəba, bacı-qardaşlar da gəlirdi. Anam da, o biri uşaqları da yanında idik. Bizim nəsildə belə bir inanc var. Tutaq ki, mən iyun ayının 31-də anadan olmuşamsa, mənim hər hansı qohumum iyunun 31-də dünyasını dəyişə bilər. Fevral ayın 18-i mənə dedi ki, əgər mən bu günü ötürsəm, yaza çıxsam, sağ qalacam. Ölüm günü insan bir başqalaşır axı. Həm də sanki gözəlləşir. Atamı həmin gün çox gözəl gördüm və ona dedim ki, ata, necə gözəlləşmisən, deyəsən, sağalırsan. Mənə bircə bunu dedi: “Atan ölür”. Özü də həmin gün doğum günü idi. Doğum gününü də qeyd etmişdik. Əslində, atam fevralın 10-da dünyaya gəlib, sadəcə pasportunda o cür yazdırıblar. Atam öz ölüm gününü cibində gəzdirirmiş. Hə... o gün, gecə atam ayağa qalxdı, ağzından qan gəldi. Mən həmin zaman ona bunu soruşmuşammış: “Həmişə sənin ağzından qan gəlirdi?” Bilmirəm, o an niyə bu sualı vermişəm. Atam isə dedi ki, ananı çağır. Həmin gün atam anama demişdi ki, get sən dincəl bu gün, narahat olma, hər şey yaxşıdır. Heç bir saat keçmədi. Atam canını tapşırdı. Son sözü də elə oldu: “Ceyranı çağır!”.

Məşhur tərcüməçinin qızı:  “Ölüm ayağında olduğu üçün ayrıldığımı ona bildirmədim” – Müsahibə Məşhur tərcüməçinin qızı:  “Ölüm ayağında olduğu üçün ayrıldığımı ona bildirmədim” – Müsahibə Məşhur tərcüməçinin qızı:  “Ölüm ayağında olduğu üçün ayrıldığımı ona bildirmədim” – Müsahibə Məşhur tərcüməçinin qızı:  “Ölüm ayağında olduğu üçün ayrıldığımı ona bildirmədim” – Müsahibə Məşhur tərcüməçinin qızı:  “Ölüm ayağında olduğu üçün ayrıldığımı ona bildirmədim” – Müsahibə Məşhur tərcüməçinin qızı:  “Ölüm ayağında olduğu üçün ayrıldığımı ona bildirmədim” – Müsahibə

Xəbər lenti